Məhkəmə qərarları › İş №2(037)-74/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-74/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-74/2023 16.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 16 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Kürdəmir rayonu, Topalhəsənli kəndində yaşayır. 2022-ci ilin iyun ayının 23-də gecə vaxtı cavabdeh xalası oğlu Pərvizlə yaşadığı evə gəlmiş və ondan 3000 manat borc pul istəmişdir. Cavabdehin xalası oğlu Pərvizlə münasibətləri yaxşı olduğu üçün inanıb istədiyi pulu borc olaraq ona vermişdir. Cavabdeh pulu alarkən şəxsiyyəti təsdiq edən sənədinin surətini və hərbi biletini ona vermişdir. Cavabdeh ondan 3000 manat borc pul alması ilə bağlı heç bir təzyiq olmadan, öz istəyi ilə xalası oğlu Pərvizin şahidliyi ilə qəbz yazmış, qəbzdə aldığı pulu 3 ay müddətinədək qaytaracağını qeyd etmişdir. Cavabdehlə aralarında bağladıqları şifahi borc müqaviləsinin şərtlərinə əməl etməklə ona 3000 manat pul vermişdir. Lakin cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Cavabdeh yazdığı qəbzdə ondan aldığı pulu 3 ay müddətinədək qaytaracağını qeyd etsə də, həmin pulu ona qaytarmamışdır. O, cavabdehdən aldığı pulu qaytarmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə aldığı pulu ona qaytarmamışdır. Bundan əlavə cavabdehin valideyinlərinin yaşadığı evə gedərək övladlarının ona borclu olmasını bildirmişdir. Cavabdehin valideyinləri övladlarının başqa şəxslərə də borclu olmasını bildirərək məhkəməyə müraciət etməyi və məhkəmə yolu ilə verdiyi pulu almağı ona məsləhət görmüşlər. Cavabdeh aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, Kürdəmir rayonu,Qaçqın şəhərciyində yaşayır.İddiaçı xalası qızı,Cavabdeh isə dostudur.Anarla əvvələr münasibətləri yaxşı olmuşdur.Onun qohumları və dostları hərbiçi işləyirlər və Anarı da onlar vasitəsi ilə tanımışdır. Anar ona zəng edərək anasının ağır xəstə olmasını və müalicəsi üçün 3000 manat pul lazım olduğunu bildirmişdir.O,Anara pulu olmadığını bildirmişdir.Lakin Anarın çox saylı xahişindən sonra xalası qızı Ülviyyəyə zəng edərək Anara 3000 manat borc pul verməsini xahiş etmişdir. Anarla birlikdə Ülviyyənin yaşadığı evə getmişlər. Anar onun yanında Ülviyyədən 3000 manat pulu yaxın vaxtda qaytarmaq şərti ilə hərbi biletini və əmək haqqı kartını girov qoymaqla yazılı iltizam yazaraq götürmüşdür. Sonradan Anar pulu qaytarmadığından Ülviyyə ilə birlikdə Anarın valideyinlərinin yaşadığı evə getmişlər. Valideyinləri Anarın başqa şəxslərə də borcunun olmasını bildirərək məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini və iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, 23 iyun 2022-ci il tarixdə Cavabdeh tərəfindən Pərviz Allahverdiyevin şahidliyi ilə imzalanmış qəbzdən görünür ki, 2022-ci ilin iyun ayının 23-də Cavabdeh İddiaçı 3000 manat məbləğində borc pul almış və aldığı borcu 3 ay müddətinədək İddiaçı qaytaracağını qeyd etmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh 2022-ci ilin iyun ayının 23-də iddiaçıdan 3000 manat məbləğində borc pul almış və aldığı borcu 3 ay müddətinədək iddiaçıya qaytaracağı barədə şahid Pərviz Allahverdiyevin iştirakı ilə qəbz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı 2022-ci ilin iyun ayının 23də 3000 manat pulu şahid Pərviz Allahverdiyevin şahidliyi ilə sadə yazılı qəbz vasitəsilə Cavabdeh nağd şəkildə 3 ay müddətinədək qaytarmaq şərti ilə vermişdir.Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin 2022-ci ilin iyun ayının 23-də iddiaçıdan 3000 manat məbləğində borc pul alması və aldığı borcu 3 ay müddətinədək iddiaçıya qaytaracağı barədə şahid Pərviz Allahverdiyevin iştirakı ilə qəbz verməsi təsdiq edildiyindən iddia tələbinin cavabdehdən 3000 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğin cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 manat pul və 50 manat dövlət rüsumu olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləği alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar