Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-588/2024 10.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Şahdağ Milli Parkının Cavabdeh Kamal oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şahdağ Milli Parkı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Kamal oğlundan (bundan sonra cavabdeh) 93,75 manat məbləğində maddi ziyan məbləğinin alınaraq iddiaçının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasınım xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 iyun 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 01 saylı meşə dolayının 27-ci kvartalı ərazisində Milli Parkın mühafizə əməkdaşları tərəfindən qəfləti yoxlama keçirilən zaman İsmayıllı rayonu Zərnava kənd sakini Cavabdeh Kamal oğlu qanunsuz olaraq Basqal meşəbəyliyinin 01 saylı dolayının 27-ci kvartalının ərazisindən vələs və fıstıq cinsindən müxtəlif diametrlərdə yaş olmaqla 24 ədəd köküstə ağaclar kəsdiyi müəyyən edilmişdir. Cavabdeh barəsində 22 iyun 2023-cü il tarixdə AA000600 nömrəli akt və MN1202206 nömrəli protokol tərtib edilmişdir. Kəsilmiş ağacların ümumi həcmi 1,09 m3, dövlətə dəymiş ziyan 93,75 manat hesablanmışdır. Cavabdehdən təbiətə vurulmuş 93,75 manat maddi ziyan məbləğinin alınaraq iddiaçının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 22 iyun 2023-cü il tarixli, AA000600 nömrəli aktdan müəyyən edilir ki, 22 iyun 2023cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 01 saylı meşə dolayının 27-ci kvartalında meşələrin mühafizəsi məqsədi ilə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh Kamal oğlu tərəfindən 24 ədəd yaş kökü üstə kəsilmiş ağaclar aşkarlanmışdır. Qeyd edilən akt Şahdağ Milli Parkının əməkdaşları tərəfindən imzalanmış, cavabdeh isə aktı imzalamamışdır. 22 iyun 2023-cü il tarixli akta əsasən tərtib edilmiş həcm-qiymət cədvəlindən müəyyən edilir ki, cavabdehin Milli Parkın ərazisindən 24 ədəd yaş kökü üstə ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı hesablanmış və 93,75 manat olduğu müəyyən edilmişdir. 22 iyun 2023-cü il tarixli, MN1202206 nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 10 avqust 2023-cü il tarixli, MN1389845 nömrəli qərarın surətindən müəyyən edilir ki, cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə аraşdırması ilə müəyyən edildi ki, 22 iyun 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin əməkdaşları Basqal meşəbəyliyinin 01 saylı meşə dolayının 27-ci kvartalında meşələrin mühafizəsi məqsədi ilə yoxlama apararkən İsmayıllı rayon Qaraqaya kənd sakini Cavabdeh Kamal oğlu tərəfindən 24 ədəd yaş kökü üstə ağaclar kəsdiyi aşkarlanmışdır. Bu barədə Şahdağ Milli Parkının əməkdaşları həmin tarixdə AA000600 nömrəli akt tərtib etmişlər. Cavabdeh aktı imzalamamışdır. Həmin akta əsasən tərtib edilmiş həcm-qiymət cədvəli üzrə cavabdehin Milli Parkın ərazisindən 24 ədəd yaş kökü üstə ağacların qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı 93,75 manat olduğu müəyyən edilmişdir. Cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. İddiaçı cavabdehdən 93 manat 75 qəpik maddi ziyan məbləğinin alınaraq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətin öyrənmək mümkün olmamışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin Şahdağ Milli Parkının ərazisindən qanunsuz olaraq cəmi 24 ədəd yaş kökü üstə ağacları kəsməsi nəticəsində Şahdağ Milli Parkına 93,75 manat məbləğində maddi ziyan vurması məhkəmə iclasında tam sübuta yetirildiyinə görə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh Kamal oğlundan 93 (doxsan üç) manat 75 (yetmiş beş) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilsin. Cavabdeh Kamal oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-588/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-588/2024
10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver