Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-768/2022 08.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 08 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 610 manat borc olaraq verdiyi pul və 152 manat dəymiş zərər olmaqla, cəmi 762 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək cavabdehdən 610 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etdi. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Ağbulaq kəndində yaşayır. 2016-cı ildə cavabdeh ondan 500 manat borc pul almış və aldığı borcu qaytarmışdır. 2017-ci ilin fevral ayında cavabdeh yenidən ondan qısa müddət ərzində dörd dəfəyə 950 manat borc pul almış və aldığı pulu qısa müddətə qaytaracağına söz vermişdir. Lakin cavabdeh həmin pulun 340 manatını ötən beş il ərzində dəfələrlə tələb etməsindən sonra hissə-hissə ödəmiş, qalan 610 manatını isə hazırkı vaxtadək ona ödəməmişdir. Cavabdehin borc olaraq aldığı pulu qaytarmaması barədə İsmayıllı rayon Polis Şöbəsinə müraciət etmiş, müraciəti əsasında polis şöbəsində araşdırma aparılmışdır. Polis şöbəsində cavabdeh borcunu etiraf etmiş və ödəyəcəyinə söz vermişdir. Lakin həmin vaxtdan keçən müddət ərzində cavabdeh yalan vədlər verməklə borcunu ödəməkdən qəsdən yayınır. O, dəfələrlə cavabdehin yaşadığı ünvana gedərək pulunu tələb etmişdir. Cavabdeh borcunu qaytarmadığından məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən 610 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. 2017-ci ilin fevral ayında iddiaçıdan 950 manat borc pul almışdır. İşlədiyi müddətdə aldığı borcun 340 manatını hissə-hissə iddiaçıya ödəmişdir. Sonradan işləmədiyindən iddiaçıya olan borcunu vaxtında qaytara bilməmişdir. Hazırda onun iddiaçıya 610 manat borcu vardır. O, heç bir yerdə işləmir və maddi vəziyyəti yaxşı deyildir. Ona görə də iddiaçıya olan borcunu ödəməmişdir.Onun iddiaçıya olan borcunu birdəfə ödəməyə maddi imkanı yoxdur. Yaxın vaxtlarda iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materilallarına əlavə edilmiş, İddiaçı tərəfindən yazılmış sadə yazılı qəbzdə 2017-ci ilin fevral ayında Cavabdeh İddiaçı dörd dəfəyə 950 manat məbləğində borc pul aldığı, 340 manatının hissə-hissə qaytardığı və 610 manatı qaldığı qeyd olunmuşdur. Araşdırma zamanı və cavabdehin ərizəsi ilə müəyyən edildi ki, cavabdeh 2017-ci ilin fevral ayında iddiaçıdan 950 manat məbləğində borc pul almış, aldığı borcun 340 manatını ödəmiş, qalan 610 manatını isə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə tərəflərin izahatlarına və işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli,əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə,belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, 2017-ci ilin fevral ayında iddiaçı tərəfindən cavabdehə qısa müddət ərzində qaytarmaq şərti ilə 950 manat borc pul verilmişdir. Cavabdeh iddiaçıdan aldığı borcun 340 manatını qaytarsa da qalan 610 manatını hazırkı vaxtadək iddiaçıya ödəməmişdir. Cavabdeh iddiaçıdan 950 manat borc pul aldığını, aldığı borcun 340 manatını iddiaçıya ödədiyini, qalan 610 manatını isə yaxın vaxtlarda iddiaçıya hissə-hissə ödəyəcəyini bildirir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin 2017-ci ilin fevral ayında iddiaçıdan 950 manat borc pul alması, aldığı borcun 340 manatını iddiaçıya ödədiyini, hazırda iddiaçıya ödənilməmiş 610 manat borcu qaldığını və həmin borc məbləğini yaxın vaxtlarda iddiaçıya hissə-hissə ödəyəcəyinə dair məhkəməyə yazılı ərizə təqdim etdiyindən, iddia tələbinin cavabdehdən 610 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 610 manat borc pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 640 (altı yüz qırx) manat məbləği alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-768/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-768/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver