Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-67/2025 03.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 03 fevral 2025-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi nəticəsində ona məxsus avtomobilinin əzilməsi nəticəsində vurduğu 3420 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 manat olmaqla, cəmi 3475 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində "VAZ 2106 minik” markalı ** BE *** dövlət qeydiyyat nömrəli minik avtomobili vardır. 07 aprel 2022-ci ildə səhər saatlarında tanıdığı hazırkı iş üzrə Cavabdeh ona zəng vuraraq onu Göyçay rayon Qaraməryəm kəndinə aparılmasını xahiş etmişdir. Onlar Cavabdeh məxsus dəmir əşyalarını İsmayıllı şəhərinin "Kəpənək” adlanan əraziyə aparıb Muradın dediyi ünvana boşaltdıqdan sonra Göyçay rayon Qaraməryəm kəndinə,oradan da Göyçay şəhəri istiqamətinə gedərək yolun kənarında yerləşən "Nar bağı” adlanan kafedə balıq yeməyə oturmuşlar.Orada balıq yemişlər və durub evə qayıtmaq istədikdə Murad maşının idarə edilməsini ona verilməsini xahiş etmişdir. O,buna razılaşmasa da Murad israrla avtomobilin sükan yerinə əyləşmiş və onlar Göyçay şəhəri istiqamətinə yola düşmüşlər. "Bığır başı” adlanan yerdən İsmayıllı şəhəri istiqamətinə gedən yolla Mollaisaqlı, Hacıhətəmli və İvanovka kəndlərini keçib Qaraməryəm-İsmayıllı magistral yoluna çıxıb İsmayıllı şəhəri istiqamətində gələrkən yolun Quşencə kəndi ərazisində Murad təhlükəsislik kəmərini bağlamaq istədikdə yola diqqət etmədiyindən qarşı hərəkət yoluna çıxmış və nəticədə qarşıdan öz yolu ilə hərəkətdə olan "VAZ 21011" markalı minik avtomobili ilə toqquşmuşlar. Nəticədə "VAZ 21011" markalı minik avtomobilində olan sərnişin az ağır xəsarət almışdır. Hadisə ilə əlaqədar cinayət işi açılmış və iş baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (037)-49/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.Ona məxsus avtomobilə dəyən zərər isə "X1 servis” tərəfindən 3420 manat məbləğində müəyyən olunmuşdur.Cavabdeh dəfələrlə ödənilməsinə söz versə də ötən müddət ərzində onun avtomobilinə dəyən 3420 manat məbləğində zərəri ödəməmişdir.Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 07 aprel 2022-ci il tarixdə saat 16 radələrində Göyçay rayonunun Qaraməryəm kəndindən İsmayıllı şəhərinə gələrkən iddiaçıya məxsus “VAZ 2106 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmişdir. Həmin vaxtı o, İvanovka kəndinə dönən yoldan çıxıb İsmayıllı şəhəri istiqamətində Qaraməryəm-İsmayıllı Şəki magistral yolu ilə təxminən 50-60 km saat sürətlə hərəkət etmişdir. İddiaçı sərxoş vəziyyətdə olmuş və öz avtomaşınında qabaq sağ oturacaqda əyləşmişdir. Avtomaşında ikisindən başqa heç kim olmamışdır. Təxminən 25-30 metr məsafə qət etmiş və hərəkətinə davam etmişdir. Bu zaman o, avtomaşında təhlükəsizlik kəmərini taxmamışdır. Yol gedə-gedə o, öz təhlükəsizlik kəmərini taxmaq istədikdə yolda qarşı hərəkət hissəsinə çıxmış və qəflətən qarşıdan gələn “VAZ 21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun yolunda toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. “X1 servis” tərəfindən tərtib olunmuş qüsur aktı məlumatlarında iddiaçıya məxsus “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşına 3420 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Maddi imkanı olmadığından iddiaçıya məxsus avtomaşına dəymiş ziyanı ödəməmişdir. Hazırda onun iddiaçıya məxsus avtomaşına dəymiş maddi ziyanı ödəməyə imkanı yoxdur. İddiaçıya məxsus avtomaşına dəymiş ziyanı maddi imkanı olanda ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatı nəzərdən keçirib, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, “X1 servis” tərəfindən tərtib olunmuş qüsur aktı məlumatlarından görünür ki, “VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşına 3420 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, 1(037)-49/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil,yalnız hüquqi əhəmiyyət daşıyan,yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil,sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür:iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurduğu 3420 manat məbləğində maddi zərər məbləği alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, 07 aprel 2022-ci il tarixdə cavabdeh iddiaçıya məxsus "VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən qəza törətmiş və nəticədə sonuncuya məxsus avtomaşına maddi ziyan dəymişdir. İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024cü il tarixli, 1(037)-49/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçıya məxsus "VAZ 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği “X1 servis” tərəfindən verilmiş qüsur aktı məlumatına əsasən 3420 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomaşına cavabdehin təqsiri üzündən ziyan dəyməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut olunsa da, qeyd edilən avtomaşına dəymiş maddi ziyan sonuncu tərəfindən hazırkı vaxtadək iddiaçıya ödənilməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq tərəflərə aid edilməli, iddia tələbi təmin edildiyindən hazırkı iddia üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 55 manat dövlət rüsumu məbləği də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurduğu 3420 manat məbləğində maddi zərər və ödənilmiş 55 manat dövlət rüsumu olmaqla, cəmi 3475 (üç min dörd yüz yetmiş beş) manat məbləği alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-67/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-67/2025
03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver