Məhkəmə qərarları › İş №2(037)-854/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-854/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-854/2021 30.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 30 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: «Unibank” X3 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ərizə ilə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 460,87 manat əsas, 108,69 manat faiz olmaqla cəmi 569,56 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 24 avqust 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 26 avqust 2021-ci il tarixdə almışlar, lakin iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 100000 manat məbləğində 120 ay müddətinə, 14 fevral 2030-cu il tarixədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 15 ay müddətinə illik 27 % ödəmək şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Əsas və əlavə kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinə əsasən ikinci və üçüncü cavabdehlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Cavabdehlərin 23 iyul 2021-ci il tarixinə kredit müqaviləsi üzrə 460,87 manat əsas, 108,69 manat faiz olmaqla cəmi 569,56 manat borcu yaranmışdır. Cavabdehlərlə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 460,87 manat əsas, 108,69 manat faiz olmaqla cəmi 569,56 manat borcun və 30 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 14 fevral 2020-ci il tarixli 177micİSML/20-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, borcverən borcalana 10000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, 14 fevral 2030cu il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit veriri və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz az müəyyən oluna bilər. 14 fevral 2020-ci il tarixli 177micİSML/20 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 15 ay müddətinə 14 may 2021-ci il tarixədək illik 27 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. 14 fevral 2020-ci il tarixli 177micİSML/20 nömrəli əlavə kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, birinci cavabdeh müqavilə üzrə 15 ay müddətində hər ay 80 manat ödəniş etməklə 1000 manat əsas və 189,6 manat faiz, cəmi 1189,6 manat ödəməyi öhdəsinə götürmüşdür. 14 fevral 2020-ci il tarixli 177micİSML/20 nömrəli zaminlik müqaviləsindən görünür ki, ikinci və üçüncü cavabdehlər iddiaçı qarşısında birinci cavabdehin 14 fevral 2020-ci il tarixli 177micİSML/20 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetriilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. 05 may 2021-ci il tarixli bildirişin surətindən görünür ki, birinci cavabdehdən 14 fevral 2020-ci il tarixli 177micİSML/20 nömrəli kredit müqaviləsi üzrə 05 may 2021-ci il tarixə yaranmış 460,87 manat əsas, 81,26 manat faiz olmaqla cəmi 542,13 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 23 iyul 2021-ci il tarixli UB-BANK/PİKMD/971878 nömrəli arayışdan görünür ki, birinci cavabdehin 23 iyul 2021-ci il tarixə 177micİSML/20 nömrəli kredit müqaviləsi üzrə 460,87 manat əsas, 108,69 manat faiz – cəmi 569,56 manat kredit borcu yaranmışdır. 23 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün əlavə kredit müqavilələri bağlanılmaqla 14 fevral 2030-cu il tarixədək 120 ay müddətinə 100000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Əsas kredit müqaviləsinə uyğun olaraq iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 14 fevral 2020ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 15 ay müddətinə illik 27 % ödəmək şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Əsas və əlavə kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanılaraq ikinci və üçüncü cavabdehlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir. Birinci cavabdehin 177micİSML/20 nömrəli əlavə kredit müqaviləsi üzrə 460,87 manat əsas, 108,69 manat faiz olmaqla cəmi 569,56 manat qalmışdır. Birinci cavabdehə 05 may 2021-ci il tarixdə bildiriş göndərilərək müqavilə üzrə yaranmış borc məbləğinin üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 460,87 manat əsas, 108,69 manat faiz olmaqla cəmi 569,56 manat borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrnin şərtlərinə uyğun olaraq cavabdehlər krediti və ona hesablanmış faizləri ödəməli olduqlarından iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 460,87 manat əsas, 108,69 manat faiz və 30 manat dövlət rüsumu, cəmi 599 (beş yüz doxsan doqquz) manat 56 (əlli altı) qəpik məbləği alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar