Məhkəmə qərarları › İş №2(037)-88/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-88/2023

31.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-88/2023 31.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı görüləsi işə görə ödənilmiş pulun tutulması tələbinə dair mülki işə 31 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh razılaşmaya əsasən görülməli olduğu işə görə ödədiyi 20800 manat pulun və 153 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 20953 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə ev alğı-satqısı ilə əlaqədar 2022-ci ilin fevral ayında tanış olmuş,ona pulunu ödəyib yaşayış kompleksində yerləşən mənzili almış, sonradan cavabdeh ona özünün təmir-tikinti briqadasının olduğunu və həmin mənzili ucuz və keyfiyyətli təmir edə biləcəyini bildirmişdir. Cavabdehə inanaraq 2022-ci ilin mart ayında ilkin olaraq mənzilin təmiri üçün 6000 ABŞ dolları, daha sonra isə təmir, qapı və mebellərin yığılması üçün 12000 ABŞ dolları pulu cavabdehə vermişdir. O, cavabdehdən təmir işləri görmədiyinə görə verdiyi 18000 ABŞ dolları məbləğində pulu tələb etdikdə o, həmin puldan 2000 ABŞ dolları, yəni 3400 manat pulu qəytarmış,sonradan isə 6400 manat dəyərində 3 ədəd dülgər avadanlığı vermişdir. Nəticədə cavabdeh ona 7565 ABŞ dolları, yəni 9800 manat qaytarmış, 12235 ABŞ dolları yəni 20800 manat borcu qalmışdır. Cavabdehdən ona olan borcunu dəfələrlə qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmiş,onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil təmsil etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqda rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərmişdir ki, 2022-ci ilin fevral ayında özünə məxsus olan “Grand Həyat” yaşayış kompleksində yerləşən mənzili İddiaçı satmış, qeyd edilən mənzili Ülviyə satarkən mənzilin 70 faizi təmirli olmuşdur.Təmirdən öncə mənzilin interyer dizaynını çəkdirdiyi üçün mənzilin təmiri tam olaraq tamamlanmamışdır.O,mənzili Ülviyə təqdim etdikdə sonuncu təmirdən anladığını bildirərək ondan köməklik istəmiş,mənzilin tamamlanması üçün zəhmət haqqı barədə danışanda material və usta pulunu ödəməyini Ülviyə bildirərək təmiri başa çatdırmağı öhdəsinə götürmüşdür.Təmir prosesində elektrik işlərinin görülməsi üçün ödənişlər etmiş,bundan əlavə Ülvinin həyat yoldaşı dizayna uyğun olmayan özlərinin istəklərinə görə kafel almış, kafel vurulduqdan sonra Ülvinin anası mənzilə gələrək kafeli bəyənməmiş, bundan sonra narazılıqlar yaranmışdır. O, Ülvidən aldığı pulları mənzilin mebelləri və qapıları üçün ödəniş etmiş,Ülvi ona təmir üçün verdiyi pulu geri tələb etdikdə onun nağd pulu olmadığından təmir üçün Ülvidən aldığı pulu geri qaytara bilməmişdir.Ülviyə təmir üçün verilmiş puldan 3500 manatını ödəmiş, sonradan Ülvi işlədiyi sexə gələrək ona məxsus bir ədəd “Frez”, bir ədəd “Lent mişarı” və bir ədəd “Universal Fuqon”-dan ibarət dülgərlik avadanlıqlarını borcun əvəzinə götürmüş, dəyərindən çox aşağı qiymətə 6400 manata satmış və ona təmir üçün verilmiş puldan çıxmışdır. Onun hazırda Ülviyyə 12000 manat borcu vardır. Hesab edir ki,ona məxsus dülgərlik avadanlıqlarının hazırkı bazar qiyməti ilə dəyəri 6400 manatdan çoxdur.Ona görə də ona məxsus olmuş bir ədəd “Frez”, bir ədəd “Lent mişarı” və bir ədəd “Universal Fuqon”-dan ibarət dülgərlik avadanlıqlarının hazırkı bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1208 saylı ekspert rəyindən görünür ki, 1 ədəd 2018-ci il buraxılışlı “Frez” dülgərlik avadanlğı (5000 manat), 2010-cu il buraxılışlı “Lent mişarı” dülgərlik avadanlığı (800 manat) və 2019-cu il buraxılışlı “Universal Fuqon” dülgərlik avadanlığı (5800 manat) olmaqla, ümumi dəyəri 11600 manat müəyyən edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasında şərtləşdirilmiş muzd müqabilində şifahi podrat müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçının sifarişi əsasında evi təmir edərək təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə ümumilikdə 18000 ABŞ dolları, yəni 30600 manat pul vermiş, cavabdeh sifarişi lazımınca icra etməmiş, sifarişçi artıq sifarişdən imtina etmək barədə podratçıya bildirmiş,bundan sonra podratçı aldığı 30600 manat məbləğdən, 3400 manat nəğd pul və üç ədəd dülgər avadanlığı vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə,belə hesab edilir ki,muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir.Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur.Şərtləşdirilmiş muzd ödənildikdə,podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər,lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə,podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər,bu şərtlə ki,sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər,bu şərtlə ki,sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə,podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir.Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, cavabdeh görməli olduğu işlərin müqabilində iddiaçıdan muzd almış, lakin öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki,podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər,olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi,əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir.Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur.Buna görə də,əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun, müqavilə,əqd vərəsəlik çıxış edə bilər.Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir. Həmçinin,qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir.(MM-nin 1091.2-ci maddəsi).Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt - varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır.Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Görünüyü kimi cavabdeh iddiaçıdan evin təmiri üçün aldığı 30600 manat məbləğdən 3400 manat və üç ədəd dülgər avadanlığını qiymətləndirərək vermiş, iddiaçı üç ədəd dülgər avadanlıqlarını dəyərinin 6400 manat olaraq qeyd etmiş, lakin ekspert rəyində sözügedən avadanlıqların ümumi dəyəri 11600 manat olaraq müəyyən edilmişdir. Belə olan tədqirdə məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, iddiaçı cavabdehə evin təmiri üçün ümumilikdə 30600 manat məbləğində pul vermiş, cavabdeh sifarişçinin sifarişini yerinə yetirməmiş, həmin puldan 15000 manat (3400 manat nəğd, 11600 manat isə üç ədəd dülgər avadanlıqlarının dəyəri) hissəsini qaytarılmış, qalan 15600 manat isə əsassız olaraq geri qaytarılmayaraq cavabdeh əsassız olaraq varlanmışdır.Göründüyü kimi ilk başda tərəflər arasında podrat müqaviləsi (hüquqi əsas) mövcud olmuş, sonradan isə həmin müqavilə ləğv edilərək,başqa sözlə, hüquqi əsas sonradan aradan qalxmış, nəticədə Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdeh əsassız olaraq varlandığı-15600 manat məbləğində vəsaiti iddiaçıya qaytarmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 153 manat dövlət rüsumu məbləğinin 136.80 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu məbləğinin qalan 16.2 manatı isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595,büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi,kod-210005,VÖEN-**********,müxbir hesab-AZ 41NABZ013601 **********3944,SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN-**********,hesab AZ 34CTRE ********************) ödənilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15600 manat pul və 136.80 manat dövlət rüsumu olmaqla, cəmi 15736.80 (on beş min yeddi yüz otuz altı manat səksən qəpik) manat pul tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı və Cavabdeh müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005,VÖEN-**********,müxbir hesab-AZ 41NABZ013601 **********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********,hesab AZ 34CTRE ********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar