Məhkəmə qərarları › İş №2(037)-794/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-794/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-794/2021 13.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 13 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 245,42 manat əsas, 1,52 manat faiz, 2,88 manat cərimə, 20,4 manat ödənilmiş dövlət rüsumu – cəmi 270 (iki yüz yetmiş) manat 22 (iyirmi iki) qəpik məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 10 avqust 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 15 avqust 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 09 dekabr 2019-cu il tarixdə 398-PKM-0521-19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 245,42 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 22 iyul 2021-ci il tarixə 245,42 manat əsas, 1,52 manat faiz və 2,88 manat cərimə borcu yaranmışdır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan bu müqaviləyə və onun əlavəsinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edə bilər. Cavabdehə xəbərdarlıqlar olunmasına baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən 245,42 manat əsas, 1,52 manat faiz, 2,88 manat cərimə, 20,4 manat ödənilmiş dövlət rüsumu – cəmi 270 (iki yüz yetmiş) manat 22 (iyirmi iki) qəpik məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 398-RKM-0521-19 nömrəli 09 dekabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 1 %-lə 60 ay müddətinə 245 (iki yüz qırx beş) manat 42 (qırx iki) qəpik kredit verilmişdir. 398-RKM-0521-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə 245,42 manat əsas və 5,24 manat faiz olmaqla cəmi 250,66 manat məbləğinin iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. 02 aprel 2021-ci il tarixli 14493/21 nömrəli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin beş gün ərzində iddiaçının hesabına ödənilməsi tələb olunmuşdur. 22 iyul 2021-ci il tarixli MA-0022196-21 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 398-RKM-0521-19 nömrəli 09 dekabr 2019-cu il tarixli müqavilə üzrə 22 iyul 2021-ci il tarixə 245,42 manat əsas, 1,52 manat faiz, 2,88 manat cərimə - cəmi 249 manat 82 qəpik borcu qaldığı qeyd olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 398-RKM-0521-19 nömrəli 09 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə illik 1% dərəcəsi ilə 60 ay müddətinə 245,42 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb edə bilər. Cavabdehin 398-RKM-0521-19 nömrəli 09 dekabr 2019-cu il tarixli müqavilə üzrə 245,42 manat əsas, 1,52 manat faiz, 2,88 manat cərimə borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 245,42 manat əsas, 1,52 manat faiz, 2,88 manat cərimə, 20,4 manat ödənilmiş dövlət rüsumu – cəmi 270 (iki yüz yetmiş) manat 22 (iyirmi iki) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti, ona hesablanmış faiz və cəriməni ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 245,42 manat əsas, 1,52 manat faiz, 2,88 manat cərimə və 20,4 manat ödənilmiş dövlət rüsumu – cəmi 270 (iki yüz yetmiş) manat 22 (iyirmi iki) qəpik borc məbləği tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar