Məhkəmə qərarları › İş №2(037)-690/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-690/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-690/2020 15.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan "xxxxxxxxxx" Açıq Səhmdar Cəmı̇yyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əlı̇yev Habı̇l Musa oğlu və Əhmədov Saməddı̇n Teymur oğluna qarşı borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan "xxxxxxxxxx" Açıq Səhmdar Cəmı̇yyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Əlı̇yev Habı̇l Musa oğlu (bundan sonra birinci cavabdeh) və Əhmədov Saməddı̇n Teymur oğlundan (bundan sonra ikinci cavabdeh) müştərək qaydada 1343,29 manat əsas borc, 952,32 manat faiz borcu, 1423,95 manat cərimə, 204,44 manat xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, cəmi 3924 manat kredit borcunun və 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan "xxxxxxxxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 80005731 ssuda hesablı kredit müqaviləsinə əsasən sonuncuya 30 ay müddətinə illik 27% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı kimi iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin borcalanla kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin müddəti xx xxxx 2017-ci il tarixdə başa çatmışdır. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişdir. Birinci cavabdehin xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2020-ci il tarixinə 1343,29 manat əsas borc, 952,32 manat faiz borcu, 1423,95 manat cərimə, 204,44 manat xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, cəmi 3924 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərdən 1343,29 manat əsas borc, 952,32 manat faiz borcu, 1423,95 manat cərimə, 204,44 manat xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, cəmi 3924 manat kredit borcunun və 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan "xxxxxxxxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, onun 2-ci dərəcə əlil iki xəstə uşağı var. Uşaqlarının müalicəsi üçün 2015-ci ildə "xxxxxxxxxx" ASC-dən 6000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə ikinci cavabdeh ona zamin durmuşdur. Əvvəllər kredit borcunu ödəmişdir. Sonradan əmək haqqını vaxtlı-vaxtında ala bilmədiyindən borcun ödənilməsində gecikmələr olmuşdur. Onun kredit borcu Prezidentin məlum Fərmanının təsir dairəsinə düşmüşdür. Bank tərəfindən yeni kredit müqaviləsi bağlanılması ilə bağlı bildiriş qeydiyyatda olduğu ünvana göndərilmiş və qohumları tərəfindən alınmışdır. O, Bakı şəhərində yaşadığından, həmin vaxt uşaqlarının müalicəsi ilə məşğul olduğundan bildirişdən məlumatlı olmamış və yeni kredit müqaviləsi bağlamaq üçün banka ərizə ilə müraciət etməmişdir. O, əsas borcu hissə-hissə ödəyə bilər. İddiaçı tərəfindən tələb edilən faiz borc, gecikdirilmiş vaxt üçün hesablanan məbləğ və cərimənin miqdarı isə çox yüksəkdir. Onun əsas borcla yanaşı digər tələb olunan borcları ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxxxx 2015-ci il tarixli 80005731 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə illik 27 faiz dərəcəsi ilə 20 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdeh krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, ödəniş qrafiki üzrə ödənişlər 12 ay ərzində üç dəfədən və ya ardıcıl olaraq iki dəfədən çox gecikdirildikdə iddiaçının krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ tutulmuşdur. xx xxxxxx 2015-ci il tarixli 80005731 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 6000 manat əsas borc və 2317,8 manat faiz borcu olmaqla, cəmi 8317,8 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixli 80005731/ZM saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixli **********530 nömrəli bildirişdən görünür ki, birinci cavabdehə kredit borcunun restrukturizasiya edilməsi məqsədi ilə ləğv prosesində olan İddiaçı ASC-nin ünvan 2 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına və ya yaşadığı ünvana yaxın olan ləğv prosesində olan istənilən bankın inzibati binasına yaxınlaşması bildirilmişdir. xx xxxx 2020-ci il tarixli **********286 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxxx 2015-ci il tarixli 80005731 saylı kredit müqaviləsinə əsasən birinci cavabdehin xx xxxx 2020-ci il tarixinə yaranmış ümumi borcu 3924 manat məbləğində olmuşdur. xx xxxx 2020-ci il tarixli **********052 və **********053 nömrəli bildirişlərdən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəliklərini icra etmədikləri üçün borcun 3 gün müddətində könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehin 1343,29 manat qalıq borcu qalmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, iddiaçı cavabdehdən əsas borcu, faiz, cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borcu tələb edir. Məhkəmə birinci cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ləğv prosesində olan "xxxxxxxxxx" ASC ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 80005731 saylı kredit müqaviləsinə əsasən birinci cavabdehə 30 ay müddətinə illik 27% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxxxxxxxx" ASC ilə ikinci cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli 80005731/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu ikinci cavabdehdən tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Birinci cavabdehə yeni kredit müqaviləsi bağlanılması ilə bağlı bildiriş göndərilsə də, güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlamamış, xx xxxxxx 2015-ci il tarixli 80005731 saylı müqavilə üzrə 1343,29 manat əsas borc, 952,32 manat faiz borcu və 204,44 manat xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz borcu qalmışdır. Bundan başqa, borcun gecikdirilməsinə görə 1423,95 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada cəmi 3924 manat kredit borcunu və 30 manat dövlət rüsumunu tələb edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 1343,29 manat əsas borc, 952,32 manat faiz borcu və 204,44 manat xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış borc tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, kredit müqaviləsi üzrə 1423,95 manat cərimə məbləği işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 1423,95 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən - 50 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Əlı̇yev Habı̇l Musa oğlu və Əhmədov Saməddı̇n Teymur oğlundan müştərək qaydada 1343,29 manat əsas borc, 952,32 manat faiz borcu, 50 manat cərimə, 204,44 manat xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz və 30 manat dövlət rüsumu – cəmi 2550 (iki min beş yüz əlli) manat 05 (beş) qəpik məbləğ alınaraq iddiaçı ləğv prosesində olan "xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar