Məhkəmə qərarları › İş №2(037)-913/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-913/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-913/2021 06.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.05.2020-ci il tarixli müqaviləyə əsasən Apple watch 5 markalı qol saatı üçün 1379 manat ödənilməmiş hissə, 339 manat dəbbə pulu, 13.05.2020-ci il tarixli müqaviləyə əsasən isə Apple AirPods Pro markalı 2 ədəd qol saatı üçün 1394 manat ödənilməmiş hissə, 344 manat dəbbə pulu, cəmi 3456 manat məbləğində pul və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 11.05.2020-ci il və 13.05.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən ümumilikdə 3046 manat məbləğində Apple watch 5 markalı qol saatı və Apple AirPods Pro markalı 2 ədəd qol saatı almışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1570 manat olan (18 ay x 87 manat+4 manat ilkin ödəniş) Apple watch 5 markalı qol saatı üçün 1379 manat ödənilməmiş hissə, 339 manat dəbbə pulu, alqı-satqı qiyməti 1476 manat olan (18 ay x 82 manat + 0 manat ilkin ödəniş) Apple AirPods Pro markalı 2 ədəd qol saatı üçün 1394 manat ödənilməmiş hissə, 344 manat dəbbə pulu, ümumilikdə 3456 manat borc yaranmışdır. Cavabdeh cəmi 273 manat ödəniş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o əvvəllər dəfələrlə özü və yaxın qohumları üçün "xxxx" MMC-dən müxtəlif avadanlıqlar və məişət texnikaları almış və aldığı əşyaların pullarını vaxtında qaytarmış, ona görə də problemli müştəri olmadığından "xxxx" MMC tərəfindən ona hər dəfə yenidən alış-veriş etməsi təklif olunmuşdur. Onunla iddiaçı arasında bağlanmış 11.05.2020-ci il tarixli alğısatqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 87 manat, alqı-satqı qiyməti 1570 manat olan Apple watch 5 markalı qol saatı və 13.05.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 82 manat, alqı-satqı qiyməti 1476 manat olan Apple AirPods Pro markalı 2 ədəd qol saatı almışdır. O, əvvəllər turizm sahəsində işləyərək yaxşı gəlir əldə etdiyindən ödənişləri vaxtlı-vaxtında aparmış, daha sonra koronovirus pandemiyası ilə əlaqədar işləmədiyindən ödənişlər edə bilməmişdir. O, hazırda heç bir yerdə işləmir və maddi imkanı olmadığından borcunu ödəyə bilmir, lakin borcunu ödəməkdən də imtina etmir. İş yeri açılsa, borcunu tam şəkildə ödəyəcək. Borca hesablanmış dəbbə pulunun məbləği isə çox yüksəkdir, onun həmin məbləği ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 11.05.2020-ci il və 13.05.2020-ci il tarixli alğı-satqı müqavilələrdən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra "xxxx" MMC adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqavilələri bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Apple watch 5 markalı qol saatı və Apple AirPods Pro markalı 2 ədəd qol saatı. İş materiallarında olan 14.08.2021-ci il tarixli, maliyyə və ödəmə cədvəlindən görünür ki, Cavabdeh 11.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1570 manat məbləğində Apple watch 5 markalı qol saatını 18 ay müddətinə aylıq 87 manat ödəməyi, 13.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1476 manat olan Apple AirPods Pro markalı 2 ədəd qol saatını 18 ay müddətinə aylıq 82 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə İsmayıllı rayonun Basqal kəndində anadan olmuş İsayev X1 rayonun Basqal qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 11.05.2020-ci il və 13.05.2020-ci il tarixli alğı-satqı müqavilələrinin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin 11.05.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1379 manat, 13.05.2020-ci il tarixli müqavilə üzrə isə əsas borcu 1394 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 11.05.2020-ci il tarixli müqavilə üzrə 1379 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 339 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 3,39 manata, eyni zamanda 13.05.2020-ci il tarixli müqavilə üzrə 1394 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 344 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 3,44 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 11.05.2020-ci il tarixli müqaviləyə əsasən, Apple watch 5 markalı qol saatı üçün 1379 manat ödənilməmiş hissə, 3,39 manat dəbbə pulu, 13.05.2020-ci il tarixli müqaviləyə əsasən isə Apple AirPods Pro markalı 2 ədəd qol saatı üçün 1394 manat ödənilməmiş hissə, 3,44 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 2809,83 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 11.05.2020-ci il tarixli müqaviləyə əsasən, Apple watch 5 markalı qol saatı üçün 1379 manat ödənilməmiş hissə, 3,39 manat dəbbə pulu, 13.05.2020-ci il tarixli müqaviləyə əsasən isə Apple AirPods Pro markalı 2 ədəd qol saatı üçün 1394 manat ödənilməmiş hissə, 3,44 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 2809 (iki min səkkiz yüz doqquz) manat 83 (səksən üç) məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar