Məhkəmə qərarları › İş №2(037)-724/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-724/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-724/2021 15.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 15 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək 28 iyun 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53515 olan iPhone 11 markalı telefon üçün 1285,2 manat ödənilməmiş hissə, 385 manat dəbbə, 01 iyul 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********40193 olan iPhone 11 markalı telefon üçün 1682,4 manat ödənilməmiş hissə, 462 manat dəbbə, ümumilikdə 3814,6 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqram göndərərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, işə nümayəndənin iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 28 iyun 2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə 945 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 214,2 manat ödəmək şərti ilə 2230,2 manat dəyərində İMEİ kodu **********53515 olan və 01 iyul 2020-ci il tarixli müqaviləyə əsasən ilkin 934 manat ilkin etdikdən sonra 12 ay müddətinə hər ay 140,2 manat ödəmək şərti ilə cəmi 2616,4 manat dəyərində İMEİ Kodu **********40193 olan iPhone 11 markalı telefonlar satılmışdır. Cavabdeh müqavilələr üzrə 1879 manat ödəniş etmişdir. Müqavilələrin şərtlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin 28 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 1285,2 manat ödənilməmiş hissə, 385 manat dəbbə, 01 iyul 2020-ci il tarixli müqaviləyə əsasən 1682,4 manat ödənilməmiş hissə, 462 manat dəbbə borcu qalmışdır. İddiaçı cavabdehdən hər iki müqavilə üzrə cəmi 3814,6 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. 28 iyun 2020-ci il tarixli 20374684 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin 945 manat ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 214,2 manat ödəniş etmək şərtilə 2230,2 manat dəyərində iPhone 11 markalı telefon satılmışdır. 01 iyul 2020-ci il tarixli 21000105 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin 140,2 manat ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 140,2 manat ödəniş etmək şərtilə 1616,4 manat dəyərində iPhone 11 markalı telefon satılmışdır. 26 yanvar 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 01 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 28 iyun 2020-ci il tarixli müqavilə üzrə 2230,2 manat məbləğindən 945 manat ödəniş etmiş, 1285,2 manat ödənilməmiş hissə və 385 manat dəbbə pulu, 01 iyul 2021-ci il tarixli müqavilə üzrə 2616,4 manat məbləğindən 934 manat ödəniş etmiş, 1682,4 manat ödənilməmiş hissə və 462 manat dəbbə pulu borcu qalmışdır. 02 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 28 iyun 2020ci il tarixli müqaviləyə əsasən cavabdeh 945 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 214,2 manat ödəmək şərti ilə 2230,2 manat dəyərində İMEİ kodu **********53515 olan və 01 iyul 2020-ci il tarixli müqaviləyə əsasən ilkin 934 manat ilkin etdikdən sonra 12 ay müddətinə hər ay 140,2 manat ödəmək şərti ilə cəmi 2616,4 manat dəyərində İMEİ Kodu **********40193 olan iPhone 11 markalı telefonlar almışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 1879 manat ödəniş etmişdir. Cavabdehin 28 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 1285,2 manat ödənilməmiş hissə, 385 manat dəbbə, 01 iyul 2020-ci il tarixli müqaviləyə əsasən 1682,4 manat ödənilməmiş hissə, 462 manat dəbbə borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğinin ödənilməsi təmin olunmamışdır. İddiaçı 28 iyun 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53515 olan iPhone 11 markalı telefon üçün 1285,2 manat ödənilməmiş hissə, 385 manat dəbbə, 01 iyul 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********40193 olan iPhone 11 markalı telefon üçün 1682,4 manat ödənilməmiş hissə, 462 manat dəbbə, ümumilikdə 3814,6 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun idia tələbinə dair münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 28 iyun 2020-ci il tarixli müqavilə üzrə 385 manat və 01 iyul 2020-ci il tarixli müqavilə üzrə 462 manat cərimə məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Məhkəmə hesab edir ki, 1285,2 manat əsas borca görə 385 manat və 1682,4 manat əsas borca görə 462 manat məbləğində hesablanmış cərimələrin cavabdehdən alınması barədə qərar qəbul olunması onun mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 28 iyun 2020-ci il tarixli müqavilə üzrə 385 manat dəbbə pulu tutulmasına dair hissədə qismən – 10 manat, 01 iyul 2021-ci il tarixli müqavilə üzrə 462 manat dəbbə pulu tutulmasına dair hissədə qismən – 10 manat həddində təmin edilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 28 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 1285,2 manat əsas və 10 manat cərimə, 01 iyul 2020-ci il tarixli müqaviləyə əsasən 1682,4 manat əsas və 10 manat dəbbə pulu, 30 manat dövlət rüsumu – ümumilikdə 3017,6 manat məbləğinin alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28 iyun 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********53515 olan iPhone 11 markalı telefon üçün 1285,2 manat ödənilməmiş hissə, 10 manat dəbbə, 01 iyul 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********40193 olan iPhone 11 markalı telefon üçün 1682,4 manat ödənilməmiş hissə, 10 manat dəbbə, ümumilikdə hər iki müqavilə üzrə 2987 manat 60 qəpik borc məbləği və 30 manat dövlət rüsumu olmaqla cəmi 3017 (üç min on yeddi) manat 60 (altmış) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar