Məhkəmə qərarları › İş №2(037)-602/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-602/2025

09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-602/2025 09.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə 09 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh idarə etdiyi avtomobilə vurduğu maddi ziyana görə 2250 manat və ödədiyi dövlət rüsumuna görə 42.50 manat olmaqla, ümumilikdə 2292.50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində özünə məxsus “Nissan Qashqai” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri ərazisində hərəkətdə olarkən həmin prospektlə yüksək sürətlə hərəkət edən sonradan tanıdığı Cavabdeh idarə etdiyi “VAZ 2107” markalı avtomobil arxadan onun idarə etdiyi avtomobilin sol qabaq hissəsinə dəyərək, həmin sürətlə də hadisə yerindən uzaqlaşıb getmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə dərhal polis əməkdaşları gəlmiş və orada ilkin sənədləşmə işləri aparılmışdır.Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-34/2025 nömrəli qərarına əsasən AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “Nissan Qashqai” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2250 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş hadisə nəticəsində idarə etdiyi avtomobilə dəyən 2250 manat məbləğində ziyanı cavabdeh ödəyəcəyinə söz versə də sonradan verdiyi sözə əməl etməyərək ona vurduğu ziyanı ödəməmişdir. Cavabdeh vurduğu ziyanı ödəmədiyindən məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün 42.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də cavabdehdən idarə etdiyi avtomobilə vurduğu maddi ziyana görə 2250 manat və ödədiyi dövlət rüsumuna görə 42.50 manat olmaqla, ümumilikdə 2292.50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh cəza çəkdiyi 6 saylı Cəzaçəkmə Müəssisəsinə iddia ərizəsi və məhkəmə bildirişləri göndərilmiş, Cavabdeh iddia ərizəsi və məhkəmə bildirişləri qəbul etmiş,lakin cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən məhkəmə iclaslarında iştirak etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-34/2025 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilərək İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş, 19 fevral 2025-ci il tarixli № 11/015 nömrəli ziyan aktından görünür ki, X1 məxsus “Nissan Qashqai” minik markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2250 manat dəyərində (ehtiyat hissələri və təmir xərci ilə birlikdə) maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin sürətindən görünür ki, İddiaçı tərəfindən İsmayıllı Rayon Məhkəməsinin hesabına 42.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən,güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil,yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində iddiaçının idarə etdiyi “Nissan Qashqai” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Kürdəmir şəhəri ərazisində hərəkətdə olarkən həmin prospektdə yüksək sürətlə hərəkət edən cavabdehin idarə etdiyi VAZ 2107 markalı avtomobil arxadan iddiaçının idarə etdiyi avtomobilin sol qabaq hissəsinə dəyərək,həmin sürətlə də hadisə yerindən uzaqlaşıb getmiş və nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli, 3(041)- 34/2025 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş, 19 fevral 2025-ci il tarixli № 11/015 nömrəli ziyan aktında İddiaçı məxsus “Nissan Qashqai” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2250 manat dəyərində (ehtiyat hissələri və təmir xərci ilə birlikdə) maddi ziyan dəydiyi qeyd edilmişdir. İddiaçı cavabdehdən idarə etdiyi avtomobilə vurduğu maddi ziyana görə 2250 manat və ödədiyi dövlət rüsumuna görə 42.50 manat olmaqla, ümumilikdə 2292.50 manat pulun alınıb ona verilməsini tələb edir. Cavabdeh cəzaçəkmə müəssəsində cəza çəkdiyindən və məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümükün olmamışdır. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi,hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, hadisənin cavabdehin təqsiri üzündən baş verməsi Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli, 2(041)-34/2025 saylı qərarı ilə təsdiq edildiyindən və iş materiallarına əlavə edilmiş ziyan aktı ilə vurulmuş zərərin həcmi 2250 manat müəyyən edildiyindən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 42.50 manat dövlət rüsumu məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən vurduğu maddi ziyana görə 2250 manat məbləği alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216- 220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurduğu maddi ziyana görə 2250 manat və ödənilmiş dövlət rüsumuna görə 42.50 manat olmaqla, ümumilikdə 2292.50 manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar