Məhkəmə qərarları › İş №2(037)-84/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-84/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-84/2024 27.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 27 mart 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2490 manat maddi ziyan və ödənilmiş 44,90 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2534,9 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 07 sentyabr 2023-cü il tarixdə 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota RAV-4” markalı **-AJ-*** dövlət nömrə nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 12-ci km-də hərəkətdə olarkən cavabdehə məxsus inəyin magistral yolda nəzarətsiz qalması nəticəsində yol hərəkəti hadisəsi baş vermiş və nəticədə avtomobilinə küllü miqdarda ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı fakt yol polisi tərəfindən araşdırılmış, müvafiq izahatlar alınmış və cavabdeh barəsində 09 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 1 saylı "Xəzər Lada" Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli 11 nömrəli rəyə əsasən idarə etdiyi “Toyota RAV-4” markalı **-AJ-*** dövlət nömrə nişanlı avtomobilə 2490 manat məbləğində ziyan dəymişdir. İsmayıll Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 3(037)-428/2023 nömrəli qərarı ilə baş vermiş yol hərəkəti hadisəsinə hüquqi qiymət verilmiş və cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində idarə etdiyi “Toyota RAV-4” markalı **-AJ-*** dövlət nömrə nişanlı avtomobilə küllü miqdarda ziyan dəymişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçının iddia tələbində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı yolnəqliyyat hadisəsi zamanı guya ona 2490 manat məbləğdə ziyan dəydiyini göstərmişdir. İddiaçının iddia ərizəsində qeyd etdikləri və ona dəymiş maddi ziyanın məbləği ilə razılaşmır. 07 sentyabr 2023-cü il tarixdə təsərrüfatında olan bir baş inəyin yolda avtomobili vurduğu barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlmişdir. Lakin “Toyota RAV-4” markalı, 10 AJ-111 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilməsində və qəza nəticəsində sıradan çıxmış ehtiyat hissələrinin müəyyən edilməsi üçün onun iştirakı ilə ziyan aktı tərtib edilməmişdir. Beləliklə, "Toyota RAV-4" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə laqədar təmirə yararlı və yararsız olan zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərclərinə, zəhmət haqqı ehtiyat hissələri olmaqla, ümumilikdə tələb olunan məbləğ göstərilməli və təmir olunması üçün tələb olunan ehtiyat hissələri ayrı-ayrılıqda göstərilməmiş, avtomobilin hansı ünvanda təmir olunduğu, ehtiyat hissələrini haradan və hansı qiymətə əldə etdiyi, ödəniş qəbzi, foto-şəkil və digər işlərin müəyyən olunmasını əks etdirən xərcləri göstərməmişdir. Hesab edir ki, ekspert rəyində də göstərilən 2340 manat məbləğ şişirdilmiş rəqəmdir və göstərilən məbləğ həqiqəti əks etdirmir. Belə ki, bir avtomobilin bir baş heyvanı vurması nəticəsində 2340 manat avtomobilə maddi ziyan dəyməsi ağlabatan deyil. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, 10 AJ-111 dövlət qeydiyyat nişanlı “Toyota RAV-4” minik markalı avtomobil "xxxx" MMC-nin adına qeydə alınmışdır. 05 yanvar 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan “Toyota RAV-4” markalı, 10 AJ-111 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etmək üçün X1 etibar edilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh barəsində İXM-nin 338.7-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Yevlax 1 saylı "xxxx" Səhmdar Cəmiyyətinin 08 sentyabr 2023-cü il tarixli, 11 nömrəli rəyinin surətindən görünür ki, “Toyota RAV-4” markalı, 10 AJ-111 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2490 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 3(037)-428/2023 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirili bilinib 80 manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-9/359/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş Yevlax 1 saylı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 11 nömrəli qüsur aktında 2014-cü il buraxılışlı, “Toyota RAV-4” markalı, 10 AJ-111 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2340 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. 23 oktyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 44,90 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 07 sentyabr 2023-cü il tarixdə 16:00 radələrində iddiaçı etibarnamə əsasında idarə etdiyi “Toyota RAV-4” markalı **-AJ- *** dövlət nömrə nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 12-ci km-də hərəkətdə olarkən cavabdehə məxsus inəyin magistral yolda nəzarətsiz qalması nəticəsində qəza törətmiş və nəticədə avtomobilinə maddi ziyan dəymişdir. İsmayıllı rayon Polis Şöbəsinin İXP ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə cavabdeh barəsində İXM-nin 338.7-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 3(037)-428/2023 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirili bilinib 80 manat miqdarında inzibati cərimə edilmişdir. Yevlax 1 saylı "xxxx" Səhmdar Cəmiyyətinin 08 sentyabr 2023-cü il tarixli, 11 nömrəli rəyi ilə “Toyota RAV-4” markalı, 10 AJ-111 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2490 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-9/359/2024 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, təqdim edilmiş Yevlax 1 saylı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 11 nömrəli qüsur aktında 2014-cü il buraxılışlı, “Toyota RAV-4” markalı, 10 AJ-111 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2340 manat müəyyən edilmişdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ekspert rəyində göstərilən 2340 manat məbləğin şişirdilmiş olduğunu, göstərilən məbləğin həqiqəti əks etdirmədiyini, həmin avtomobilə 2340 manat maddi ziyan dəyməsi ağlabatan olmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı etibarnamə əsasında idarə etdiyi “Toyota RAV-4” markalı, 10 AJ-111 dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 12-ci km-də hərəkətdə olarkən cavabdehə məxsus inəyin magistral yolda nəzarətsiz qalması nəticəsində qəza törətmiş, baş vermiş qəza nəticəsində sonuncuya məxsus avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-9/359/2024 nömrəli ekspert rəyinə əsasən “Toyota RAV-4” markalı, 10 AJ-111 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2340 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşır və hesab edir ki, iddia tələbi qismən – 2340 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 2340 manatdır. Ona görə də cavabdehdən 2340 manat və həmin məbləğə uyğun olaraq 43,4 manat ödənilmiş dövlət rüsumu da alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 1,5 manatı iddiaçının özünə aid edilməlidir. Cavabdehin vəsatətinə əsasən məhkəmə-əmtəəşünaslıq ekpsertizası təyin edildiyindən iş üzrə ekspertiza xərci olan 100 manat məbləği ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2340 (iki min üç yüz qırx) manat dəymiş ziyan və 43,4 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 2.383,4 (iki min üç yüz səksən üç manat qırx qəpik) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan 1,5 manat hissəsi iddiaçının özünə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar