Məhkəmə qərarları › İş №2(037)-86/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-86/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-86/2022 02.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 02 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.04.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7653,17 manat əsas, 917,09 manat faiz borcu, 1610,77 manat cərimə olmaqla, ümumilikdə 10181,03 manat borcun və 120,6 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 11 aprel 2019cu il tarixdə bağlanmış 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəlikərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1la birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2020-ci il tarixli 007A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 4346,83 manat ödəniş etmiş və onun iddiaçıya 7653,17 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 02.02.2021ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Beləliklə Cavabdeh1 kredit və faiz borcunu kreditora qaytarmadığı üçün 24.09.2021-ci il tarixə 234 gün üçün hesablanmış faiz borcu 917,09 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəniməsi nəzərdə tutulmuşdur. 24.09.2021-ci il tarixə 234 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği 1610,77 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. İddiaçı Cavabdeh1 arasında bağlanmış 11.04.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7653,17 manat əsas, 917,09 manat faiz borcu, 1610,77 manat cərimə olmaqla, ümumilikdə 10181,03 manat borcun və 120,6 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 təmsil etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək göstərdi ki, Cavabdeh1 oğludur. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 11.04.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinə əsasən oğlu aylıq faiz dərəcəsi 1,833% olmaqla 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit götürdükdən sonra bir müddət işsiz qalmış və bu səbəbdən də banklara olan kredit borcunu ödəyə bilməmişdir. Oğlu hazırda işlə təmin olunmuşdur. Oğlunun digər banka da kredit borcu var və həmin kredit borcu oğlunun əmək haqqına yönəldilmişdir. İddiaçı QSC tərəfindən tələb olunan kredit borcunu oğlu hissə-hissə ödəyə bilər. Lakin bank tərəfindən tələb edilən cərimənin miqdarı isə çox yüksəkdir. Qeyd etdiklərinə əsasən oğlu Cavabdeh1 maddi vəziyyəti nəzərə alınaraq cərimə məbləğindən azad edilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin poçt zərflərindən də göründüyü kimi Cavabdeh2 məhkəmə bildirişlərini almaqdan imtina etmişdir. Cavabdeh2 həmçinin 055 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. (Mülki Prosessual Məcəllə maddə 135.7) Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. 11 aprel 2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,833% olmaqla 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 11 aprel 2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş planından müəyyən edilir ki, Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş 36 ay müddətində 12000 manat əsas və 4495,92 manat faiz borcu olmaqla, cəmi 16495,92 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 11 aprel 2019-cu il tarixli 007G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1la birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 28 avqust 2020-ci il tarixli 007A**********S saylı saziş və sazişə əlavə olunmuş ödəniş planından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2019-cu il tarixli 007G**********01 saylı kredit müqaviləsi üzrə ödəniş planına dəyişiklik edilmiş və dəyişikliyə əsasən Cavabdeh1 28 avqust 2020-ci il tarixli 007A**********S saylı saziş üzrə 26 ay müddətində 8516,6 manat əsas və 2461,26 manat faiz borcu olmaqla, cəmi 10977,86 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 20 sentyabr 2021-ci il tarixli xəbərdarlıq bildirişlərinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. 30 sentyabr 2021-ci il tarixli 23186 nömrəli maliyyə arayışından görünür ki, 11 aprel 2019-cu il tarixli 007A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 24 sentyabr 2021-ci il tarixinə yaranmış ümumi borcu 10181,03 manat məbləğində olmuşdur. Mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 120,60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,833% olmaqla 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 ilə İddiaçı QSC arasında 11 aprel 2019-cu il tarixli 007G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin imzaladıqları 28 avqust 2020-ci il tarixli 007A**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02 fevral 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4346,83 manat ödəmiş, onun 7653,17 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24 sentyabr 2021-ci il tarixə 234 gün üçün hesablanmış faiz borcu 917,09 manat və cərimə 1610,77 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı Cavabdeh1 arasında bağlanmış 11.04.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7653,17 manat əsas, 917,09 manat faiz borcu, 1610,77 manat cərimə olmaqla, ümumilikdə 10181,03 manat borcun və 120,6 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 oğlu Cavabdeh1 kredit götürdükdən sonra bir müddət işsiz qaldığından, digər banklara da kredit borcunun olduğundan iddiaçıya olan kredit borcunu vaxtında ödəyə bilmədiyini, lakin hazırda işlə təmin olunduğunu, borc məbləğini yaxın vaxtlarda hissə-hissə ödəyə biləcəyini, oğlu Cavabdeh1 maddi vəziyyəti və digər banklara olan kredit borcu nəzərə alınaraq cərimə məbləğindən azad edilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 11.04.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7653,17 manat əsas və 917,09 manat faiz borcunun tutulması tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış 11 aprel 2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin 4.1.2-ci bəndində kredit alanın müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış 11.04.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, kredit müqaviləsi üzrə 1610,77 manat cərimə məbləği işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 1610,77 manat cərimə məbləğinin tutulmasına dair hissəsi qismən (əsas borcun 3%-i) - 229 manat həddində təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 120,6 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunan 8799,26 manat borc məbləği hissəsinə münasib olaraq 107,99 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, 12,61 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh1 arasında bağlanmış 11.04.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7653,17 manat əsas, 917,09 manat faiz borcu, 229 manat cərimə və 107,99 manat dövlət rüsumu olmaqla, cəmi 8907 (səkkiz min doqquz yüz yeddi) manat 25 (iyirmi beş) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Ödənilmiş 12,61 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar