Məhkəmə qərarları › İş №2(037)-581/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-581/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-581/2020 18.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X3 iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1127,36 manat əsas, 470,67 manat faiz, 673,99 manat cərimə, 176,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 2448,5 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Ülviyyə Qarazadə iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxx 2015-ci il tarixli 0106/15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 1700 (bir min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri pozulduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh yeni müqavilə bağlanılması ilə bağlı kredit təşkilatına müraciət etsə də və onun müraciəti qeydiyyata alınsa da güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması üçün Prezidentin məlum Fərmanı ilə verilmiş müddət bitmişdir. Hazıkı vəziyyətdə cavabdehlə yeni kredit müqaviləsi bağlanılmamışdır. Ona görə də iddia tələbinin təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1127,36 manat əsas, 470,67 manat faiz, 673,99 manat cərimə, 176,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 2448,5 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 izahat verərək göstərd ki, İddiaçı ASC tərəfindən 2015-ci ildə Cavabdeh1 1700 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə o, Cavabdeh1 zamin durmuşdur. İlk aylarda kredit borcundan ödənişlər aparılsa da bank bağlandığından kredit borcunu hara ödənilməsini bilmədiklərindən ödənişləri dayandırmışlar. İddiaçı ASC-nin keçmiş əməkdaşından aylıq ödənişlərin hara ödənilməsi ilə bağlı maraqlansalar da, heç bir məlumat əldə edə bilməmişlər. Bankın bağlanmış filialından onlara gözləmələri bildirilmişdir. Ona görə də kredit borcu ödənilməmiş qalmışdır. Onların kredit borcu Prezidentin məlum Fərmanının təsir dairəsinə düşmüşdür. Vaxtında iddiaçı tərəfindən lazımı qaydada onlara məlumat verilsəydi göstərilən sərfəli şərtlərlə yeni müqavilə bağlayardılar. Bir müddət əvvəl yeni kredit müqaviləsi bağlamaq üçün Cavabdeh1 banka ərizə müraciət etmiş, ərizəsi qeydiyyata alınmışdır. Yeni müqavilə bağlanılacağı ona bildirilmişdir. İddiaçının hazırkı tələblə onlara qarşı iddia qaldırmasını əsassız hesab edərək iddia tələbinin baxılmamasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə Cavabdeh1 iştirakı olmadan baxılması qərara alınmışıdır. xx xxxxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 1127,36 manat kredit borcunun 60 ay müddətinə restruktirizasiya olunması və hesablanmış faiz və cərimələrin silinməsinə dair ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 müraciət etmiş, ərizə həmin tarixdə LPO İddiaçı ASC-nin “İsmayıllı” filialının müdiri Elxan Abbasov tərəfindən qəbul olunmuşdur. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də bu Fərmanda nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın 6.1-ci maddəsində Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi, 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməsi və6.3-cü bəndində borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri banklara tövsiyə edilmişdir. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın təsdiq edilməsi haqqında X4 Palatasının xx xxxx 2019-cu il tarixli qərarının 5-ci bəndinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə palataya məlumat verir,kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir:fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir, əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir,əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda –tam şəkildə, kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla silinir, kredit təşkilatları bu qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, sms) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada palataya təqdim edir, ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir, palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – portal) yaradır, portalda hər bir fiziki şəxs üzrə ən azı hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği, kompensasiyanın bu qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği, restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar əks olunur, portalda bu qaydanın 7.2-ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır,palata tərəfindən vətəndaşların qəbulu üçün ayrıca sahə müəyyən olunur və qaynar xətt yaradılır, habelə həmin şəxslərlə iş üçün müvafiq əməkdaşlar ayrılır. Həmin əməkdaşlar tərəfindən fiziki şəxslərin Fərmandan və bu Qaydadan irəli gələn müraciətləri araşdırılır və bu qaydanın 8.5-ci bəndində müəyyən edilmiş hallarda apellyasiya komissiyasına təqdim edilir, kredit təşkilatlarında (baş ofis, filial və şöbə) vətəndaşların qəbulu üçün ayrıca sahə müəyyən olunur və qaynar xətt yaradılır, habelə həmin şəxslərlə iş üçün müvafiq əməkdaşlar ayrılır, işlərin koordinasiyası məqsədilə kredit təşkilatının İdarə Heyətinin müvafiq üzvü və ya təkbaşına icra orqanının rəhbəri məsul şəxs qismində müəyyən olunur və bu barədə dərhal palataya məlumat verilir,bank olmayan kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının müştərilərinə münasibətdə kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısı (fiziki şəxslər, ödəniləcək kompensasiya və müştərisi olduğu kredit təşkilatının yerləşdiyi ərazi göstərilməklə) Palata tərəfindən poçt rabitəsinin milli operatoruna göndərilir, poçt rabitəsinin milli operatoru bu qaydanın 4.7-ci və 7.6-cı bəndlərinə əsasən kompensasiya ödənilən fiziki şəxslərin siyahısını palataya təqdim edir, bu qaydanın 4.5-4.7-ci bəndlərinə uyğun olaraq, kompensasiyanın ödənilməsini həyata keçirən banklar və poçt rabitəsinin milli operatoru tərəfindən fiziki şəxslərə ödəniləcək kompensasiya məbləği, kompensasiya ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), kompensasiyanın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya bu Qaydanın 4.7-ci bəndinə müvafiq olaraq pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi), kompensasiyanın ödənildiyi ödəniş kartının hazır olduğu və ya bu qaydanın 4.7-ci bəndinə müvafiq olaraq pul köçürməsinin ediləcəyi tarix və bu qaydanın 7.11-ci və 7.12-ci bəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlar göndərilir,bu qaydanın 7.8-ci bəndində göstərilən məlumatlar fiziki şəxslərə SMS, elektron poçt və ya alınmasını təsdiq edən digər formada göndərilir (təqdim olunur, çatdırılır),restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitləri, fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanması üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat və fərmandan və bu qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur,fiziki şəxsə kompensasiyanın ödənildiyi ödəniş kartının verilməsi şəxsiyyəti təsdiq edən sənəd və fiziki şəxsin adına ödəniş kartı olan şəxs vəfat etdikdə və müraciət onun vərəsəsi (vərəsələri) tərəfindən edildikdə, vərəsəlik hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirilir,bu qaydaya uyğun olaraq kompensasiyanın köçürüldüyü ödəniş kartının alınması və ya kredit borcunun restrukturizasiya edilməsi məqsədilə fiziki şəxsin adından onun nümayəndəsi müraciət etdikdə bu qaydada nəzərdə tutulan sənədlərlə yanaşı nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli təqdim olunmalıdır. Qeyd olunan Fərmanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki Fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Beləki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll edilə bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği də tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll oluna bilər. Məhkəmə mülki işin yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək hesab edir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan müəyyən edilir ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh1 1127,36 manat qalıq borcu qalmışdır. Hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 1127,36 manat əsas, 470,67 manat faiz, 673,99 manat cərimə, 176,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 2448,5 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu borc tələb olunur. Cavabdeh1 ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşsə də, kredit borcunun restrukturizasiya olunması, bank tərəfindən qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması barədə cavabdehlərə göndərilən bildirişlərin onlar tərəfindən alınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. İddiaçının nümayəndəsi Cavabdeh1 kredit təşkilatı ilə yeni kredit müqaviləsi bağlamadığını bildirərək iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasına gəlməsə də ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 yeni kredit müqaviləsi bağlanılmasına dair müraciətini məhkəməyə təqdim etmişdir. Müraciəti qeydiyyata alınsa da nəticəsi barədə məlumat yoxdur. Cavabdeh2 məhkəmə iclasında bankın filialı bağlandığından aylıq kreditləri hara ödənilməsini bilmədiklərini, yeni kredit müqaviləsi bağlanılması ilə bağlı vaxtında onlara məlumat verilmədiyini, əsas cavabdehin yeni kredit müqaviləsi bağlanılması ilə bağlı ərizəsinin qeydiyyata alındığını göstərmişdir. Ona görə də iddiaçının hazırkı tələblə onlara qarşı iddia qaldırmasını əsassız hesab edərək iddia tələbinin baxılmamasını xahiş edir. Hazırkı iddia ərizəsi icraata götürüldüyündən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar