Məhkəmə qərarları › İş №2(037)-654/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-654/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-654/2021 20.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 20 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "ABC-TELECOM" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23 may 2019-cu il tarixli müqaviləyə əsasən “LG LCD TV” markalı televizor üçün 1461 manat əsas, 427 manat dəbbə pulu və 04 iyun 2019cu il tarixli müqaviləyə əsasən “LG” markalı soyuducu üçün 1807 manat əsas, 547 manat dəbbə pulu olmaqla 4242 manat borc və 30 manat dövlət rüsumu, cəmi 4272 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 23 may 2019 və 04 iyun 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh “LG LCD TV” markalı televizor və “LG” markalı soyuducu almış və nəticədə 4242 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin 23 may 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 79 manat olan 18 ay müddətinə hər ay 89 manat ödəməklə cəmi 1681 manat dəyərində aldığı “LG LCD TV” markalı televizor üçün borcu 1461 manat əsas, 427 manat dəbbə pulu, cəmi 1888 manat və 04 iyun 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi olmayan 24 ay müddətinə hər ay 76 manat ödəməklə cəmi 1824 manat dəyərində aldığı “LG” markalı soyuducu üçün borcu 1807 manat əsas, 547 manat dəbbə pulu, cəmi 4242 manat təşkil etmiş və müqavilələr üzrə ümumilikdə 237 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandığı halda müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı cavabdehdən 23 may 2019-cu il tarixli müqaviləyə əsasən “LG LCD TV” markalı televizor üçün 1461 manat əsas, 427 manat dəbbə pulu və 04 iyun 2019-cu il tarixli müqaviləyə əsasən “LG” markalı soyuducu üçün 1807 manat əsas, 547 manat dəbbə pulu olmaqla 4242 manat borc və 30 manat dövlət rüsumu, cəmi 4272 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş, 25 iyun 2021, 09 iyul 2021 və 04 avqust 2021-ci il tarixli məhkəmə bildirişləri cavabdehin yaşadığı İsmayıllı rayonu, Qalınçaq kəndi ünvana göndərilmiş və həmin məhkəmə bildirişləri cavabdehin həmin ünvandan köçməsi səbəbi ilə geri qaytarılmışdır. Geri qaytarılmış məktubların cavabdehə çatdırılması üçün 01 sentyabr 2021-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin Qalınçaq İƏD üzrə Nümayəndəliyinə göndərilmiş və qeyd edilən məktublar 09 sentyabr 2021-ci il tarixdə cavabdehin qardaşı X2 tərəfindən imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. 23 may 2019-cu il tarixli 00678167 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 89 manat ödəmək şərti ilə cəmi 1681 manat dəyərində “LG LCD TV” markalı televizor satılmışdır. 04 iyun 2019-cu il tarixli 00702107 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi olmayan 24 ay müddətinə hər ay 76 manat ödəmək şərti ilə cəmi 1824 manat dəyərində “LG” markalı soyuducu satılmışdır. 11 noyabr 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərinin və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 11 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 23 may 2019-cu il tarixli müqavilə üzrə “LG LCD TV” markalı televizor üçün 1681 manat məbləğindən 220 manat ödəniş etmiş, 1461 manat əsas və 427 manat dəbbə pulu və 04 iyun 2019-cu il tarixli müqavilə üzrə “LG” markalı soyuducu üçün 1824 manat məbləğindən 17 manat ödəniş etmiş, 1807 manat əsas və 547 manat dəbbə pulu olmaqla 237 manat ödəniş etmiş, 3268 manat əsas, 974 manat dəbbə pulu, cəmi 4242 manat borcu qalmışdır. 14 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış 23 may 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 79 manat olan 18 ay müddətinə hər ay 89 manat ödəmək şərti ilə cəmi 1681 manat dəyərində “LG LCD TV” markalı televizor və 04 iyun 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi olmayan 24 ay müddətinə hər ay 76 manat ödəməklə cəmi 1824 manat dəyərində “LG” markalı soyuducu almışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən əsas borca dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin 23 may 2019-cu il tarixli müqaviləyə əsasən 1461 manat əsas, 427 manat dəbbə pulu və 04 iyun 2019-cu il tarixli müqaviləyə əsasən 1807 manat əsas, 547 manat dəbbə pulu borcu qalmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən 23 may 2019-cu il tarixli müqaviləyə əsasən “LG LCD TV” markalı televizor üçün 1461 manat əsas, 427 manat dəbbə pulu və 04 iyun 2019-cu il tarixli müqaviləyə əsasən “LG” markalı soyuducu üçün 1807 manat əsas, 547 manat dəbbə pulu olmaqla 4242 manat borc və 30 manat dövlət rüsumu, cəmi 4272 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn,pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 23 may 2019-cu il tarixli müqavilə üzrə 1461 manat və 04 iyun 2019-cu il tarixli müqavilə üzrə 1807 manat olmaqla, cəmi 3268 manat əsas borc məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması və cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 23 may 2019-cu il tarixli müqavilə üzrə 427 manat və 04 iyun 2019-cu il tarixli müqavilə üzrə 547 manat olmaqla, cəmi 974 manat dəbbə pulunun alınmasına dair hissələri qismən – 23 may 2019-cu il tarixli müqavilə üzrə 42 manat və 04 iyun 2019-cu il tarixli müqavilə üzrə 54 manat dəbbə pulu olmaqla, cəmi 96 manat dəbbə pulu həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 may 2019-cu il tarixli müqavilə üzrə 1461 manat əsas, 42 manat dəbbə pulu və 04 iyun 2019-cu il tarixli müqavilə üzrə 1807 manat əsas, 54 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3394 (üç min üç yüz doxsan dörd) manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar