Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-590/2024 10.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Şahdağ Milli Parkının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şahdağ Milli Parkı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 159,5 manat məbləğində maddi ziyan məbləğinin alınaraq iddiaçının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasınım xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 fevral 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 11 saylı meşə dolayının 61-ci kvartalı ərazisində Milli Parkın mühafizə əməkdaşları tərəfindən qəfləti yoxlama keçirilən zaman İsmayıllı rayonu Qaraqaya kənd sakini Cavabdeh qanunsuz olaraq Talıstan meşəbəyliyinin 11 saylı dolayının 61-ci kvartalının ərazisindən palıd, vələs və fıstıq cinsindən müxtəlif diametrlərdə yaş olmaqla 42 ədəd köküstə ağaclar kəsdiyi müəyyən edilmiş və cavabdeh barəsində 03 fevral 2023-cü il tarixdə AA000582 nömrəli akt və MN1202137 nömrəli protokol tərtib edilmişdir. Kəsilmiş ağacların ümumi həcmi 2,14 m3, dövlətə dəymiş ziyan 159,5 manat hesablanmışdır. Cavabdehdən təbiətə vurulmuş 159,5 manat maddi ziyan məbləğinin alınaraq iddiaçının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 03 fevral 2023-cü il tarixli, AA000582 nömrəli aktdan müəyyən edilir ki, 03 fevral 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 11 saylı meşə dolayının 61-ci kvartalında meşələrin mühafizəsi məqsədi ilə İsmayıllı rayon Qaraqaya kənd sakini Cavabdeh tərəfindən yaş kökü üstə kəsilmiş ağaclar aşkarlanmışdır. Qeyd edilən akt Şahdağ Milli Parkının əməkdaşları tərəfindən imzalanmış, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. 03 fevral 2023-cü il tarixli akta əsasən tərtib edilmiş həcm-qiymət cədvəlindən müəyyən edilir ki, cavabdehin Milli Parkın ərazisindən 42 ədəd yaş kökü üstə ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı hesablanmış və 159,5 manat olduğu müəyyən edilmişdir. 03 fevral 2023-cü il tarixli, MN1202137 nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 20 fevral 2023-cü il tarixli, MN1289937 nömrəli qərarın surətindən müəyyən edilir ki, cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə аraşdırması ilə müəyyən edildi ki, 03 fevral 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 11 saylı meşə dolayının 61-ci kvartalında meşələrin mühafizəsi məqsədi ilə yoxlama aparılarkən İsmayıllı rayon Qaraqaya kənd sakini Cavabdeh tərəfindən yaş kökü üstə kəsilmiş ağaclar aşkarlanmış, və həmin tarixdə Şahdağ Milli Parkının əməkdaşları tərəfindən AA000582 nömrəli akt tərtib edilmişdir. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Həmin akta əsasən tərtib edilmiş həcm-qiymət cədvəli üzrə cavabdehin Milli Parkın ərazisindən 42 ədəd yaş kökü üstə ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı hesablanmış və 159,5 manat olduğu müəyyən edilmişdir. Cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. İddiaçı cavabdehdən 159 (bir yüz əlli doqquz) manat 50 (əlli) qəpik maddi ziyan məbləği alınaraq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətin öyrənmək mümkün olmamışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin Şahdağ Milli Parkının mühafizə rejimini pozaraq qanunsuz olaraq Milli Parkın cəmi 42 ədəd yaş kökü üstə ağacları kəsməsi nəticəsində Şahdağ Milli Parkına 159,5 manat məbləğində maddi ziyan vurması məhkəmə iclasında tam sübuta yetirildiyinə görə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 159 (bir yüz əlli doqquz) manat 50 (əlli) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-590/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-590/2024
10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver