Məhkəmə qərarları › İş №2(037)-890/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-890/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-890/2024 22.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 22 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh)qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 7000 ABŞ dolları və iddianın verilməsi üçün ödənilmiş 127 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qızı Ceyran Nuriyeva Cavabdeh ilə 17 may 2021-ci il tarixdə rəsmi nikahla ailə qurmuş və birgə nikahlarından 14 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində İsmayıl adlı övladları doğulmuşdur. Qızı ilə cavabdeh arasındakı rəsmi nikah İsmayıllı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh qızı ilə birgə nikah dövründə olan zaman ünvan 1 ünvanında mənzil almışdır. Mənzil alınarkən cavabdeh ondan pul istəmişdir. O da cavabdehə evin alınması üçün 40-50 gün ərzində 12000 ABŞ dolları miqdarında “Tatsosbank”dan pul köçürməsi yolu ilə borc pul göndərmişdir. Lakin göndərilən pulun 5000 ABŞ dolları Rusiyadan xaricə pul köçürmələrinə limit qoyulduğundan həmkəndlisi olan və Rusiyada müvəqqəti yaşayıb işləyən X1 adından göndərmişdir. Lakin o, iddia qaldırarkən Nicat Bağrılı Azərbaycan Respublikasında olduğundan cavabdehə göndərilən pulun sənədini “Tatsosbank”dan hələlik almaq mümkün olmamışdır. Hazırda mövcud sübutlara uyğun olaraq cavabdehdən 2021-ci ilin sentyabr-oktyabr aylarında köçürmə yolu ilə cavabdehə göndərdiyi cəmi 7000 ABŞ dolları məbləğində borcu tələb edir. Cavabdehdən 7000 ABŞ dolları və iddianın verilməsi üçün ödənilmiş 127 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin 1200 ABŞ dolları və 8000 manat borc hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil təmsil etmişdir. Cavabdehin nümayəndəsi/Vəkil iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hər hansı bir borc münasibəti yoxdur. Mübahisəli mənzil 120000 manata alınmışdır. Cavabdeh həmin mənzili 80000 manatı faktiki əmlakını satması, 20000 manatı öz vəsaiti, qalan 20000 manatını isə qardaşından aldığı borc hesabına almışdır. Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən mənzil alınarkən iddiaçı həmin mənzilin içərisində olan əşyaların çıxarılmaması üçün, yəni həmin əmlakların cehiz əmlaklarının əvəzi olaraq iddiaçı tərəfindən 8000 manat göndərilmişdir. İddiaçının qızı Ceyran Nuriyeva da həmin əmlakların cehiz kimi alınmasına razılıq vermişdir. Cavabdeh gəmi kapitanı vəzifəsində çalışmaqla 4000 ABŞ dolları məbləğində əmək haqqı alır. Cavabdehin iddiaçı tərəfindən göndərilən pullara ehtiyacı olmamışdır. İddiaçının həyat yoldaşı əmlak bölgüsü tələbinə dair iş üzrə məhkəmə iclasında bildirmişdir ki, cehiz əmlaklarının alınması üçün 10000 manat vermişlər. Bu fakt məhkəmə protokolunda və məhkəmə iclasının video-audio yazısında qeyd edilmişdir. İddiaçının qızına məxsus cehiz əmlakarı İsmayıllı şəhərindədir və iddiaçı tərəf istədikləri vaxt həmin cehiz əmlaklarının götürə bilərlər. Bundan başqa, əgər tərəflər arasında borc münasibətləri olsaydı belə, onda hazırki iddia düzgün tərtib edilməmişdir. Belə ki, həmin borc tərəflərin birgə nikah dövründə olan borcudur. Belə olan halda həmin borc iki yerə bölünməli idi. Hazırki iddia üzrə də iddiaçının qızı Ceyran Nuriyeva da cavabdeh qismində tərəf olmalı idi. İddia tələbini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlməmiş, təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki, cavabdeh Bakı şəhərində ev alarkən iddiaçıdan heç vaxt borc pul almamışdır. Həmçinin, cavabdeh iddiaçıdan “Tatsosbank” vasitəsi ilə ödənilən pulu qəbul etməmişdir. Rusiya Federasiyasında müvəqqəti yaşayan X1 adından cavabdehin hesabına heç bir vəsait köçürülməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan: 19 mart 2024-cü il tarixli, 1710-24 nömrəli məlumatdan görünür ki, Rusiya Federasiyasının “Tatsosbank” vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 350635-20 rubl, xx.xx.2021-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 25508-16 rubl və xx.xx.2021-ci il tarixdə 13145-76 rubl Cavabdeh göndərilmişdir. 13 avqust 2024-cü il tarixli məlumatın surətindən görünür ki, Cavabdeh xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə “MV NAHİDE-M” gəmisində 2-ci kapitan olaraq çalışmış və 4000 ABŞ dolları əmək haqqı almışdır. X2 notarial qaydada təsdiq edilmiş izahatında qeyd etmişdir ki, Rusiya Federasiyasının Kazan şəhərində müvəqqəti yaşadığı zaman həmkəndlisi İddiaçı onunla görüşərək Bakı şəhərində yaşayan kürəkəni Cavabdeh ev almaq üçün borc pul göndərmək lazım olduğunu, lakin xəstəsi olduğundan 1200 ABŞ dolları məbləğində pulu ona verərək Kazan şəhərinin “AK Bank” vasitəsi ilə Cavabdeh adına göndərilməsini xahiş etmişdir. O da həmin məbləği 20 sentyabr 2021-ci ildə “AK Bank” vasitəsi ilə Cavabdeh adına göndərmişdir. "xxxx" ASC-nin 20 noyabr 2024-cü il tarixli, HTİD-OUT-08432-2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh adına 20 sentyabr 2021-ci il tarixdə İddiaçı tərəfindən 8000 manat və 21 sentyabr 2021-ci il tarixdə X2 tərəfindən 1200 ABŞ dolları “Zolotaya Korona” sürətli pul köçürmə sistemi vasitəsi ilə pul köçürməsi həyata keçirilmişdir. 14 iyun 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, məhkəməyə müraciət etmək üçün 127 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının qızı Ceyran Nuriyeva Cavabdeh ilə 17 may 2021-ci il tarixdə rəsmi nikahla ailə qurmuş və birgə nikahlarından 14 iyul 2022-ci il tarixdə bir övladları doğulmuşdur. İddiaçının qızı ilə cavabdeh arasındakı rəsmi nikah İsmayıllı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh iddiaçının qızı ilə birgə nikah dövründə olan zaman ünvan 1 ünvanında mənzil almışdır. Mənzil alınarkən cavabdeh iddiaçıdan pul istəmiş, o da cavabdehə evin alınması üçün “Tatsosbank”dan pul köçürməsi yolu ilə 8000 manat borc pul göndərmişdir. Eyni zamanda Rusiyadan xaricə pul köçürmələrinə limit qoyulduğundan həmkəndlisi olan və Rusiyada müvəqqəti yaşayıb işləyən X1 adından isə əlavə olaraq 1200 ABŞ dolları məbləğində pul göndərmişdir. İddiaçı borcunu tələb edir, cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə cavabdehə 1200 ABŞ dolları məbləğində pulun X1 adından göndərilməsinə qiymət verərək aşağıdakiləri qeyd edir. İddiaçı Nicat Bağırlıya şifahi tapşırıq əsasında hazırki tələb üzrə cavabdehin adına göndərilməsi üçün müəyyən məbləğ pul vermiş və həmin pul məbləği isə N.Bağırlı tərəfindən cavabdehə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Göründüyü N.Bağırlı ilə hazırki tələb üzrə iddiaçı arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, tapşırığa əsasən N.Bağırlı ona iddiaçı tərəfindən verilmiş 1200 ABŞ dolları məbləğində pulu cavabdehin adına göndərilməsi tapşırılmışdır. N.Bağırlı isə üzərinə düşən öhdəliyi yerinə yetirməklə həmin pulu cavabdehə göndərmiş və pul cavabdeh tərəfindən qəbul edilmişdir. (N.Bağırlının notarial qaydada təsdiq edilmiş izahatı və qəbzlər əlavə edilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1-ci maddəsinə əsasən peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2-ci maddəsinə əsasən vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Göründüyü kimi qanunverici vəkalət alanın məsuliyyətinin əsasını göstərməklə tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi kimi qiymətləndirmişdir. Hazırki mübahisə üzrə isə N.Bağırlı iddiaçlardan aldığı pul vəsaitini cavcabdehə göndərməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Yuxarıda sadalanlara əsasən məhkəmə qeyd edir ki, N.Bağırlı hazırki pul tələbi üzrə iddiaçı qismində iştirak edən şəxsin tapşırığını yerinə yetirimiş və nəticədə onun cavabdehə göndərdiyi və onun tərəfindən qəbul edilmiş pul məbləğini tələb etmədə subyektiv hüququ hazırki tələb üzrə iddiaçıya məxsusdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə qeyd edilən pulun cavabdehə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehə 8000 manat və 1200 ABŞ dolları pul göndərmiş, cavabdeh isə həmin məbləğləri qəbul etmişdir. Cavabdeh isə ilk öncə iddianı ümumiyyətlə qəbul etməmiş, sonraki iclaslarda isə pulun cehiz əmlaklarının alınması üçün verdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə cavabdehin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsində göstərdiyi xüsusatlara münasibətdə qeyd edir ki, Nümayəndə2 cavabdeh tərəfindən ümumiyyətlə borc pul alınmadığını bildirir. Məhkəmə tərəfindən banklara göndərilən sorğudan sonra cavabdeh tərəf qeyd olunan borcun cehiz əmlaklarının alınması üçün alındığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsi ilə cavabdehin vəkili/nümayəndəsi Vəkil izahatı arasında bir-birinə ziddiyyətli ifadələr vardır. Cavabdehin nümayəndəsi/Vəkil məhkəmə iclasında onu da qeyd etmişdir ki, mübahisəli borc məsələsi birgə nikah dövründə alınmışdırsa niyə iddiaçı qızı Ceyran Nuriyevanı cavabdeh qismində iddia tələbində göstərməmişdir. Məhkəmə hesab edir ki, nikah dövründə alınmış borcun tərəflərdən birinə yoxsa hər ikisinə, borc və ya bağışlanma əsasında verilməsi, həmin məbləğlərin tərəflər arasında hansı hissədə bölünməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilmədiyindən hazırki tələbin predmetini təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, sorğuya cavab məktubuna əsasən Cavabdeh adına 20 sentyabr 2021-ci il tarixdə İddiaçı tərəfindən 8000 manat və 21 sentyabr 2021-ci il tarixdə X2 tərəfindən 1200 ABŞ dolları “Zolotaya Korona” sürətli pul köçürmə sistemi vasitəsi ilə pul köçürməsi həyata keçirilməsi faktı məhkəmə iclasında sübuta yetirildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh qətnamə icra olunduğu gün manatla məzənnəsi ilə 1200 (bir min iki yüz) ABŞ dolları və 8000 (səkkiz min) manat borc, alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə təmin edilmiş iddia tələbi 1200 ABŞ dolları və 8000 manatdır. Ona görə də həmin məbləğə uyğun olaraq 120,12 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 127 manat dövlət rüsumun 6,88 manatı iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qətnamə icra olunduğu gün manatla məzənnəsi ilə 1200 (bir min iki yüz) ABŞ dolları və 8000 (səkkiz min) manat borc, 120,12 (bir yüz iyirmi manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 127 manat dövlət rüsumun 6,88 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar