Məhkəmə qərarları › İş №2(037)-589/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-589/2021

31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-589/2021 31.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən 0,72 ha torpaq sahəsini Cavabdeh qanunsuz zabt etdiyinə və onun həmin torpaq sahasindən istifadə edə bilmədiyinə görə ona vurulmuş 3024,00 (üç min iyirmi dörd) manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Ağbulaq kəndində 4.8342 ha torpaq sahəsi onun mülkiyyətindədir və həmin torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində 111 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində ********** nömrə ilə qeydə alınaraq ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı 11.01.2018-ci il tarixli Çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsinin sərhədləri müəyyən edildikdən sonra tərəfindən çəpərləmə işləri həyata keçirilmişdir. Lakin, buna baxmayaraq Cavabdeh ona məxsus həmin torpaq sahəsinin 0,72 ha hissəsini zəbt edərək orada əkin işləri aparmağa başlamışdır. Dəfələrlə cavabdehə torpaq sahəsinin ona məxsus olduğunu, ona torpaq sahəsinə dair Çıxarışı və digər hüquqi sənədləri göstərsə də heç bir xeyri olmamış, ona məxsus torpaq sahəsinin 0,72 ha olan hissəsində buğda əkərək sonradan satışını həyata keçirmişdir. Qeyd olunan torpaq sahəsi ona məxsus olduğu, lakin mülkiyyətçi kimi həmin torpaq sahəsindən cavabdehin təqsiri üzündən istifadə edə bilmədiyi səbəbindən,onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 11.02.2019-cu il tarixli 2(037)-125 nömrəli qətnamsi ilə cavabdehə həmin torpaq sahəsindən çıxarılması və istifadə edilməsi qadağan olunmuşdur. Cavabdeh torpaq sahəsindən kommersiya üçün gəlir götürmək məqsədi ilə vaxt udmaq üçün heç bir məntiqi əsası olmadan İsmayılll Rayon Məhkəməsinin qərarından Şəki Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Şəki Apelyasiya Məhkəməsi 06.05.2019cu il tarixli 2(107)-1728/2019 nömrəli qərarla tikinti-texniki ekspertiza təyin etmişdir. Bundan sonra 31.10.2019-cu il tarixli 2(107)-1728/2019 nömrəli qərarla mülkiyyətində olan 0,72 ha torpaq sahəsindən çıxarılması barədə qərar qət etmişdir. Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli 2(107)1728/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qərarlarının İsmayıllı rayon icra şöbəsinin əməkdaşları ilə həmin torpaq sahəsindən cavabdehin çıxarılması həyata keçirilərkən o, torpaq sahəsindən çıxarılmasından imtina etmiş və tərtib edilmiş akt-protokola imza etməkdən imtina etmişdir. Beləliklə cavabdeh 2018, 2019, 2020, 2021-ci illər ərzində ona məxsus 0,72 ha torpaq sahəsində kommersiya məqsədi ilə buğda əkini işləri aparmışdır.Zaman-vaxt udmaq məqsədi ilə zəbt edilmiş torpaq sahəsi üzrə heç bir əsas olmadan məhkəmələrə müraciət etmiş və fürsətdən istifadə edərək buğda və ot yetişdirərək satışını həyata keçirmişdir. İsmayıllı rayon icra Hakimiyyətinin Statistika məlumatlarına əsaslanan İsmayıllı rayonu üzrə hər bir hektar torpaq sahəsindən 35-40 sentiner məhsul alındığı bildirilmişdir. (1 ton-10 sentiner) Yuxarıda qeyd olunanları nəzərə alaraq, hər bir hektar üzrə minimum 30 sentiner hesabı ile hesablanarsa (30 sent x 0,72h) 2,16 ton buğda əldə edildiyi ve buğdanın orta satış qiyməti respublika üzrə bir kq 0,40 manat müəyyən edildiyi nəzərə alınsa bir il üzrə 2160 kq x 0,40 qəpik-864,00 manat gəlirin təşkil edildiyi müəyyan edilmişdir. Obyektivlik asas götürülərək həmin bu gəlirin əldə edilməsi ilə əlaqədar xərclər hesablanarsa bir hektarın şumlanmasına görə traktora 40,00 manat hesabı ilə (40,0man x 0,72h) 28,80 manat, səpilən bir hektara 200 kq buğda sərf edildiyi halda (200 kq x 0,72 h) 144 kq təşkil edildiyi ve toxumluq buğdanın dəyəri 0,55 manat hesabı ilə (144 kq x 0,55 man) 79,20 manat təşkil etdiyi müəyyən edilmişdir. Yekunda zəbt edilmiş 0,72 ha torpaq sahəsində bir il üzrə 864,0 manat gəlir götürdüyü və ona (28,80+79,20) 108,00 manat xerc çəkildiyi halda nəticədə 756,00 manat gəlir əldə etdiyi müəyyən edilmişdir. 2018,2019,2020 və 2021-ci illər üzrə (756,00 x 4) 3024,0 manat ona məxsus olduğu olmalı gəlir əldə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, göstərdi ki, iddiaçıya məxsus torpaq sahəsi ilə ona atasından qalmış torpaq sahəsinin sərhədləri bitişikdir. İddiaçı dəfələrlə ona həmin torpaq sahəsini ona satmasını bildirmiş o isə buna razı olmamışdır. O, heç bir torpaq sahəsini zəbt etməmişdir. İddiaçı saxta sənədlər təqdim edərək bütün məhkəmə instansiyalarını udmuşdur. O, iddiaçı tərəfindən məhkəmələrə saxta sənəd təqdim etməsini bildirsə də buna məhəl qoyan olmamışdır. Bir daha qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair sənədləri saxtadır. İddiaçının zəbt etdiyini iddia etdiyi torpaq sahəsi ona məxsusdur və o heç bir zaman həmin torpaq sahəsindən çıxmayacaqdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 11.01.2018-ci il tarixli, seriya RX ******* saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən 4.8342 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli, 2(037)- 125/2019 saylı qətnaməsinin surətindən görünür ki, Əliyev X1 rayonu, Ağbulaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 4.8342 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən onun istifadəsinin qadağan edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(107)- 1728/2019 saylı qətnaməsinin surətindən görünür ki, Əliyev X1 rayonu, Ağbulaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,72 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli, 2(102)-1720/2020 saylı qərarının surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(107)-1728/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki,11.01.2018-ci il tarixli, RX seriyalı ******* saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən 4.8342 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və cavabdeh həmin torpaq sahəsinin 0.72 ha hissəsini qanunsuz olaraq istifadə edərək qazanc əldə etmişdir. İddiaçı hazırda ona dəymiş zərəri və əldən çıxmış faydanı cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, iddianın əsassız olduğunu bildirir və rədd olunmasını xahiş edir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddiasının əsasını ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanuni əsas olmadan əkib-becərərək gəlir əldə etməsi nəticəsində əldən çıxmış faydanın ödənilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla qismən sübuta yetmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7.Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, cavabdeh 2018-ci il tarixdə iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə qanunsuz sahiblik (vicdansız sahib) etdiyini bilmiş, buna baxmayaraq, qanunsuz sahibliyinə son qoymayaraq 2018, 2019, 2020 və 2021-ci illərdə sözügedən torpaq sahəsini əkib-becərərək gəlir əldə etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X2 Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 81 saylı arayışından görünür ki, 0.72 ha torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cari ildə səpin işləri aparılmamış və həmin sahədən ot məqsədi ilə istifadə olunmuşdur. Sahibkar 0.72 ha torpaq sahəsindən ot məqsədi ilə istifadə edərsə bir ildə götürə biləcəyi gəlir aşağıdaki kimi olar. 0.72 ha sahədən təxminən 72 ədəd ot bağlaması əldə edilə bilər. Ot bağlamasının 1 ədədinin qiymətini 3 manatdan götürsək ümumi gəlir 72 ədəd x 3 manat =216 manat təşkil edir İstehsal xərcləri: Otun biçilməsi-15 manat, bağlanması (1 ədəd-0,3 manat)-21.6 manat, daşınması-15 manat, cəmi 51,6 manat, olduqda vətəndaş 216 manat (ümumi gəlir) - 51,6 manat (istehsal xərci)=164,4 manat gəlir götürə bilər. Buğda əkilərsə:0,72 x 36.2 (buğdanın orta məhsuldarlığı) = 2.6 ton x 0.35 manat (buğdanın orta alış qiyməti)=910 manat, istehsal xərcləri: şum 1 ha üçün 40 manat x 0.72 ha = 28,8 manat, mala 1 ha üçün 15 manat x 0,72 ha =10.8 manat, səpin 1 ha üçün 15 manat x 0.72 ha =10,8 manat, toxum tələbatı 0,72 ha üçün 160 kq x 0,7 manat =112 manat, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə =100 manat, biçin 1 ha üçün 40 manat x 0,72 ha = 28.8 manat, daşınması = 15 manat olmaqla, cəmi 306.2 manat təşkil edir. Vətəndaş buğda əkərsə 1 ildə 0,72 hektardan 910 manat (ümimi gəlir)-306.2 (istehsal xərcləri) manat = 603.8 manat xalis gəlir götürə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X2 Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 81 saylı rəyi ilə müəyyən edilən iddiaçıya məxsus 0,72 ha torpaq sahəsində 1 il ərzində özü əkib-becərsə idi əldə edə biləcəyi məbləğ, illik 603.8 manat olmaqla, cavabdehin 2018, 2019, 2020 və 2021-ci illər olmaqla dörd il ərzində əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin cəmi olan 2415.2 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2415.2 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2445.2 (iki min dörd yüz qırx beş manat iyirmi qəpik) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar