Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-918/2024 28.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 28 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 iyul 2012-ci il tarixdə doğulmuş X2 maddi təminatı üçün İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(037)-39/2014 nömrəli qətnaməsi ilə təyin olunmuş 70 manat məbləğində alimentin artırılaraq hər ay 235 manat müəyyən edilməsi və mediasiya təşkilatına ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(037)-39/2014 nömrəli qətnaməsi ilə cavabdeh Ədalət Mehrəliyevdan hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq 15 iyul 2012-ci il tarixdə doğulmuş Ümid Mehralıyevin saxlanması üçün ona ödənilməsi qət olunmuşdur. Təyin olunmuş aliment hazırki şəraitdə uşağın saxlanması üçün azlıq edir və minimum təminatını belə ödəmir. Uşağın yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Özü Bakı şəhərində yaşayır, qeyri rəsmi tibb bacısı kimi fəaliyyət göstərməklə gəlir əldə edir. Cavabdeh isə minik və yük avtomobilləri idarə etməklə, əkin torpaq sahəsinə və həyətyanı təsərrüfata malik olmaqla yüksək gəlir əldə etsə də təyin olunmuş az miqdarda alimentdən başqa uşağına heç bir köməklik etmir. Alimentin artırılması ilə bağlı o, mediasiya təşkilatına müraciət etmiş, cavabdeh gəlmədiyindən mediasiya xərcini özü tək ödəmişdir. Ona görə də təyin olunmuş 70 manat alimentin məbləğinin artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində müəyyən edilməsi və mediasiya təşkilatına ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə ki, iddiaçı iilə ayrıldıqdan sonra o Aytən adlı qadınla yeni ailə qurmuşdur. Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla nikahları pozulmuş, Yusif adlı uşağı ananın yanında saxlanılmış və uşağın maddi təminatı üçün 80 manat məbləğində aliment təyin edilmişdir. Özünün rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğul olmaqla gəlir əldə edir. Onun iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də alimentin artırılmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmçinin iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İİ 983700 saylı 22 noyabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 15 iyul 2012-ci il tarixdə X4 adlı uşağı doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-39/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, 15 iyul 2012-ci il tarixdə doğulmuş X4 iddiaçının yanında saxlanılmış, uşağın maddi təminatı üçün hər ay cavabdehdən 70 manat sabit pul məbləğində alimentin tutularaq uşağln yetkinlik yaşına çatanadək iddiaçıya ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT-00486-6/2024- nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Cavabdeh 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan fotoşəkillərdə VAZ-21015 markalı ** HE *** nömrə nişanlı minik avtomobilinin yanında cavabdeh və ŞHACMAN markalı ** TX *** nömrə nişanlı yük avtomobilləri əks olunmuşdur. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, cavabdeh ilə Aytən Mehralıyeva arasında bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il tarixdə doğulmuş X3 ananın yanında saxlanılmış, uşağın maddi təminatı üçün cavabdehdən hər ay 80 manat alimentin tutularaq anaya ödəniloməsi qət olunmuşdur. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş X1 Sisteminin Məşğulluq haqqında arayışının surətindən müəyyən edilir ki, cavabdeh xx.xx.2024-cü il tarixdən X7 Məşğulluq filialında işsiz kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş İsmayıllı RİH-nın Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 381 nömrəli arayışından müəyyən edilir ki, cavabdehin heç bir mülkü yoxdur. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-39/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı təyin olunmuş alimentin uşağın minimum təminatını ödəmədiyini, uşağın yaşının artmasının xərclərinin də artmasına səbəb olduğunu, cavabdehin minik və yük avtomobilləri idarə etməklə, əkin torpaq sahəsinə və həyətyanı təsərrüfata malik olmaqla yüksək gəlir əldə etdiyini qeyd edərək təyin olunmuş alimentin məbləğinin artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh iddiaçı ilə ayrıldıqdan sonra o Aytən adlı qadınla yeni ailə qurduğunu, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla nikahlarının pozulduğunu, Yusif adlı uşağının ananın yanında saxlanıldığını və uşağın maddi təminatı üçün 80 manat məbləğində aliment təyin edildiyini, rəsmi iş yerinin olmadığını, fərdi əməklə məşğul olmaqla gəlir əldə etdiyini, iddiaçının tələb etdiyi alimenti ödəməyə imkanının olmadığını qeyd edərək qeyd edərək alimentin artırılmamasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşağın yaşının artması onun xərclərinin də artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2014-cü ilə nisbətən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Bundan başqa cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsi uşağının minimum maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Uşağın isə minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini, tərəflərin maddi vəziyyətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 15 iyul 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən cavabdehdən ödənilmiş 50 manat mediasiya xərci alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-39/2014 nömrəli 28 aprel 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 15 iyul 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərci yəni – 50 (əlli) manat tutulsun və İddiaçı ödənilsin Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-918/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-918/2024
28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver