Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-57/2023 30.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 30 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat məbləğində borcun və 42 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1242 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdeh onun qardaşının oğludur. O, ev təmiri işi ilə məşğul olur. 2022-ci ilin iyul ayının əvvəllərində cavabdeh ondan evini təmir etməsini xahiş etmiş, o, cavabdehə məxsus fərdi yaşayış evində döşəmənin, hamam-tualetin və mətbəxdə söküntü işlərinə görə 260 manat, qapını söküb yerini dəyişməyə görə 30 manat, tavana alçıpan vurmaq üçün 180 manat, tavana paduqa vurmaq üçün 90 manat, divarların rənglənməsi işi üçün cəmi 1000 manat, mətbəxin tavanının sökülməsi üçün 40 manat, hamam-tualetin tavanını söküb, lambrin vurmaq üçün 17 manat, isti döşəmə üçün hamam-tualet alt beton işi, habelə 28 kv.m üst beton işi cəmi 218 manat, evin bütün qaz xəttinin sökülərək yenidən çəkilməsi üçün 100 manat, evin bütün elektrik xəttinin çəkilməsi üçün 400 manat, hamam-tualet və mətbəxin santexnik işləri üçün 400 manat, evin istilik sisteminin quraşdırılması üçün 500 manat, çöl qapının düzəlməsi üçün 20 manat olmaqla, cəmi 3386 manat dəyərində iş görmüş, qalan işlərin davamını isə pul verilmədiyindən dayandırmışdır. Belə ki, sadaladığı işləri qardaşının oğlu olduğu üçün cavabdehə ən az 40-50 faiz aşağı görmüşdür. Cavabdeh izahatında əmlaklarının bir hissəsini onun oğurladığını bildirməklə ona böhtan atır. Belə ki, o cavabdehə məxsus evdə işləyərkən alınmış materialları təmir üçün istifadə etmişdir. Cavabdeh onun zəhmət haqqından bir hissəsini, yəni 2180 manat ödəmiş, qalan 1200 manatı isə ödəməkdən yayınır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək göstərdi ki, iddiaçı onun əmisidir. 2022-ci ilin iyul ayının əvvəllərində iddiaçı ilə görüşərək mənzilini təmir etdirmək istədiyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən iddiaçı ona məxsus mənzildə təmir-tikinti işləri görmüşdür. İddiaçıya gördüyü işlərə görə zəhmət haqqı olaraq ödənilməli olan pulun bir hissəsini ödəmiş, qalan məbləği isə təmir-bərpa işləri tamamlanmadığından ödəməmişdir. İddiaçı ona məxsus mənzildə gördüyü təmir işlərini hər yerdə yarımçıq saxlamış, təmir üçün aldığı materialları yararsız hala salmışdır. Bundan əlavə iddiaçı ona məxsus mənzildə işləyərkən təmir üçün aldığı materialları oğurlayaraq aparmışdır. İddiaçı ona məxsus mənzildə gördüyü işləri tamamlamadığından məcbur qalaraq başqa usta çağırmışdır. İddiaçı tərəfindən qüsurlu iş görüldüyünə görə əmək haqqının bir hissəsini verməmişdir. Mənzildə olan qüsurlar aradan qaldırıldıqdan sonra iddiaçının qalan zəhmət haqqını verəcəkdir. Ona görə də ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. X2 iştirak etdiyi əvvəlki məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi D-2, ev 1-də yaşayır. İddiaçı əmisi, Cavabdeh isə əmisi oğludur. O, işdən sonra əmisi Nizami ilə birlikdə əmisi oğlu Röyala məxsus mənzildə təmir-bərpa işləri görmüşdür. Əmisi Nizami mənzildə usta işləmiş, o isə əmisinin fəhləsi işləmişdir. Əmisi onun zəhmət haqqını vermişdir. Sonradan eşitmişdir ki, əmisi Nizami ilə əmisi oğlu Röyal arasında narazılıq yaranmış və Röyal əmisinə ödənilməli olan zəhmət haqqı məbləğini tam ödəməmişdir.Ona görə də əmisi ilə Röyal arasında mübahisə yaranmışdır. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını və şahid ifadəsini dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli,ƏQ-238/2022 saylı daşınmaz əmlaka çəkilən xərcin qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki,X1 mülkiyyətində olan, ismayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 15-də yerləşən ümumi sahəsi 81,6 kv.m olan, 4 otaqdan ibarət 8 saylı mənzilində aparılmış söküntü və təmir işlərinin icra olunması üçün ustaya fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin 2022-ci ilin iyul-sentyabr aylarında olan əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə real bazar dəyəri 2472 manat təşkil edir. Belə ki, iş materiallarından və tərəf və şahid ifadələrindən görünür ki, tərəflər qohumdurlar. İddiaçı cavabdehə məxsus fərdi yaşayış evində müxtəlif istiqamətli söküntü, tikinti-təmir işləri görmüş, əmək haqqının bir hissəsi cavabdeh tərəfindən iddiaçıya verilmiş, bir hissəsi isə ödənilməmişdir. Bu göstərilənlər işin mübahisəsiz halıdır. İddiaçı gördüyü iş müqabilində cavabdehdən əmək haqqını tam almadığını, cavabdeh isə iddiaçı tərəfindən qüsurlu iş görüldüyünə görə əmək haqqının bir hissəsini vermədiyini, qüsurlar aradan qaldırıldıqdan sonra iddiaçının qalan zəhmət haqqını verəcəyini bildirir. Eyni zamanda iddiaçının ona ziyan vurmaqla əmlaklarının bir hissəsini oğurladığını qeyd edir. Hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsası podrat müqaviləsidir və tərəflərin arasında yaranmış mübahisə podrat müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəf və şahid ifadələrindən və iş materiallarından müəyyən olunur ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində aparılmış söküntü və təmir işlərinin icra olunması üçün ustaya fəhlə pulu ilə birlikdə ödəniləcək məbləğ real bazar qiyməti ilə 2472 manat təşkil etmiş, həmin məbləğdən 2180 manat ödənilmiş, qalan 292 manat isə ödənilməmişdir. Yuxarıda göstərilən maddələrin tələbləri baxımından iddiaçı gördüyü işə görə 292 manat pulu zəhmət haqqı olaraq cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin iddiaçı tərəfindən mənzilində qüsurlu işlər görülməsinə dair etiraz mülahizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh həmin faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda tərəf ifadələri, təqdim olunmuş sənədlərlə və mütəxəssis rəyi ilə təsdiq edilir ki, mütəxəssis rəyində qeyd edilən məbləğlər cavabdehə məxsus mənzildə görülən təmir-tikinti işləri ilə bağlı olmuş, yarım qalmış və ya gələcəkdə görüləcək işlərə dair isə hər hansı sövdələşmə olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin edilmiş hissəsinə mütənasib 30 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, qalan 12 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 292 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 322 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 292 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 322 (üç yüz iyirmi iki) manat alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 12 (on iki) manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-57/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-57/2023
30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver