Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-600/2022 26.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2500 manat əsas məbləğ və 46 manat ödənilmiş dövlət rüsumu – cəmi 2546 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh onun yaxından tanıdığı biri olmuşdur. 24 aprel 2019-cu il tarixdə cavabdeh onun yanına gələrək təcili pula ehtiyacı olduğunu bildirərək ondan 3000 manat borc pul almışdır. Cavabdeh aldığı borc pulu iki ay müddətində qaytaracağına söz vermişdir. Bu barədə cavabdeh ona yazılı qəbz də vermişdir. Lakin cavabdeh borc aldığı 3000 manat puldan bu günə kimi 500 manatını qaytarmışdır. O, dəfələrlə qalan 2500 manat pulu cavabdehdən tələb etsə də o, boyun qaçırmışdır. Cavabdehdən 2500 manat əsas məbləğ və 46 manat ödənilmiş dövlət rüsumu – cəmi 2546 manat pulun alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, hərbiçi işləyir. O, iddiaçını sələmə pul verən bir şəxs kimi tanımışdır. O, təcili pula ehtiyacı olduğundan iddiaçıdan 1500 manat məbləğində sələmə pul almışdır. Hazırda həmin puldan 700 manat iddiaçıya borclu qalmışdır. İddiaçının qeyd etdiyi qəbzi o, özü yazmışdır. Lakin qəbzdə göstərilən 3000 manat borc miqdarı səhvdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 24 aprel 2019-cu il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı 3000 manat borc pul götürdüyünü, həmin pulu iki ay müddətində qaytaracağı, əgər borcunu vaxtında qaytara bilməzsə gecikdirdiyi hər aya borcundan əlavə 300 manat ödəyəcəyini qeyd etmişdir. Cavabdeh həmin qəbzin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. 05 aprel 2022-ci il tarixli 2114 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50,4 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 24 aprel 2019-cu il tarixdə cavabdeh iddiaçıdan 3000 manat borc pul almışdır. Cavabdeh aldığı borc pulu iki ay müddətində iddiaçıya qaytaracağına söz vermişdir. Bu barədə cavabdeh özünün yazdığı qəbzi də iddiaçıya vermişdir. İddiaçı cavabdehin borc aldığı 3000 manat puldan 500 manatını qaytardığını və 2500 manat borcu qaldığını bildirir. İddiaçı cavabdehdən 2500 manat əsas məbləğ və 46 manat ödənilmiş dövlət rüsumu – cəmi 2546 manat pulun alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul edir, iddiaçıdan 1500 manat məbləğində sələmə pul aldığını, hazırda həmin puldan 700 manat iddiaçıya borclu qalmdığını, qeyd olunan qəbzi özünün yazdığını, lakin qəbzdə göstərilən 3000 manat borc miqdarını səhv olduğunu bildirərək qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin izahatına münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıdan 1500 manat məbləğində pul aldığını və hazırda həmin puldan 700 manat iddiaçıya borclu olduğunu bildirsə də həmin faktları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədi. Həmin faktlar məhkəmə iclasında da öz təsdiqini tapmadı. İş materiallarında olan 24 aprel 2019-cu il tarixli qəbzdə cavabdeh iddiaçıdan 3000 manat borc pul götürdüyünü, həmin pulu iki ay müddətində qaytaracağı, əgər borcunu vaxtında qaytara bilməzsə gecikdirdiyi hər aya borcundan əlavə 300 manat ödəyəcəyini qeyd etmiş və həmin qəbzin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, tərəflərin izahatları və iş materiallarında olan qəbzlə cavabdehin iddiaçıdan 3000 manat borc pul alması, həmin puldan 500 manat qaytarması və hazırda iddiaçıya 2500 manat borcu olması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 46 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 manat əsas məbləğ və 46 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 2546 (iki min beş yüz qırx altı) manat alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-600/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-600/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver