Məhkəmə qərarları › İş №2(037)-759/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-759/2021

24.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-759/2021 24.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Şamaxı Regional X1 Cavabdeh oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 24 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən e t d i: X3 Təsərrüfatı Mərkəzi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan (bundan sonra cavabdeh) 447,02 (dörd yüz qırx yeddi manat, 02 qəpik) manat maddi ziyan məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində meşə fonduna 447,02 manat məbləğində ziyan vurmuşdur. Bu barədə 16.06.2021-ci il tarixdə müvafiq akt tərtib olunmuşdur. Ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da ödəniş olunmamışdır. İddiaçı 447,02 manat məbləğində maddi ziyan məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə, iddia ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasında bildirdi ki, o, 20 ildir ki, meşədə ağac kəsməklə ailəsini saxlayır. Bunun üçün meşə idarəsi əməkdaşları tərəfindən ona bilet verilmişdir. İddiaçının onun ağac kəsdiyini bildirdiyi gün də onun bileti olmuş, onun ağac kəsməsini Şamaxı Regional X1 əməkdaşlarının görməsindən və ona protokol tərtib edilməsindən məlumatlı olmamışdır. Onun xəstə qızı var. Kəsib apardığı ağacların satışından əldə etdiyi pulu qızının müalicəsinə sərf etmişdir. Cərimə məbləğini ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş, 16 iyun 2021-ci il tarixli 64845 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı Regional X1 əməkdaşları tərəfindən həmin tarixdə Basqal meşəbəyliyinin 02 saylı meşə dolayında yoxlama aparılarkən İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh tərəfindən 98 ədəd fərqli cinslərə məxsus, 10,28 kubmetr ağac kəsildiyi müəyyən edilmişdir. 16 iyun 2021-ci il tarixli akta əlavə həcm qiymət cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, cavabdehin qanunsuz ağac kəsməsi nəticəsində təbiətə 447,02 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. 16 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən və 30 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Basqal meşəbəyliyinin 02 saylı meşə dolayından qanunsuz olaraq vələs cinsindən diametri 8 sm olan 20 ədəd, diametri 12 sm olan 32 ədəd, diametri 16 sm olan 16 ədəd, diametri 20 sm olan 10 ədəd, palıd cinsindən olan diametri 12 sm olan 7 ədəd, diametri 20 sm olan 10 ədəd, diametri 24 sm olan 3 ədəd, cəmi 98 ədəd ağac kəsmişdir. X3 Təsərrüfatı Mərkəzi tərəfindən X4 dəymiş ziyan 447,02 manat məbləğində hesablanmışdır. Cavabdeh dəymiş ziyan məbləğinin iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 447,02 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında ağacları bilet əsasında kəsdiyini bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin qanunsuz olaraq vələs və palıd ağaclarını kəsməsi nəticəsində təbiətə 447,02 manat məbləğində maddi ziyan dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 447,02 (dörd yüz qırx yeddi manat, iki qəpik) manat dəymiş ziyan məbləği alınaraq iddiaçı Şamaxı Regional X1 hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar