Məhkəmə qərarları › İş №2(037)-797/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-797/2022

20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-797/2022 20.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 20 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin icarəsində olan İsmayıllı rayonu, Diyallı kəndində yerləşən 6 ha torpaq sahəsində əkilmiş arpa sahəsinin Cavabdeh tərəfindən biçilərək aparılması nəticəsində vurulmuş ziyana görə 3792 manat məbləğinin və ödənilmiş 57.92 manar dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı) nümayəndəsi X4 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Diyallı kəndində yaşayan Cavabdeh 21 may 2021-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək X1 mülkiyyətində olan və 22 yanvar 2021-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək İddiaçı QSC-nin icarəsinə verilmiş İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən 6 ha torpaq sahəsində əkilmiş arpanı biçməklə iddiaçıya 3792 manat məbləğində ziyan vurulması faktı üzrə təhqiqatçının 10 mart 2022-ci il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin bağlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 15 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 3(037)-141/2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, 3792 manat məbləğində cərimə edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(107)-110/2022-ci saylı qərarı ilə sözügedən qərar dəyişdirilmədən saxlanılmışdır. Ona görə də Cavabdeh vurulmuş maddi ziyana görə 3792 manat məbləğinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (bundan sonra cavabdeh) iddia tələbini etiraf etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İddiaçı QSC-yə məxsus arpa sahəsindən biçdirdiyi arpanın onlara məxsus olduğunu bilməmiş, sonradan ona məlum olmuşdur ki, həmin sahə İddiaçı QSCyə məxsusdur. Buna baxmayaraq o, biçdirdiyi arpanın pulunu hissə-hissə ödəməyə hazırdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 22 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 mülkiyyət hüququ ilə məxsus İsmayıllı rayonu Diyallı kəndində yerləşən 122,247 ha torpaq sahəsi İsmayıllı rayonu, Keyvəndi İddiaçı QSC-yə (adından X2) xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 3(037)-141/2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, 3792 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Araşdırma zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə X5 arasında 22 yanvar 2021-ci il tarixdə torpaq sahəsinin icarəsi müqaviləsi bağlanılmış və müqaviləyə əsasən Zöhrab Aslanovun mülkiyyətində olan İsmayıllı rayonu Diyallı kəndində yerləşən 122,247 ha torpaq sahəsi 31 dekabr 2031-ci il tarixədək İddiaçı MMC-nin icarəsinə verilmişdir. İddiaçı QSC-nin müraciəti əsasında toplanmış məlumatlar mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1ci maddəsi ilə 15 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 3(037)-141/2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, 3792 manat məbləğində cərimə edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(107)-110/2022-ci saylı qərarı ilə sözügedən qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı QSC əkdiyi arpanı icarəsində olan torpaq sahəsində əkmişdir. Cavabdeh İddiaçı QSC-nin əkdiyi arpanın onlara məxsus olduğunu bilmədən biçdiyini bildirsə də həmin torpaq sahəsinin hazırda Cavabdeh mülkiyyətində və ya icarəsində olmasını təsdiq edən heç bir sənəd olmadığından, eyni zamanda arpa biçini ilə bağlı onun əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati qaydada cərimə edildiyindən və müvafiq qərarlar qanuni qüvvəsini aldığından, məhkəmə qərara gəlir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh vurulmuş maddi ziyana görə 3792 manat məbləğinin alınaraq İddiaçı QSC-ə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 57,92 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən vurulmuş maddi ziyana görə 3792 manat məbləği alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 3792 manat və 57.92 manat dövlət rüsumu olmaqla, cəmi 3849.92 (üç min səkkiz yüz qırx doqquz manat doxsan iki qəpik) manat məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar