Məhkəmə qərarları › İş №2(037)-850/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-850/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-850/2025 16.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 16 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurulmuş maddi zərərin əvəzi kimi 17500 manat və dövlət rüsumu kimi ödədiyi 143 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhərində yaşayır. 2002-ci ilin sonlarında İsmayıllı rayon İsmayıllı kənd sakini X12 ona müraciət edərək anası X3 özlərinə məxsus ümumi mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 hektar bağ sahəsini satmaq istədiyini bildirmişdir.O,da həmin sahəni onlardan satın almaq istəmişdir. Ancaq torpaq sahəsinin onun adına rəsmiləşdirilməsində olan problemlərin necə həll olunacağını soruşduqda Gəray ona bildirdi ki, narahat olma bütün yaranacaq problemləri özü həll edəcəkdir. O, Gəraya və onun ailə üzvlərinə inanaraq onların mülkiyyətində olan pay torpaq sahəsinin 0,10 hektar bağ altı hissəsini o zaman mövcud olan bazar qiyməti ilə 250000 manata şifahi alğı-satqı yolu ilə satın almışdır. Torpaq sahəsini onlar naturada ölçərək onun faktiki mülkiyyətinə verdilər və o da razılaşdırılmış qiyməti, yəni 250000 manat pulu onlara ödəmişdir. Həmin vaxt ailədə olan yetkinlik yaşına çatmış şəxslər, ailə başçısı X10,X1, X12 və Cavabdeh1 imzaladıqları iltizamlar tərtib edilmişdir. Həmin iltizam onun tərəfindən X3 evində adları iltizamda olan şəxslərin iştirakı ila yazılmışdır və həmin şəxslər iltizama imza edərək torpaq sahəsinin ona satıldığını həm yazılı, həmdə şifahi olaraq təsdiq etmişlər. Həmin vaxtdan torpaq sahəsi onun faktiki mülkiyyətində olmaqla onun tərəfindən əkilib-becərilmişdir və torpaq vergisi də onun tərəfindən ödənilmişdir. Az vaxtdan sonra Çiçək Kərimova, sonra Bayalı Kərimov, daha sonra isə Gəray Kərimov vəfat etmişlər. Bu müddət ərzində o dəfələrlə hələ Gəray sağ olan vaxt torpaq sahəsini qanuni yolla onun adına rəsmiləşdirməsini xahiş etmişdir. Hər dəfə müxtəlif bəhanələrlə bu prosesi uzatmış və 2024-cü ildə onun xəbəri olmadan onlar torpaq sahəsinin hələdə sənəd üzrə onların mülkiyyətində olmasından istifadə edərək şumlayaraq onun əlindən almışlar. Sonradan yəni 2024-cü ildə Gərayda vəfat etdi və onun arvadı Cavabdeh1, oğlu Cavabdeh2 torpaq sahəsini ona qaytarmaqdan imtina etdilər və bildirirlər ki,vaxtında adına keçirmədiyi üçün onlar öz adlarına olan torpaq sahəsini indi ona vermirlər. Yuxarıda qeyd etdiyi kimi torpaq sahəsini 22 il öz mülkiyyəti kimi o əkib-becərmişdir,torpağın münbüt olması üçün ona aqrotexniki qaydada qulluq edərək kifayət qədər vəsait xərcləmişdir, torpaq sahəsinin vergilərini o ödəmişdir və ərizəsinə əlavə etdiyi qiymətləndirmə haqqında olan rəydən göründüyü kimi həmin torpaq sahəsinin hazırkə bazar qiyməti 17500 manat təşkil edir. 22 il öz mülkiyyəti kimi istifadə etdiyi torpaq sahəsini cavabdehlər sənəd üzrə onların mülkiyyəti sayılmasından istifadə edərək geri almaları ona həm maddi, həmdə mənəvi ziyan vurmuşlar. O, dəfələrlə cavabdehlərlə ya torpaq sahəsini boşaltmalarını, ya da ona vurulmuş ziyanın pul formasında geri qaytarılmasını onlardan istəsə də cavabdehlər ona bildirirlər ki, torpaq sahəsini ona satanlar artıq ölüblər və onlar ölülərin yerinə məsuliyyət daşımırlar. Cavabdehlər aldığı torpaq sahəsini ona vermədiklərindən məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün 143 manat dövlət rüsumu ödənilmişdir.O, cavabdehlərdən ona vurulmuş maddi zərərin əvəzi kimi 17500 manat və dövlət rüsumu kimi ödənilmiş 143 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. Mülkiyyətlərində olan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.10 hektar bağaltı torpaq sahəsi iddiaçıya satılmamışdır.Həmin torpaq sahəsi iddiaçıya əri Gəray tərəfindən uzun müddətə icarəyə verilmişdir. Belə ki, mərhum əri Gəray vəfat etməmişdən əvvəl iddiaçıdan nisyə 24 şirvana matapila zabçastı almış, əvəzində isə mülkiyyətlərində olan 0.10 hektar bağaltı torpaq sahəsini iddiaçıya uzun müddətə icarəyə vermişdir ki, torpaq sahəsini istifadə edib nisyə verdiyi zapçastın pulunu çıxarsın. İddiaçı torpaq sahəsini icarəyə götürmək üçün yaşadıqları evə gələrək onlara ağ kağıza qol çəkdirmişdir. İddiaçı mülkiyyətlərində olan torpaq sahəsini uzun müddət əkibbecərərək gəlir əldə etmişdir. Əri Gəray vəfat etdikdən sonra iddiaçıya müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsini özləri əkib-becərəcəklərini bildirmişlər. Lakin iddiaçı bununla razı olmayaraq əri Gərayın torpaq sahəsini ona satdığını bildirdirmişdir. İddiaçı mülkiyyətlərində olan torpaq sahəsini ona qaytarmadığından məcbur qalaraq həmin torpaq sahəsini təmizləyərək özləri əkmişlər. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, mülkiyyətlərində olan 0.10 hektar bağaltı torpaq sahəsi iddiaçıya satılmamış, uzun müddətə icarəyə verilmiş, eyni zamanda iddiaçı tərəfindən həmin torpaq sahəsində heç bir yaxşılaşdırma işləri aparılmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, Niyal küçəsi ev 1 ünvanında yaşayır. Əhmədşah qonşusudur. 30 ildən çoxdur ki, Əhmədşahı tanıyır. Əhmədşahla birlikdə mübahisəli torpaq sahəsində kartoçka əkmişlər. Eşitdiyinə görə Əhməşdah əkdikləri 0.10 hektar torpaq sahəsini Çiçək adlı şəxsdən pulunu verib satın almışdır. Çünki həmin torpaq sahəsi təxminən 2000-ci ildən Əhmədşahın istifadəsindədir. Sonuncu dəfə mübahisəli torpaq sahəsi Əhmədşah tərəfindən əkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri,Niyal küçəsi ev 4 ünvanında yaşayır. Əhmədşah qonşusudur. Eşitdiyinə görə 20 ildən çoxdur ki, Əhmədşah mübahisəli torpaq sahəsinin pulunu verib satın almışdır. Hazırkı vaxtadək həmin torpaq sahəsi Əhmədşah tərəfindən istifadə edilmişdir. Eşitdiyinə görə Əhmədşah mübahisəli torpaq sahəsini Çiçək adlı şəxsdən satın almışdır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İsmayıllı Rayonu İsmayıllı Kənd Bələdiyyəsi tərəfindən verilmiş 11 dekabr 2012-ci il tarixli, Seriya GSR №002126 nömrəli yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün qəbzin surətindən görünür ki, X9 məxsus torpaq sahəsinə görə 2011-ci ilədək olan vergi borcuna görə Surxayev Əhmədaşh tərəfindən İsmayıllı Rayonu İsmayıllı Kənd Bələdiyyəsinə 7 manat vergi ödənilmişdir. İsmayıllı bələdiyyəsi tərəfindən verilmiş 29 iyul 2015-ci il tarixli bildirişin surətindən görünür ki,İsmayıllı rayonu,İsmayıllı kəndi ünvanında yaşayan vətəndaş İddiaçı xx.xx.2015-ci il tarixə İsmayıllı bələdiyyəsinə 37.63 manat məbləğində torpaq vergisi borcu olduğu qeyd edilmişdir. İsmayıllı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, №5675 nömrəli bildirişin surətindən görünür ki, İsmayıllı şəhəri, Niyal küçəsi ev 1A ünvanında yaşayan vətəndaş İddiaçı xx.xx.2017-ci il tarixə İsmayıllı bələdiyyəsinə 157.52 manat məbləğində torpaq vergisi borcu olduğu qeyd edilmişdir. Sadə yazılı formada imza edilmiş iltizamdan görünür ki, X10 iltizam yazaraq ona məxsus olan əmlak payına düşən 10 sota içində 3 ədəd alma ağacı 1 ədəd qoz ağacı olan bağ sahəsini özü və ailəsinin razılığına əsasən 250.000 manata İddiaçı satılmasına razılıq verdikləri qeyd edilərək özü və ailə üzvləri tərəfindən imza edilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli, AZ-İİ № 410785 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 06 ayının 13 günündə 249 nömrə ilə qeyd edilmişdir. JN-408 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayonu İsmayıllı kənd sakinləri X10, X2,X13,Cavabdeh1, X11 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 1.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və Dövlət Aktı iki nüsxədə tərtib olunaraq bir nüsxəsi X5 verilmişdir. "xxxx" MMC-nin 05 aprel 2024-cü il tarixli 11 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən mərhum X10 və onun ailə üzvlərinin mülkiyyətində olmuş və İddiaçı faktiki istifadəsində olan (mülkiyyətçidən vaxtilə əvvəlki pul vahidi ilə 250000 manata aldığı) olan 0.10 hektar torpaq sahəsinin hazırda həmin ərazi üzrə mövcud bazar qiyməti 1500+2000=2500/2=1750x10=17500 manat həddində qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki,xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən 14221104 büdcə təsnifat koduna 143 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin və cavabdehlərin izahatlarını və şahid ifadələrini dinləyib, "xxxx" MMC-nin texniki araşdırma və qiymətləndirmə rəyini nəzərdən keçirib,təqdim edilən sübutları tədqiq edərək,iddia ərizəsinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki tələb üzrə iddianın 17500 manat hissəsinə münasibətdə iddianın əsasını torpaq sahəsinin alğı-satqısı üçün iddiaçı tərəfindən verilmiş pul məbləğinin cavabdehlərdən alınması ilə bağlı mübahisə təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Tərəf və şahid ifadələrindən də göründüyü kimi, 2002-ci ildə Çiçək Kərimova və ailə üzvləri özlərinə məxsus 1.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.10 hektar bağaltı sahəsi hissəsini yerində ölçərək iddiaçıya təhvil vermişlər, əvəzində isə iddiaçıdan həmin torpaq sahəsinin alğı-satqısı üçün 250000 manat məbləğində pul almışlar. Cavabdehlər sonradan iddiaçıya satılmış 0.10 hektar bağaltı torpaq sahəsini icarəyə verdiklərini əsas göstərərək həmin torpaq sahəsini ondan geri almışlar. 2002-ci ildə iddiaçıya təhvil verilmiş 0.10 hektar bağaltı təyinatlı torpaq sahəsinin hazırda həmin ərazi üzrə mövcud bazar qiyməti 17500 manat təşkil edir. İddiaçı cavabdehlərdən 2002-ci ildə təhvil verilmiş 0.10 hektar bağaltı torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri olan 17500 manat məbləğini tələb edir. Cavabdehlər mülkiyyətlərində olan 0.10 hektar bağaltı torpaq sahəsini iddiaçıya satmadıqlarını, uzun müddətə icarəyə verildiyini, eyni zamanda iddiaçı tərəfindən həmin torpaq sahəsində heç bir yaxşılaşdırma işləri aparılmadığını bildirirlər və iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır.İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu,mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə,daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaklarla bağlı alğı-satqı müqaviləsinin bağlanmasının xüsusi qaydasını müəyyənləşdirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa,tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır.Belə ki,tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır.Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur.Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər.Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın,yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt-varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıdan mübahisəli torpaq sahəsinin satışından pul aldıqları halda həmin torpaq sahəsini iddiaçıya verməməklə sonuncunun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslər sayılırlar. Cavabdehlər əsassız varlanmadan əldə etdikləri vəsaiti iddiaçıya qaytarmalı olduqlarından məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə,iddia tələbi həmin hissədə təmin olunaraq 0.10 hektar bağaltı torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 17500 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 17500 manat məbləği alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 143 manat məbləği cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 17500 manat və dövlət rüsumu olaraq ödənilmiş 143 manat məbləği alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar