Məhkəmə qərarları › İş №2(037)-620/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-620/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-620/2021 18.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 18 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) müştərək qaydada 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4927,24 manat əsas, 45,02 manat faiz, 41,48 manat cərimə, 645,75 manat əldən çıxmış fayda – cəmi 5659,49 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi, birinci cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 4939 (dörd min doqquz yüz otuz doqquz) manat 33 (otuz üç) qəpik məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq ikinci cavabdehlə zaminlik müqaviləsi bağlanılmışdır. Birinci cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. 27 may 2021-ci il tarixədək birinci cavabdehin 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4927,24 manat əsas, 45,02 manat faiz, 41,48 manat cərimə, 645,75 manat əldən çıxmış fayda olmaqla cəmi 5659,49 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə şifahi və rəsmi xəbərdarlıqlar olunmuşdur. Lakin borc məbləği ödənilməmiş qalmışdır. Cavabdehlərdən müştərək qaydada 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4927,24 manat əsas, 45,02 manat faiz, 41,48 manat cərimə, 645,75 manat əldən çıxmış fayda – cəmi 5659,49 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi, birinci cavabdeh ilə iddiaçı arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2019-cu ildə iddiaçı ilə müqavilə bağlayaraq kredit götürmüşdür. Borcun təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanılmışdır. Maddi vəziyyəti ağırlaşdığından kredit borcunu ödəyə bilməmişdir. Bank ondan kredit borcundan əlavə 645,75 manat əldən çıxmış fayda məbləğini tələb edir. O, həmin məbləğlə razı deyil. Həmin məbləğ artırılmışdır və haradan yarandığı məlum deyildir. Əldən çıxmış fayda məbləğinin silinməsini və iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. İkinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2019-cu ildə birinci cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq kredit götürmüşdür. Borcun təminatı olaraq onunla zaminlik müqaviləsi bağlanılmışdır. Borcu birinci cavabdeh ödəyəcəkdir. İddiaçı əsas borcdan əlavə pul tələb edir. Əldən çıxmış fayda məbləğinin silinməsini və iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 23-Z-1-0- 1081-14 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə bir il güzəşt müddəti tətbiq olunmaqla illik 1 faiz dərəcəsi ilə 5 il müddətinə 4939 (dörd min doqquz yüz otuz doqquz) manat 33 (otuz üç) qəpik məbləğində kredit verilmişdir. Birinci cavabdeh güzəşt müddəti ərzində hər təqvim ayının 26-dək 4,12 manat, güzəşt müddəti bitdikdən sonra kredit müddətinin sonunadək hər təqvim ayının 26-dək 105,02 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 26 noyabr 2019-cu il tarixli 23-Z-1-0-1081-14 nömrəli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində 4939,33 manat əsas borcu və 150,94 manat faiz borcu – cəmi 5090,27 manat ödəməyi öhdəsinə götürmüşdür. 26 noyabr 2019-cu il tarixli 23-Z-1-0-1081-14 nömrəli zaminlik müqaviləsindən görünür ki, ikinci cavabdeh kredit müqaviləsi üzrə kreditor qarşısında öz öhdəliklərinin tamailə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 04 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri barədə onlara xəbərdarlıq edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi izah olunmuşdur. 27 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin 26 noyabr 2019-cu il tarixli 23-Z-1-0-1081-14 nömrəli kredit müqaviləsi üzrə 4927,24 manat əsas, 45,02 manat faiz, 41,48 manat cərimə, 645,75 manat əldən çıxmış fayda olmaqla cəmi 5659,49 manat borcu qaldığı qeyd olunmuşdur. 01 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə bir il güzəşt müddəti tətbiq olunmaqla illik 1 faiz dərəcəsi ilə 5 il müddətinə 4939 (dörd min doqquz yüz otuz doqquz) manat 33 (otuz üç) qəpik məbləğində kredit verilmişdir. Birinci cavabdeh güzəşt müddəti ərzində hər təqvim ayının 26-dək 4,12 manat, güzəşt müddəti bitdikdən sonra kredit müddətinin sonunadək hər təqvim ayının 26-dək 105,02 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin tərkib hissəsi olan qrafikə əsasən birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş ay müddətində 4939,33 manat əsas borcu və 150,94 manat faiz borcu – cəmi 5090,27 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 23-Z-1-0-1081-14 nömrəli zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh kredit müqaviləsi üzrə kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunun vaxtlı-vaxtında ödənilməsini təmin etməmişlər. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmiş qalmışdır. 27 may 2021-ci il tarixədək birinci cavabdehin 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4927,24 manat əsas, 45,02 manat faiz, 41,48 manat cərimə, 645,75 manat əldən çıxmış fayda olmaqla cəmi 5659,49 manat borcu yaranmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4927,24 manat əsas, 45,02 manat faiz, 41,48 manat cərimə, 645,75 manat əldən çıxmış fayda – cəmi 5659,49 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi, birinci cavabdeh ilə iddiaçı arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər əsas borca hesablanmış əldən çıxmış fayda məbləğinin silinməsini və iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə uyğun olaraq cavabdehlər krediti, ona hesabanmış faiz və cəriməni ödəməli olduqlarından iddia tələbinin cavabdehlərdən müştərək qaydada 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4927,24 manat əsas, 45,02 manat faiz, 41,48 manat cərimə məbləğinin tutulmasına dair hissədə təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iddia tələbinin 645,75 manat əldən çıxmış fayda məbləği hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərin hərəkətləri nəticəsində 645,75 manat məbləğində faydanın əldən çıxdığını göstərsə də, həmin faktı təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda, iddiaçı əldən çıxmış faydanın nədə ifadə olunduğunu və ona hansı qaydada zərər dəydiyini, bununla bağlı cavabdehlər tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu hər hansı sübutla izah edə bilməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlərdən müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4927,24 manat əsas, 45,02 manat faiz, 41,48 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 5043 (beş min qırx üç) manat 74 (yetmiş dörd) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar