Məhkəmə qərarları › İş №2(037)-920/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-920/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-920/2024 02.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 02 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi,5025-ci məhəllə ünvanında yerləşən 6 saylı binanın 1-ci blokun, 11-ci mərtəbəsində 3 otaqlı, 82.8 kv.metr sahəsi olan 82 nömrəli mənzilə ödənilmiş 90000 manatın ½ hissəsinin, yəni 45000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 700/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə İsmayıllı rayon Mican kənd İcra nümayəndəliyində 26 nömrə ilə qeyd edilərək bağlanmış nikahın pozulması, 04 iyul 2006-cı il tarixdə doğulmuş X3, xx.xx.2008-ci il tarixdə doğulmuş X1 və 05 iyul 2014-cü il tarixdə doğulmuş X2 (atası) Cavabdeh yanında saxlanılması qət edilmişdir. Hal-hazırda da övladları cavabdehin himayəsindədir,cavabdeh icazə vermədiyi üçün o övladları ilə görüşə bilmir. Çox az görüşür və övladları da məcburi şəkildə atalarının himayəsində qalmışlar. Təhdid və qorxu altında atanın yanında yaşayırlar. Bildirir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 700/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində uşaqları atanın himayəsində olmasına bilmədən razılıq vermişdir. Onun hüquqi savadı yoxdur və qətnamə də qət edilənlər ona izah olunmamışdır. Bir sözlə o aldadılmışdır. Buna görə də uşaqların ona verilməsi ilə bağlı iddia tələbini məhkəməyə ünvanlamışdır. Mülki iş hal-hazırda məhkəmənin icraatındadır. Belə ki,onlar nikah dövründə Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə tikilməkdə olan 6 binasında, 1-ci blok,11-ci mərtəbə, 82 nömrəli, 3 otaqlı mənzili əldə etmişlər. Hal-hazırda mənzil cavabdehin adında ipotekadadır.Bununla bağlı "MTK” adlanacaq "Kristan Abşeron” MTK-nın Biləcəri Filialı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə, ********* nömrəli Payçı Müqaviləsi bağlanılmışdır. Hal-hazırda həmin mənzildə cavabdeh yaşayır və mənzilə 90000 manat məbləğində pul ödənilmişdir. Hesab edir ki, həmin mənzil nikah dövründə əldə edildiyi üçün mənzildə onun da payı var və buna görə də 90000 manat pulun yarı hissəsi,yəni 45000 manat hissəsi ona cavabdeh tərəfindən ödənilməlidir. O, mənzilə dair bütün sənədləri iddia ərizəsinə əlavə etmişdir. O, nikah dövründə əldə olunmuş evə ödənilmiş pulun 1/2 hissəsinin tələbi ila bağlı Bakı 13 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh tərəf təşkilatda iştirak etmədiyi üçün ona xx.xx.2024-cü il tarixli arayış verilmiş və bundan sonra məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. O, dəfələrlə cavabdehə müraciət edərək, bu işin sülh yolu ilə həll olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona bu məsələ ilə bağlı müsbət cavab verilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş,iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçı keçmiş arvadıdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-700/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onunla iddiaçı arasında xx.xx.2005-ci il tarixdə İsmayıllı rayon Mican kənd İcra nümayəndəliyində 26 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulması və övladları 04 iyul 2006-cı il tarixdə doğulmuş Ayla Abdulova, xx.xx.2008-ci il tarixdə doğulmuş İsmayıl Abdulzadə və 05 iyul 2014-cü il tarixdə doğulmuş Uğur Abdulzadənin onun yanında saxlanılması qət edilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, AZ-İ № 460365 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən onunla iddiaçı arasında olan nikah İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Halhazırda övladları onun himayəsindədir və iddiaçı onun izazəsi ilə övladları ilə görüşə bilir. İddiaçı ilə birgə nikah dövründə Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə tikilməkdə olan 6 binasında, 1-ci blok,11-ci mərtəbə,82 nömrəli, 3 otaqlı mənzili əldə etmişlər. İddiaçının iddia tələbinə münasibət bildirərək qeyd edir ki, mənzil birgə nikah dövründə əldə edilsə də, onun adına qeydə alınmamışdır və ipoteka ilə əldə edildiyi üçün bankda girovdadır və dəyəri tam ödənilməmişdir. Onunla "Kristan Abşeron” MTK-nın Biləcəri Filialı arasında xx.xx.2016-cı il tarixdə,000000303 nömrəli Payçı Müqaviləsi bağlanılmışdır. Hal-hazırda həmin mənzildə o uşaqları ilə birlikdə yaşayır və mənzilin aylıq ödənişləri və komunal xərcləri də onun tərəfindən icra edilir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin əvvəlki məhkəmə iclasında iddia tələbinə olan münasibətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(037)-700/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2005-ci il tarixdə İsmayıllı rayon Mican kənd İcra Nümayəndəliyində 26 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, AZ-İ № 460365 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur və nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 11 ayının 27 günündə 94 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 01 aprel 2016-cı il tarixli ərizədən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kənd sakini Cavabdeh 01 aprel 2016-cı il tarixdə ərizə ilə "xxxx" MTK-nın Biləcəri filialına müraciət edərək Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə inşa etdiyi yaşayış binasında 3 otaqlı, ümumi sahəsi 82.8 kv.metr olan mənzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək şərti ilə ona satılmasına icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 01 aprel 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsindən görünür ki, payçı "xxxx" MTK-nın Biləcəri filialı ilə vətəndaş Cavabdeh arasında 01 aprel 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsi bağlanmış, müqaviləyə əsasən "xxxx" MTK-nın Biləcəri filialı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə inşa etdiyi 6-cı binasında 1-ci blok, 11-ci mərtəbə, 82 nömrəli,3 otaqlı, ümumi sahəsi 82.8 kv.metr olan mənzili tikib Cavabdeh təhvil verməyi öhdəsinə götürmüş, əvəzində isə Cavabdeh həmin mənzilə görə 1 kv.metri 1435 manatdan olmaqla, ümumilikdə 118.818 manat məbləğini 240 ay müddətinə illik 8% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 01 aprel 2016-cı il tarixli, 86-xx-xx-2016-MA-Bİ nömrəli təminatlı kredit müqaviləsi (daxili ipoteka krediti üçün) görünür ki, 01 aprel 2016-cı il tarixdə borc verən "xxxx" ASC-nin Binəqədi filialı ilə borc alan Cavabdeh arasında "xxxx" Mənzil Tikinti Kooperativinin 01 aprel 2016-cı il tarixli 86 nömrəli müqaviləsi üzrə Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında 6 saylı binanın 1-ci blokunun, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 82.8 kv.metr olan 82 nömrəli mənzilin alınması üşün 118.818.00 manat məbləğində kreditin verilməsi barədə təminatlı kredit müqaviləsi (daxili ipoteka krediti üçün) bağlanmışdır. İş materiallarına əlavə edilmiş 01 aprel 2016-cı il tarixli, 86-xx-xx-2016-MA-Bİ nömrəli kredit müqaviləsinə əlavə edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borc alan Cavabdeh 01 aprel 2016-cı il tarixli, 86-xx-xx-2016-MA-Bİ nömrəli kredit müqaviləsi üzrə illik 8% dərəcəsi ilə 240 ay müddətinə hər ay 993.90 manat olmaqla, xx.xx.2016 il tarixdən xx.xx.2036-cı il tarixədək cəmi 238.501.74 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 17 mart 2018-ci il tarixli ********* nömrəli mənzilin təhvil aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında 6 saylı binanın 1-ci blokunun, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 82.8 kv.metr olan 82 nömrəli mənzil "xxxx" MTK-nın Biləcəri filialı tərəfindən 17 mart 2018-ci il tarixli ********* nömrəli mənzilin təhvil aktı ilə Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Mediasiya Şurası Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00402 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında mediasiya sessiyası keçirilmiş, mediasiya sessiyası barədə tərəflərə əvvəlcədən məlumat göndərilmiş, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, ancaq Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən Mediasiya Şurası Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00402 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Bakı 13 saylı Mediasiya Təşkilatının kart hesabına 60 manat məbləğində vəsait ödənilmişdir. İş materiallarına əlavə edilmiş 25 iyun 2024-cü il tarixli, 18940 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən İsmayıllı Rayon Məhkəməsinin hesabına 225 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-700/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən tərəflər arasında xx.xx.2005-ci il tarixdə İsmayıllı rayon Mican kənd İcra nümayəndəliyində 26 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahlarından 04 iyul 2006-cı il tarixdə doğulmuş Ayla Abdulova, xx.xx.2008-ci il tarixdə doğulmuş İsmayıl Abdulzadə və 05 iyul 2014-cü il tarixdə doğulmuş Uğur Abdulzadə cavabdehin yanında saxlanılmışdır. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, AZ-İ № 460365 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə tikilməkdə olan 6 binasında, 1-ci blok, 11-ci mərtəbə,82.8 kv.metr sahəsi olan 82 nömrəli 3 otaqlı mənzil əldə etmişlər. "Kristan Abşeron” MTK-nın Biləcəri Filialı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə, ********* nömrəli Payçı Müqaviləsi bağlanılmışdır. Hal-hazırda həmin mənzil ipoteka ilə əldə edildiyi üçün "xxxx" ASC-də girovdadır və dəyəri tam ödənilməmişdir. Hazırda mənzildə cavabdeh uşaqları ilə birlikdə yaşayır. Mənzilə görə cavabdeh tərəfindən hər ay 993.90 manat ödəniş edilir. Mənzilin aylıq ödənişləri və komunal xərcləri cavabdeh tərəfindən icra edilir. İddiaçı cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi,5025-ci məhəllə ünvanında yerləşən 6 saylı binanın 1-ci blokun, 11-ci mərtəbəsində 3 otaqlı, 82.8 kv.metr sahəsi olan 82 nömrəli mənzilə ödənilmiş 90000 manatın ½ hissəsinin, yəni 45000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb edir. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iddia tələbinə münasibət bildirərək mənzil birgə nikah dövründə əldə edilsə də, onun adına qeydə alınmadığını, ipoteka ilə əldə edildiyi üçün bankda girovda olduğunu, dəyərinin tam ödənilmədiyini, onunla "Kristan Abşeron” MTK-nın Biləcəri Filialı arasında xx.xx.2016-cı il tarixdə, ********* nömrəli Payçı Müqaviləsi bağlanıldığını,hazırda həmin mənzildə uşaqları ilə birlikdə yaşadığını, mənzilin aylıq ödənişləri və komunal xərclərin onun tərəfindən icra edildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən mənzilin alğı-satqısı üçün ödənilən məbləğin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında 6 saylı binanın 1-ci blokunun, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 82.8 kv.metr olan 82 nömrəli mənzil tərəflərin birgə nikahda olduqları müddətdə "xxxx" MTK-nın Biləcəri filialından ipoteka ilə 118.818 manata alınmışdır. Həmin mənzilə görə cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 993.90 manat ödəniş edilir. (bu işin mübahisəsiz halıdır). Məhkəmə mübahisəli mənzilin tərəflərin birgə nikah müddətində alındığını və 2016-cı il tarixdən 2023-cü il tarixədək ödəniş edildiyini nəzərə alaraq həmin mənzilə görə xx.xx.2016-cı il tarixdən tərəflər arasında olan nikahın pozulduğu dövrə yəni məhkəmə qətnaməsinin qəbul edildiyi 2023-cü ilin oktyabr ayına qədər olan müddət ərzində xx.xx.2016-xx.xx.2023-cü il ödənilmiş (90 ay x 993.90 = 89.451:2 = 44.725.50) məbləğin tərəflər arasında bərabər bölünməsini ədalətli hesab edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.3-cü bəndidndə göstilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Həmin Qərarın 3.4-cü bəndinə əsasən Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir.Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9.Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 3.13. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. Həmin Qərarının 4.11-ci bəndində göstilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.

3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə hazırki tələb üzrə nikah dövründə əldə edilmiş sözügedən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət və istifadə hüquqları ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, həmin fərdi yaşayış evinə əsaslar olduğu təqdirdə iddiaçının mülkiyyət və ya istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı cavabdehin müraciət hüququ istisna olunmur. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında 6 saylı binanın 1-ci blokunun, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 82.8 kv.metr olan 82 nömrəli mənzilə ödənilmiş 89.451 manat vəsaitinin ½ hissəsi 44.725.50 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 225 manat dövlət rüsumu və 60 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında 6 saylı binanın 1-ci blokunun, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 82.8 kv.metr olan 82 nömrəli mənzilə ödənilmiş 89.451 manat vəsaitinin ½ hissəsi 44.725.50 manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar