Məhkəmə qərarları › İş №2(037)-749/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-749/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-749/2021 25.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 25 avqust 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" X3 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 663,43 manat əsas, 171,65 manat faiz olmaqla cəmi 835,08 manat kredit borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 16 iyul 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 18 iyul 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 32 ay müddətinə illik 24% ödəmək şərtilə 856 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit borcundan 335 manat ödəniş etmiş, həmin məbləğin 192,57 manatı əsas borcdan silinmişdir. Cavabdehin 663,43 manat qalıq borcu qalmış, həmin borca 171,65 manat faiz borcu hesablanmışdır. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. İddiaçı cavabdehdən 663,43 manat əsas, 171,65 manat faiz olmaqla cəmi 835,08 manat kredit borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 24 sentyabr 2019-cu il tarixli 547nkİSML/19 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən cavabdehə 32 ay müddətinə 24 may 2022-ci il tarixinədək illik 24 faiz ödəmək şərtilə 856 manat məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə kreditin faizi illik faiz dərəcəsi min 12% - max 40% təşkil edir. 24 sentyabr 2019-cu il tarixli 547nkİSML/19 nömrəli kredit və bank hesabı müqaviləsinə bir saylı əlavədən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş 32 ay ərzində hər ay 37 manat ödəməklə 856 manat əsas və 312,3 manat faiz, cəmi 1168,3 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 23 aprel 2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 547nkİSML/19 nömrəli kredit müqaviləsi üzrə 23 aprel 2021-ci il tarixə yaranmış 663,43 manat əsas, 140,15 manat faiz - cəmi 803,58 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 03 iyul 2021-ci il tarixli UB-BANK/PİKMD/968419 nömrəli arayışdan görünür ki, cavabdehin 547nkİSML/19 nömrəli kredit müqaviləsi üzrə 663,43 manat əsas, 171,65 manat faiz olmaqla cəmi 835,08 manat kredit borcu qaldığı qeyd edilmişdir. 03 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış əsasən 24 sentyabr 2019-cu il tarixli 547nkİSML/19 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə 32 ay müddətinə 24 may 2022-ci il tarixinədək illik 24 faiz ödəmək şərtilə 856 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit borcunu ödəməmişdir. Cavabdehin 663,43 manat əsas, 171,65 manat faiz olmaqla cəmi 835,08 manat borcu yaranmışdır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən cəmi 835,08 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti, ona hesablanmış faizləri və cərimələri ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 663,43 manat əsas borc, 171,65 manat faiz borcu və 30 manat dövlət rüsumu - cəmi 865 (səkkiz yüz altmş beş) manat 08 (səkkiz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar