Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-775/2024 18.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs “X4” BOKT QSC-yə qarşı pul tələbinə dair mülki işə 18 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs “X4” BOKT QSC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 644 manat və iddianın verilməsi üçün 30 manat olmaqla, cəmi 674 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 03 iyul 2014-cü il tarixdə “X4” BOKT QSC-dən 900 manat kredit almışdır. Lakin xəbəri olmadan kredit təşkilatı ondan başqa dörd nəfəri də kredit müqaviləsinə qoşaraq birgə məsuliyyət yaratmaqla, ümumilikdə beş nəfərə 4500 manat kredit ayırmışdır. O, özünün aldığı kredit payını faizləri ilə birlikdə am ödəmişdir. Lakin birgə kredit alan beş nəfərdən Cavabdeh kreditin özünə aid hissəsini ödəməmiş, nəticədə kredit təşkilatına 456,40 manat əsas, 125,56 manat faiz və cərimə olmaqla, cəmi 581 manat kredit borcu yaranmışdır. Kredit təşkilatı məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli, 2(037)-1173/2015 nömrəli məhkəmə əmri ilə ondan və digər dörd nəfərdən cəmi 601,96 manat məbləğinin tutularaq kredit təşkilatına ödənilməsi barədə əmr verilmişdir. Lakin cavabdeh həmin vaxtdan hal-hazıradək heç bir ödəniş etməmiş, məhkəmə əmrinə əsasən kredit təşkilatına olan borc yalnız onun pensiyasına yönəldilməklə tutulur. Eyni zamanda həmin borc məbləğinə görə icra qurumu tərəfindən ondan ümumi məbləğin 7 faizi miqdarında icra xərci kimi 42 manat tələb edilir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, iddiaçını tanımır. Sözügedən məsələ ilə bağlı məlumatsızdır. O, kredit götürməmişdir. İddia tələbini əsassız hesab edir və təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməməmişlər. Üçüncü şəxsin nümayəndəsi ərizə göndərərək işə iştirakı olmadan baxaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: 19 oktyabr 2015-ci il tarixli, 2(037)-1173/2015 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, X2, X1, Cavabdeh, X3 və İddiaçı müştərək qayda cəmi 601,96 manat tutularaq kreditor “X4” BOKT QSC-nin hesabına ödənilməsi barədə əmr verilmişdir. “X4” BOKT QSC-nin 21 iyun 2023-cü il tarixli, 014 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 03 iyul 2014-cü il tarixdə təşkilatdan birgə borcalanlar qrupla birlikdə 1000 manat kredit almış və aldığı krediti də ödəmişdir. Birgə borcalan qrupda qalan borc Cavabdehdur. “X4” BOKT QSC-nin 09 sentyabr 2024-cü il tarixli, 040 nömrəli məktubundan görünür ki, Cavabdeh aldığı kreditdən 552,8 manat əsas, 133,3 manat faiz və 5,11 manat cərimə borcu ödəmişdir. Hazırda onun təşkilata olan 447,2 manat əsas, 29,87 manat faiz və 103,22 manat cərimə borcunu icra şöbəsi tərəfindən həmin qrupda olan İddiaçı pensiyasından tutularaq təşkilata ödənilmişdir. 15 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdehin 644 manat məbləğində borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, 19 oktyabr 2015-ci il tarixli, 2(037)-1173/2015 nömrəli məhkəmə əmrinə əsasən X2, X1, Cavabdeh, X3 və İddiaçı müştərək qayda cəmi 601,96 manat tutularaq kreditor “X4” BOKT QSC-nin hesabına ödənilməsi barədə əmr verilmişdir. “X4” BOKT QSC-nin 21 iyun 2023-cü il tarixli, 014 nömrəli arayışı üzrə iddiaçı 03 iyul 2014-cü il tarixdə təşkilatdan birgə borcalanlar qrupla birlikdə 1000 manat kredit almış və aldığı krediti də ödəmişdir. Birgə borcalan qrupda qalan borc cavabdehindir. “X4” BOKT QSC-nin 09 sentyabr 2024-cü il tarixli, 040 nömrəli məktubuna əsasən cavabdeh aldığı kreditdən 552,8 manat əsas, 133,3 manat faiz və 5,11 manat cərimə borcu ödəmişdir. Hazırda cavabdehin təşkilata olan 447,2 manat əsas, 29,87 manat faiz və 103,22 manat cərimə borcunu icra şöbəsi tərəfindən həmin qrupda olan iddiaçının pensiyasından tutularaq təşkilata ödənilmişdir. Cavabdeh kredit borcunu ödəməmiş və həmin kredit borcu iddiaçının pensiyasından tutulmuşdur. Bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı “X4” BOKT QSC-nin 09 sentyabr 2024-cü il tarixli, 040 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, cavabdehin təşkilata olan 447,2 manat əsas, 29,87 manat faiz və 103,22 manat cərimə borcu – cəmi 580,29 manat kredit borcu icra şöbəsi tərəfindən iddiaçının pensiyasından tutulmuşdur. Cavabdeh iddiaçının pensiyasından tutulmuş 580,29 manat pulu ona qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı oldğundan məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 580,29 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 580,29 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 610 (altı yüz on) manat 29 (iyirmi doqquz) qəpik alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-775/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-775/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver