Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-593/2024 27.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Şahdağ Milli Parkının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şahdağ Milli Parkı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 143,5 manat məbləğində maddi ziyan məbləğinin alınaraq iddiaçının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 03 fevral 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 11 saylı meşə dolayının 61-ci kvartalı ərazisində Milli Parkın mühafizə əməkdaşları tərəfindən qəfləti yoxlama keçirilən zaman İsmayıllı rayonu Qaraqaya kənd sakini Cavabdeh həmin ərazidə fıstıq və vələs cinsindən müxtəlif diametrlərdə yaş olmaqla 33 ədəd köküstə ağaclar kəsdiyi müəyyən edilmişdir. Cavabdeh barəsində 03 fevral 2023-cü il tarixdə AA000582 nömrəli akt və MN1202136 nömrəli protokol tərtib edilmişdir. Kəsilmiş ağaclar Şahdağ Milli Parkının İsmayıllı bölməsinə məxsus N-115 nömrəli damğa ilə damğalanaraq qeydiyyata alınmışdır. Kəsilmiş yaş kökü üstə ağacların ümumi həcmi 2,34 m3 olmuş, dövlətə dəymiş ziyan 143,5 manat hesablanmışdır. Ona görə də cavabdehdən təbiətə vurulmuş 143,5 manat maddi ziyan məbləğinin alınaraq iddiaçının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 03 fevral 2023-cü il tarixli, AA000582 nömrəli aktdan müəyyən edilir ki, 03 fevral 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 11 saylı meşə dolayının 61-ci kvartalında meşələrin mühafizəsi məqsədi ilə yoxlama aparılarkən İsmayıllı rayon Qaraqaya kənd sakini Cavabdeh tərəfindən yaş kökü üstə ağaclar kəsdiyi aşkarlanmışdır. Qeyd edilən akt Şahdağ Milli Parkının əməkdaşları tərəfindən imzalanmış, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. 03 fevral 2023-cü il tarixli akta əsasən tərtib edilmiş həcm-qiymət cədvəlindən müəyyən edilir ki, cavabdehin 33 ədəd yaş kökü üstə ağacların qanunsuz olaraq Milli Parkın ərazisindən kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı hesablanmış və 143,5 manat olduğu müəyyən edilmişdir. 03 fevral 2023-cü il tarixli, MN1202136 nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 20 fevral 2023-cü il tarixli, MN1289935 nömrəli qərarın surətindən müəyyən edilir ki, cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 03 fevral 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 11 saylı meşə dolayının 61-ci kvartalında meşələrin mühafizəsi məqsədi ilə yoxlama aparılarkən İsmayıllı rayon Qaraqaya kənd sakini Cavabdeh tərəfindən yaş kökü üstə ağaclar kəsdiyi aşkarlanmışdır. Həmin tarixdə AA000582 nömrəli akt tərtib edilmiş, Şahdağ Milli Parkının əməkdaşları tərəfindən imzalanmış, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş həcm-qiymət cədvəli üzrə cavabdehin 33 ədəd yaş kökü üstə ağacların qanunsuz olaraq Milli Parkın ərazisindən kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı hesablanmış və 143,5 manat olduğu müəyyən edilmişdir. Cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. İddiaçı cavabdehdən 143,5 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin Şahdağ Milli Parkının mühafizə rejimini pozaraq qanunsuz olaraq Milli Parkın ərazisindən cəmi 33 ədəd yaş kökü üstə ağacları kəsməsi nəticəsində Şahdağ Milli Parkına 143,5 manat məbləğində maddi ziyan vurması məhkəmə iclasında tam sübuta yetirildiyinə görə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 143 (bir yüz qırx üç) manat 50 (əlli) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-593/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-593/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver