Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-634/2025 18.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə 18 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7000 manat məbləğində pulun və 90 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində yaşayır. Qonşusu olmuş Cavabdeh həyat yoldaşı X1 ilə birlikdə yaşadığı evə gələrək onun etibarından sui-istifadə edib maddi imkanının olmadığını qeyd edərək ondan 7000 manat pul istəmiş və bildirmişdir ki, qısa müddətdə geri qaytaracaqdır.Bu ailə əvvəllər də maddi yardım üçün ona müraciət etmiş və aldığı borcu vaxtında ödəmişdir. Ona görə də etibarını qazanmışdır. Beləcə onlar razılaşmış və cavabdeh ona yazılı iltizam və atası İltifat adlı şəxsin pensiya kartını vermişdir. O, da cavabdehin sözünə inanmış və aldığı borcu həmişə qaytardığını düşünərək əvvəl 3000 manat və bir müddətdən sonra isə 4000 manat olmaqla, ümumilikdə 7000 manat məbləğində borc pul vermişdir. O, 7000 manat pulu cavabdehə hər ay ona hissə-hissə qaytarmaq şərti ilə vermişdir. Cavabdeh bu barədə qəbz yazaraq şəxsiyyət vəsiqəsinin surətini və qəbzi ona verdikdən sonra o cavabdehə 7000 manat pulu borc vermişdir. Artıq xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ondan borc olaraq aldığı 7000 manat puldan heç bir ödəniş etməmişdir.Sonradan ona məlum olmuşdur ki, cavabdeh onun səmimiyətindən, ona olan etibarından istifadə edərək hər dəfə müxtəlif bəhanələr gətirərək borc olaraq aldığı 7000 manat pulu ona qaytarmaqdan yayınır. Cavabdehin onu hər dəfə aldatmasına və hazırda bu pula ailəsinin ehtiyacı olduğuna görə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün 90 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən 7000 manat pulun və 90 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona qaytarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə dəftərxana vasitəsilə teleqram göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş,iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Cavabdeh və X1 tərəfindən imzalanmış qəbzdən görünür ki, Səidə Musayeva və əri Cavabdeh sadə yazılı formada yazılmış qəbzi öz imzaları ilə təsdiq edərək ünvan 1 ünvanında yaşayan İddiaçı Bahadur qızından birlikdə 7000 (yeddi min) manat borc pul aldıqlarını, aldıqları borcu tez bir zamanda qaytarmağa söz verdiklərini qeyd etmişlər. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 10 aprel 2025-ci il tarixdə məhkəməyə müraciət etmək üçün ********** nömrəli mədaxil qəbzi ilə 142211 nömrəli büdcə təsnifat koduna 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan 7000 manat borc pul almış və aldığı borcu tez bir zamanda iddiaçıya qaytaracağına dair söz verməsi barədə sadə yazılı formada imza edilməklə qəbz vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı 7000 manat pulu qaytarmamışdır. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı 7000 manat pulu sadə yazılı qəbz vasitəsilə Cavabdeh nağd şəkildə tez bir zamanda qaytarmaq şərti ilə vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı ümumilikdə 7000 manat pulu sonuncuya qaytarmamışdır. Məhkəmə hesab edir ki,cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin iddiaçıdan 7000 manat məbləğində borc pul alması və aldığı borcu tez bir zamanda iddiaçıya qaytaracağı barədə sadə yazılı formada qəbz verməsi təsdiq edildiyindən iddia tələbinin cavabdehdən 7000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu məbləği də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7000 manat pul və 90 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7.090 (yeddi min doxsan) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-634/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-634/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver