Məhkəmə qərarları › İş №2(037)-836/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-836/2022

19.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-836/2022 19.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 19 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vururlmuş maddi zərərin əvəzi olaraq 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yaşamaqla kənd təsərrüfatı ilə məşğul olur. Torpaq islahatları zamanı onun və ailə üzvlərinin birgə mülkiyyətinə 0,80 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 0,42 ha hissəsi isə bağ yeri olmaqla əmlak payıdır və orada çoxillik meyvə ağacları mövcud olmuşdur. Həmkəndlisi olan Cavabdeh 2013-cü ildə ona müraciət edərək mülkiyyətində olan əkin torpaq sahəsinin ona qonşu olan 0,42 ha hissəsini ona icarəyə verməsini xahiş etmişdir. Həmin torpağın əvəzində isə ona özünün mülkiyyətində olan və başqa yerdə yerləşən 1,09 ha əkin torpaq sahəsini əkib becərmək üçün verməyi vəd etmişdir. Bundan sonra o həmin torpaq sahəsini cavabdehə icarəyə vermiş və o bir neçə il cavabdehə məxsus ona icarəyə verdiyi 1,09 ha əkin torpaq sahəsini əkmiş, lakin torpaq münbit olmadığından məhsul əldə edə bilmədiyi üçün ona qaytarsa da cavabdeh ona məxsus torpaq sahəsini əkib becərməkdə davam edir.O,cavabdehdən torpağı qaytarmasını tələb etsə də cavabdeh ondan torpağa çəkdiyi xərci tələb edərək qaytarmaqdan imtina edir.Belə olan halda o cavabdehə torpaq sahəsinin əkin üçün yaralı olduğunu və ona xərcin çəkilməsinə lüzüm olmadığını bildirmiş, cavabdeh isə əsassız arqumentlər gətirərək həmin torpaq sahəsinə su arxı çəkdiyini, bildirmişdir. Bu mübahisəyə məhkəmədə baxılaraq onun iddiası qismən təmin edilmiş, lakin cavabdeh onun icazəsi olmadan torpaq sahəsinin ətrafında əkdiyi çoxillik meyvə ağaclarını qanunsuz olaraq kəsmişdir. Belə ki, torpaq sahəsi cavabdehin istifadəsində olduğu müddətdə ona məxsus 10-15 illik bar verən, hər birinin dəyəri 200 manat olan beş ədəd xar tut ağacını, 15 illik bar verən, hər birinin dəyəri 400 manat olan beş ədəd qoz ağacını kəsib məhv etmiş, bununla da ona ümumilikdə 3000 manat maddi ziyan vurmuşdur. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi iki, İddiaçı onun əmisidir. 2013-cü ildə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0.42 hektarını almağı ona təklif etmişdir. İddiaçı mülkiyyətində olan 0.42 hektar torpaq sahəsi ona məxsus torpaq sahəsinə bitişik olduğundan həmin torpaq sahəsini almaq barədə İddiaçıla razılığa gəlmişlər.Razılığa əsasən İddiaçı 0.42 hektar torpaq sahəsini ona vermiş, əvəzində isə 1.09 hektar torpaq sahəsini satın alaraq İddiaçı vermişdir. İddiaçıla qohum olduqlarından torpaq sahələrini rəsmiləşdirməyə cəhd etməmişdir və düşünmüşdür ki, istənilən zaman torpaq sahələrinin rəsmiləşdirməsini həyata keçirə bilər. 2013-cü ildən İddiaçı Sərvər Məmmədovdan alıb verdiyi 1.09 hektar torpaq sahəsini əkib becərmişdir. 2019-cu ildə İddiaçı 1.09 hektar torpaq sahəsini istəmədiyini və mülkiyyətində olan 0.42 hektar torpaq sahəsini qaytarmağı bildirmişdir. O, İddiaçı istəyi ilə 1.09 hektar torpaq sahəsinə görə 1500 manat xərc çəkmişdir. Bundan əlavə İddiaçı aldığı 0.42 hektar torpaq sahəsi yararsız vəziyyətdə olduğundan həmin torpaq sahəsini əkinə yararlı hala gətirilməsi üçün ümumilkildə 4000 manat xərc çəkmişdir.O,İddiaçı çəkdiyi 4000 manat xərci ödədikdən sonra mülkiyyətində olan torpağı qaytaracağını bildirmişdir. İddiaçı heç bir halda ona pul ödəməyəcəyini bildirməklə,torpaq sahəsini boşaltmağı və həmin ərazini tərk etməyi tələb etmişdir. İddiaçı çəkdiyi xərci ödəmədiyindən mübahisəli torpaq sahəsini boşaltmamışdır. Sonradan İddiaçıla aralarında qarşılıqlı razılaşma olmuş və razılaşmaya əsasən 0.42 hektar torpaq sahəsini İddiaçı təhvil vermişdir. Buna baxmayaraq İddiaçı ona qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizədə güya İddiaçı icazəsi olmadan torpaq sahəsinin ətrafında əkdiyi çoxillik meyvə ağaclarını 10-15 illik bar verən,hər birinin dəyəri 200 manat olan beş ədəd xar tut ağacını və 15 illik bar verən, hər birinin dəyəri 400 manat olan beş ədəd qoz ağacını kəsib məhv etmiş və bununla da İddiaçı ümumilikdə 3000 manat maddi zərər vurduğunu qeyd edərək həmin məbləği ondan tələb etmişdir. İddiaçı ondan 3000 manat maddi zərər məbləğini tələb etməsinə münasibət bildiərək qeyd edir ki, İsmayıllı Bələdiyyəsinin nümayəndəsi tərəfindən tərəflərin iştirakı ilə əraziyə baxış keçirilmiş, baxış zamanı həmin ərazidə ağacların kəsilib götürülmədiyi müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı mülkiyyətində olan torpaq sahəsinin ətrafında çoxillik bar verən meyvə ağacları olmasını və həmin ağacların onun tərəfindən kəsildiyini iddia etsə də, həmin ərazidə çoxillik meyvə ağacları olmasını və sözügedən ağacların onun tərəfindən kəsilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərdə əks olunmuş ağaclar iddiaçıya məxsus torpaq sahəsində deyil, başqa ərazidə yerləşir. Göstərilənlərə əsasən iddiaçının iddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan cavabdehin şifahi vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq İsmayıllı Bələdiyyəsi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli, 382 saylı məktubdan görünür ki,bələdiyyənin nümayəndəsi tərəfindən tərəflərin iştirakı ilə əraziyə baxış keçirilmiş,baxış zamanı həmin ərazidə ağacların kəsilib götürülmədiyi müəyyən olunmuşdur. Lakin ərazidə diametri 50 sm olan 1 ədəd qara tut ağacının diametri 25 sm budağının külək nəticəsində aşdığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işəbaxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi,əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 3000 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından və təqdim etdiyi fotoşəkillərdən başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəməyə iddia etdiyi faktlarla bağlı fotoşəkillər təqdim etmiş, lakin sözügedən fotoşəkillərin, harada, kim tərəfindən çəkildiyi, ümumiyyətlə həmin şəkillərdəki ağacların sözügedən əraziyə aid olub olmadığı, aitdirsə ağacların kəsilməsi, əgər kəsilmişdirsə kim tərəfindən və necə icra olunması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar