Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-595/2024 27.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Şahdağ Milli Parkının Cavabdeh Cəmil oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şahdağ Milli Parkı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Cəmil oğlundan (bundan sonra cavabdeh) 35,07 manat məbləğində maddi ziyan məbləğinin alınaraq iddiaçının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 14 aprel 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 08 saylı meşə dolayının 57-ci kvartalı ərazisində Milli Parkın mühafizə əməkdaşları tərəfindən qəfləti yoxlama keçirilən zaman İsmayıllı rayonu Sədyan kənd sakini Cavabdeh Cəmil oğlunun həmin ərazidə qanunsuz olaraq vələs və fıstıq cinsindən müxtəlif diametrlərdə yaş olmaqla 9 ədəd köküstə ağaclar kəsdiyi müəyyən edilmişdir. Cavabdeh barəsində 14 aprel 2023-cü il tarixdə AA000589 nömrəli akt və MN1202145 nömrəli protokol tərtib edilmişdir. Kəsilmiş ağacların dib kökləri balta ilə kəsildiyi üçün meşə damğası vurmaq mümkün olmadığından qırmızı boya ilə boyanmışdır. Ümumi həcmi 0,48 m3, dövlətə dəymiş ziyan 35,07 manat hesablanmışdır. Ona görə də cavabdehdən təbiətə vurulmuş 35,07 manat maddi ziyan məbləğinin alınaraq iddiaçının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, meşə ərazisindən bir neçə yaş ağac kəsib aparmışdır. Maddi imkanı olmadığından dəymiş ziyanı ödəyə bilməmişdir. Qısa vaxt ərzində dəymiş ziyanı ödəyəcəkdir. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. 14 aprel 2023-cü il tarixli, AA000589 nömrəli aktdan müəyyən edilir ki, 14 aprel 2023cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 08 saylı meşə dolayının 57-ci kvartalında meşələrin mühafizəsi məqsədi ilə yoxlama aparılarkən İsmayıllı rayon Sədyan kənd sakini Cavabdeh Cəmil oğlu tərəfindən yaş kökü üstə kəsilmiş ağaclar aşkarlanmışdır. Qeyd edilən akt Şahdağ Milli Parkının əməkdaşları tərəfindən imzalanmış, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. 14 aprel 2023-cü il tarixli akta əsasən tərtib edilmiş həcm-qiymət cədvəlindən müəyyən edilir ki, cavabdehin 9 ədəd yaş kökü üstə ağacların qanunsuz olaraq Milli Parkın ərazisindən kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı hesablanmış və 35,07 manat olduğu müəyyən edilmişdir. 14 aprel 2023-cü il tarixli, MN1202145 nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 02 may 2023-cü il tarixli, MN1290737 nömrəli qərarın surətindən müəyyən edilir ki, cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 3(037)-223/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Cəmil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 02 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 14 aprel 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 08 saylı meşə dolayının 57-ci kvartalında meşələrin mühafizəsi məqsədi ilə yoxlama aparılarkən İsmayıllı rayon Sədyan kənd sakini Cavabdeh Cəmil oğlu tərəfindən yaş kökü üstə ağaclar kəsdiyi aşkarlanmışdır. Həmin tarixdə AA000589 nömrəli akt tərtib edilmiş, Şahdağ Milli Parkının əməkdaşları tərəfindən imzalanmış, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş həcm-qiymət cədvəli üzrə cavabdehin 9 ədəd yaş kökü üstə ağacların qanunsuz olaraq Milli Parkın ərazisindən kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı hesablanmış və 35,07 manat olduğu müəyyən edilmişdir. Cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. İddiaçı cavabdehdən 35,07 manat ziyanın ödənilməsini tələb edir. Cavabdeh isə dəymiş ziyanı ödəməyi öhdəsinə götürərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin Şahdağ Milli Parkının mühafizə rejimini pozaraq qanunsuz olaraq Milli Parkın ərazisindən cəmi 9 ədəd yaş kökü üstə ağacları kəsməsi nəticəsində Şahdağ Milli Parkına 35,07 manat məbləğində maddi ziyan vurması məhkəmə iclasında tam sübuta yetirildiyinə və cavabdeh təbiətə vurduğu ziyanı etiraf etdiyin görə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh Cəmil oğlundan 35 (otuz beş) manat 07 (yeddi) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilsin. Cavabdeh Cəmil oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-595/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-595/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver