Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-93/2025 24.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 24 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 19700 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsinə əlavə göndərərək Cavabdeh cəmi 9660 manat daşınmaz əmlaka, 1345 manat daşınan əmlaka vurulmuş maddi zərərin, 175 manat qiymətləndirmə xərci və 150 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11330 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il fevral ayının sonlarında qonşusu Sahib evinə gələrək bibisi oğlunun qızı, kürəkəni və iki azyaşlı övladları üçün kirayə ev lazım olduğunu və onun istifadə etmədiyi evini onlara verməsini xahiş etmiş, o da razı olmuşdur. Növbəti ayın əvvəlində ailə kirayəşin qismində evinə köçmüşdür. Təxminən bir həftə sonra o zamana qədər görmədiyi və əvvəllər tanımadığı Cavabdeh yaşadığı evə daxil olmuş, özünü təqdim edib isti münasibət yaratmağa nail olmuşdur.Ordan-burdan xeyli söhbət etmişlər. Cavabdeh bildirdi ki, o da qızı və kürəkəni ilə birlikdə qalmaq niyyətindədir. Çünki, deməsinə görə yoldaşı hansısa tikiş sexində işlə təmin olunub və o rayonda tək qala bilmir. O, cavabdehdən nə üçün rayonda qalıb təsərrüfatla, ya bənzər bir işlə məşğul olmaması barədə soruşanda,sonuncu bildirmişdir ki,əslində onun belə şəraiti vardır. Ətraflı soruşduğunda bəlli oldu ki,onun evi Ağdaş rayonuna gedən yolun üstündə, məktəbin məscidin və xəstəxananın yaxınlığında yerləşir. O, cavabdehə orada bir çörək sexi tikməsini təklif etmiş, sonuncu da onun fikrini bəyənmiş,ancaq maddi durumu imkan vermədiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, onun zatən ürəyindən bu işlə məşğul olmaq keçibdir. ömür boyu ticarətlə məşğul olub, hətta indinin özündə də bazarın içində meyvə köşkü vardır. Alıcı kontingentinə yaxşı bələddir. İstənilən ticarət obyektində tanışları vardır. Bir kürə qura bilsə, qısa vaxtda vəziyyətini düzəldə bilər”. O,da bu sahədə bir az təcrübəsinin olduğunu bildirmişdir. Cavabdeh ona dil tökərək inandırdı ki, bu işi halallıqla onunla görə bilər. O, cavabdehə əslində onun da bir gəlir mənbəyinə ehtiyacı olduğunu bildirmişdir. Amma gərək gedib yerində baxalar ki, iş görə bilərlər, ya yox, sonra qərar verərlər. Ertəsi gün İsmayıllıda olmuşlar. Doğurdan da dediyi kimi münasib yerdə evi vardır və özəl torpaq sahəsi imkan verirdi ki, belə bir iş görsünlər. Sonra Bakıya qayıtmışlar. Hər ikisinin ailə üzvlərinin iştirakı ilə yenidən söhbətə qayıtmışlar. O, cavabdehi və ailə üzvlərini tanımadığını, qərar verə bilməsi onun üçün riskli göründüyünü bildirdiyində, ailə üzvlərinin (həyat yoldaşı,qızı və kürəkəni) hər biri and içərək ona peşman olmayacağına əmin etdilər. Onlar yenidən ismayıllı rayonuna qayıtmışlar və cavabdehə notariussuz bu işə başlamaqlarının mümkün görünmədiyini bildirmiş, cavabdeh isə Jarqonla, pafoslu “Ə kişi deyilikmi, kağız kişilikdənirəlidirmi?” və sair bu kimi cümlələr işlətsə də, o israr etmiş və nəticədə müqavilə bağlamışlar və Notarius təsdiq etmişdir. Bundan sonra sexi tikməyə başlamışlar. Hər cür sanitar normalar qorunmaqla, kürəni işə salmışlar. Kürəkənini bir həftə Akstafa rayonundakı qohumunun çörək sexindəki texnologiyanı mənimsəməsi üçün orada saxlamışdır. Sex tikilən müddət ərzində onun evində qalsa da, yemək,içmək,siqaret, hətta kartof toxumunun alınması xərclərini də o qarşılamışdır. Darvazasına yenidən alaqapı düzəltdirmişdir. Təxminən otuz metr uzunluğu və bir metr hündürlüyündə daş arakəsmə hördürmüş, bir dolu yük maşını ehtiyat üçün odun almışdır. iki kisə unun çörəyini birlikdə bişirmişlər. Danışıqlarına əsasən cavabdeh yerli sakinlərdən ibarət işçi komandası formalaşdırmalı və işin üstündə ağsaqqallıq etməli idi. Xeyli vaxt keçəndən sonra zəng edib vəziyyətlə bağlı bilgi alanda, məlum oldu ki, heç bir yenilik yoxdur.Bundan sonra ismayıllı rayonuna qayıtmış,cavabdehdən səbəbini soruşanda, bildirdi ki, işçi tapılmır. Cavabdehin soyuqqanlığı onu şübhələndirdi və bir neçə elan yazdıraraq divarlara vurduğu günü işçilər bir-birinin dalınca gəlməyə başlamışlar.Hər gələnə,cavabdeh bir "amma” qoymuşdur. Bundan sonra ona tam əmin olmuşdur ki, cavabdehə bu işləri gördürmək lazım olmuşdur. Cavabdehin təqsiri üzündən ona ümumilikdə 19700 manat məbləğində zərər dəymiş, peşiman olsa da, gec olmuşdur. Cavabdeh onu ustaca aldatmağa nail olmuşdur. O, cavabdehə çəkdiyi xərcin yarısını ona qaytarmağı, nə etmişsə ona halal etdiyini bildirmişdir. Cavabdeh ona 250 manat əməkhaqqı aldığını, 100 manatını özünə cib xərcliyi götürdüyünü, qalanını isə aydan-aya ödəyə biləcəyini, gedib evdə məsləhətləşib, konkret cavab verəcəyini bildirmişdir. Bir aydan çox vaxt keçsə də cavabdehdən cavab almamışdır. Növbəti dəfə, 2023-cü ilin yayında rayona gəldiyində tikdiyi obyektdə tikiş maşınları və digər tikiş avadanlıqları görmüşdür. Cavabdeh onu öz tikdiyi obyektə buraxmamış, hətta, hirsli-hirsli "mənim qapımda nə gəzirsən" məzmunlu ifadələr işlətmişdir. Bundan sonra o cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmənin nəticəsi onun məhkəməyə təqdim etdiyi qiymətlərlə fərqlidir. Cədvəllə tanış olduğunda məlum olmuşdur ki,müvafiq qurumun əməkdaşı yalnız daşınmaz əmlakla bağlı xərcləri dəyərləndirmişdir. iddiaçı olaraq ekspertin qiymətləndirməsinin əleyhinə deyildir və daşınmaz əmlaka çəkilən 9660 manat məbləğin müəyyənləşməsinə etiraz etmir. Əlavə olaraq məlum edir ki, sözügedən daşınmaz əmlakdan başqa ekspertin nəzərə almadığı 35 manat dəyərində həyətyanı torpaq sahəsinə səpmək üçün toxum (kartof),270 manat dəyərində çörək bişirmək üçün metal formalar,200 manat dəyərində ehtiyart üçün bir maşın odun,900 manat dəyərində olan, sonradan işlənmiş kimi 400 manata satdığı 500 manat olan 50 kq-lıq 220 voltla işləyən xəmirqarışdıran,200 manat rəflər üçün dikt,80 manat dəyərində metal profil və 60 manat əmək haqqı, cəmi 340 manat xərc olmaqla, ümumilikdə 1345 manatdan ibarət xərclər məcmusu nəzərə alınmamışdır. Hər iki tərəfin razılığı nəzərə alınmaqla müvafiq qiymətləndirmə qurumuna müraciət edilmişdir. "xxxx" MMC təsərrüfat hesablı olduğundan hesablaşma hesabına onun tərəfindən 350 manat xidmət haqqı ödənilmişdir.Hesab edir ki, qiymətləndirmə xərci olaraq ödənilmiş məbləğin 175 manatı cavabdehə aid edilərək ondan tutulmalıdır. Ona görə də cavabdehdən 9660 manat daşınmaz əmlaka və 1345 manat daşınan əmlaka vurulmuş maddi zərərin, 175 manat qiymətləndirmə xərci və 150 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11330 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsinə əlavədə qeyd edilən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yaşayır. İddiaçı ona qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İş üzrə iddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, onun tərəfindən hazırda yaşadığı həyətində kürə sobası, yardımçı tikililəri inşa etdiyini, inşa etdirdiyi əraziyə müxtəlif avadanlıqlar və xammal aldığını həmin işlərin görülməsinə görə onun tərəfindən ümumilikdə 19700 manat xərc çəkdiyini göstərmişdir. İddiaçı ona qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasına aşağıdakı qaydada öz etirazını bildirir. Qeyd etmək istəyir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən 19700 manat məbləğ şişirdilmiş rəqəmdir və göstərilən məbləğ həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ilə aralarında çörək və un məhsulları istehsal etməyə dair İsmayıllı rayon Notariat ofisində 13 mart 2019-cu il tarixdə yaşadığı həyətində kürə sobası, yardımçı tikililəri inşa etdirəcəyini və həmin ərazidə müxtəlif avadanlıqlar və xammalla təmin etdirəcəyini, istehsal olunacaq məhsulların satışının təşkilinə yardımçı olacağı barədə razılığa gələrək müqavilə bağlamışlar. Bağlanmış müqavilədə iddiaçı istehsal prosesinə çəkilən xərcləri tam olaraq 100% öz öhdəsinə götürmüş, istehsal prosesinin təşkilinə yardımçı olacağına, istehsal ediləcək məhsulların çeşidləri və müvafiq reseptlərin hazırlanmasında bilavasitə iştirak edəcəyini, müvafiq məhsulların maya dəyərinin hesablanmasında və pərakəndə satış qiymətinin müəyyən edilməsində bilavasitə iştirak edəcəyini öhdəsinə götürmüşdür. Həyətyanı torpaq sahəsində görüləcək işlər üçün ona məxsus torpaq sahəsini yatırım olaraq təqdim etməyini, istehsalın həyata keçirilməsi və prosesin davamında iştirakçı olacağına, istehsal prosesinin təşkilinə yardımçı olacağını, istehsal ediləcək məhsulların çeşidləri və müvafiq reseptlərin hazırlanmasında bilavasitə iştirak edəcəyini, müvafiq məhsulların maya dəyərinin hesablanmasında və pərakəndə satış qiymətinin müəyyənləşdirilməsində bilavasitə iştirak edəcəyini öhdəsinə götürmüşdür. Əldə ediləcək gəlirdən pay bölgüsü riski nəzərə alınmaqla ilkin olaraq gəlirlər aşağıdakı qaydada bölünəcəyi barədə razılığa gəlinmişdır. Belə ki, sərmayəçi çəkdiyi xərclərin əvəzi tam qaytarılana qədər gəlirin 30%-i pul əvəzi sərmayəçiyə yəni iddiaçıya qaytarılacağı, qalan 70% gəlirin 40%-i ona və 30%-i isə iddiaçıya çatacağını, sərmayəçi qoyduğu pulu tam olaraq götürdükdən sonra bölgülər aşağıdakı kimi dəyişir, gəlirin 60 % ona və 40%-i iddiaçıya çatacağı, yatırımçı iddiaçı qoyduğu sərmayəni götürdükdən sonra, gəlirin bölgüsü on il müddətinə müqavilədə göstərilən nisbətdə yəni 60% və 40% həyata keçirilir. On il keçdikdən sonra iddiaçı şəriklikdən geri çəkilir, istehsal prosesinin tək sahibi o olacağı barədə müqavilə bağlanmışdır. Bildirmək istəyir ki, ötən dövr ərzində iddiaçı həyətində kürə sobası və yardımçı tikililər inşa etmişdir. Həmin işlərin görülməsinə 330 manat dəyərində 1100 ədəd kərpic, 60 manat dəyərində 100 ədəd mişar daşı, 110 manat dəyərində armatur, 300 manat dəyərində 750 ədəd mişar daşı (söküntü), 40 manat dəyərində 2 kub asep, 40 manat dəyərində 2 kub qum, 216 manat dəyərində 35 ədəd sement (300) markalı, 150 manat dəyərində 30.kv.metr lambirin, 287 manat dəyərində 25 kv.metr metlax, 150 manat dəyərində elektrik avadanlıqları,300 manat dəyərində 100 kv.metr şkatur işi, 50 manat dəyərində 25 kq Fab boya, 250 manat dəyərində 1 ədəd plastik pencərə, 60 manat dəyərində 10 kisə mətanət, 240 manat dəyərində 30 ədəd dəmir list, 50 manat dəyərində 60 metr beton setqa və taxta reyka, 30 manat dəyərində plastik boru, 30 manat dəyərində qaz sayğacının yerinin dəyişdirilməsi üçün xərc, 40 manat giriş yerinin dəyişdirilməsi barədə xərc, 100 manat dəyərində kürə sobanın hazırlanması üçün torpaq və duz, 200 manat dəyərində şpaklovka işi və 180 manat dəyərində 1 maşın kürə sobanın qızdırılması üçün odun alınmaqla xərc çəkmişdir. Ümumilikdə iddiaçı tərəfindən həyətində kürə sobası və yardımçı tikintisinə çəkdiyi xərcin məbləği 3213 manat olduğu halda, iddia ərizəsində iddiaçıya vurulmuş maddi ziyan güya 19700 manat təşkil etdiyi göstərilmişdir. Halbuki, yuxarıda qeyd olunan işlərin görüldüyü göz qabağındadır. Belə olan halda iddiaçı hansı əsaslarla ondan əlavə vəsait tələb edir. Qeyd etmək istəyir ki, tikinti işlərini başladığı zaman usta kimi İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 43 ünvanda yaşayan xx.xx.1963-cü il təvəllüdlü İlyas Qaçayev işləmişdir. Şahid qismində dindirmək yolu ilə öyrənmək olar ki, həyətində işlər görülən zaman tikinti materiallar haradan hansı məbləğdə alınıb gətirildiyi, eləcədə ustaya verilən zəhmət haqqının nə qədər olduğu müəyyən etmək olar. Çörək istehsalı üçün zəruri olan avadanlıqları iddiaçı özü ilə gətirmişdir. Lakin aralarında yaranmış problemlərlə bağlı özü ilə gətirdiyi avadanlıqları götürüb aparmışdır. Hal-hazırda iddiaçıya məxsus 500 litirlik su çəni vardır. Şərh olunan əsaslara görə və hesab edir ki, iddiaçının iddia tələbinin hər hansı hüquqi əsası olmadan 19700 manat göstərməsi tam əsassızdır və işin faktiki hallarını nəzərə alaraq həmin məbləğin 3213 manat olması qənaətinə gəlir. O, iddiaçı ilə aralarında olan müqavilənin şərtlərini pozmamış, ona maddi zərər vurulmasına səbəb olmamış və ona borcu qalmamışdır. Ona görə də iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, №QXM/M482 nömrəli qiymətləndirmə hesabatını, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qiymətləndirmə hesabatında qeyd edilən həddə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İsmayıllı rayon Notariat Ofisi tərəfindən təsdiq edilərək reyestrdə 3M-25 nömrə ilə qeydə alınmış 13 mart 2019-cu il tarixli “Çörək və un məhsulları istehsal etməyə dair” müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında İsmayıllı rayon Notariat Ofisi tərəfindən təsdiq edilərək reyestrdə 3M-25 nömrə ilə qeydə alınmış 13 mart 2019-cu il tarixli “Çörək və un məhsulları istehsal etməyə dair” müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı şəxsi vəsaiti hesabına göstərilən ünvanda, yəni Cavabdeh həyətində kürə sobası, yardımçı tikililəri inşa edir, avadanlıq və xammalla təmin edir, istehsal olunan məhsulların satışının təşkilinə yardımçı olur, digər tərəf Cavabdeh isə bu iş üçün həyətyanı torpaq sahəsi təqdim edir, istehsal prosesinə nəzarəti həyata keçirir, avadanlıqların qorunmasına məsuliyyəti öhdəsinə götürür və bu müqavilə ilə şərikli istehsal müəssisəsi təşkil edir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilmək üçün xx.xx.2024-cü il tarixdə 142211 büdcə səviyyə koduna 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, №QXM/M 482 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisə predmeti olan çörək və un məmulatları istehsalına dair qeyri-yaşayış sahəsinə mütəxəssisin və tərəflərin iştirakları ilə baxış keçirilməklə həmin qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə çəkilən xərcin hazırkı bazar qiymətləri ilə dəyəri iş materiallarında olan foto şəkillər nəzərə alınmaqla çəkilmiş ümumi xərclərin 9665 manat təşkil etdiyi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, tərəflər arasında İsmayıllı rayon Notariat Ofisində təsdiq edilərək reyestrdə 3M-25 nömrə ilə qeydə alınmış 13 mart 2019-cu il tarixli “Çörək və un məhsulları istehsal etməyə dair” müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı şəxsi vəsaiti hesabına müqavilədə göstərilən ünvanda, yəni Cavabdeh həyətində kürə sobası, yardımçı tikililəri inşa etməyi, avadanlıq və xammalla təmin etməyi, istehsal olunan məhsulların satışının təşkilinə yardımçı olmağı öhdəsinə götürmüş, digər tərəf Cavabdeh isə bu iş üçün həyətyanı torpaq sahəsi təqdim etməyi, istehsal prosesinə nəzarəti həyata keçirməyi və avadanlıqların qorunmasına məsuliyyəti öhdəsinə götürmüş, hər iki tərəf müqavilənin şərtləri ilə razılaşaraq şərikli istehsal müəssisəsi təşkil etməyi öhdələrinə götürmüşlər. Məhkəmə tərəfindən mübahisə predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş çörək və un məmulatları istehsalına dair qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə çəkilən xərcin hazırkı bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-yə sorğu göndərilmiş, sözügedən mərkəz tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, №QXM/M 482 nömrəli qiymətləndirmə hesabatında İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisə predmeti olan çörək və un məmulatları istehsalına dair qeyri-yaşayış sahəsinə mütəxəssisin və tərəflərin iştirakları ilə baxış keçirilməklə həmin qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə çəkilən xərcin hazırkı bazar qiymətləri ilə dəyəri iş materiallarında olan foto şəkillər nəzərə alınmaqla çəkilmiş ümumi xərclərin 9665 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı cavabdehdən 9660 manat daşınmaz əmlaka və 1345 manat daşınan əmlaka vurulmuş maddi zərərin, 175 manat qiymətləndirmə xərci və 150 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11330 manat pulun tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisə predmeti olan çörək və un məmulatları istehsalına dair qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə çəkilən xərcin iddia tələbində qeyd edilən məbləğdə olmadığını, işin faktiki halları nəzərə alınaraq həmin məbləğin 3213 manat olması qənaətinə gəldiyini, iddiaçı ilə aralarında olan müqavilənin şərtlərini pozmadığını, ona maddi zərər vurulmasına səbəb olmadığını və ona borcu qalmadığını bildirir və iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Belə ki, tərəflər 2009-cu il tarixdən 2013-cü il tarixədək şərikli fəaliyyət göstərməklə avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmuş, tərəflər arasında razılaşmaya əsasən həmin avtomobil hissələrinin satışından əldə edilmiş gəlir hesabına iddiaçıya cavabdeh tərəfindən hər ay 300 manat pul verilmişdir. 2014-cü ildən 2020-ci il tarixədək müxtəlif səbəblərdən (cavabdehin xəstələnməsi, alverin zəif olması və s) tərəflərin fəaliyyətində durğunluq yaranmış, həmin dövrdə cavabdeh tərəfindən iddiaçıya qərarlaşdırdıqları 300 manat məbləğində gəlir ödənilməmiş, lakin iddiaçı sözügdən mağazadan müxtəlif ehtiyat hissələri götürmüşdür.(bu hal da işin mübahisəsiz halıdır.) Həmin müddətdə (2014-2020) iddiaçının cavabdehdən ümumiyyətlə heç bir tələbi yoxdur. Belə ki, iddiaçı bunu cavabdehin xəstə olması və o dövrlərdə alverin zəif olması və bunu insanlıq halı ilə əlaqələndirir. Lakin cavabdeh həmin dövrdə iddiaçı tərəfindən görütülmüş ehtiyat hissələrinin dəyirinin 4000 manat olduğunu, iddiaçı isə həmin məbləğin şişirildiyini, həmin məbləğin 1300 manat civarında olduğunu, eyni zamanda 7 il ərzində alverdən ona çatası payını istmədiyini, lakin müxtəlif vaxtlarda mağazadan ehtiyat hissələri götürməsi barədə cavabdehlə əvvəlcədən razılaşdığını, ümumiyyətlə 2014-cü ildən 2020-ci il tarixədək ona ödəniləcək 300 manat pulu hesablandıqda 4000 manatdan daha çox məbləğ etdiyini, buna baxmayaraq o, yuxarıda qeyd etdiyi əsaslara görə həmin dövr üçün pul tələb etmədiyini bildirir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsini zəruri hesab edəir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflər arasında un məmulatlarının hazırlanması və satışı ilə bağlı şərikli öhdəlik münasibətləri yaranmış. Bu hal isə mülki qanunvericilikdə fiziki şəxslərlə bağlı müddəalarda yer almamaqla, yalnız hüquqi şəxslərə münasibətdə tənzimlənməkdədir. Belə olan halda məhkəmə hazırki iddianın qanuni əsasını yalnız qanunun analogiyasını tətbiq etməklə müəyyənləşdirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qeyd edilən Məcəllənin 64.1 və 64.2-ci maddələrinə əsasən, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Göstərilən Məcəllənin 69.1-ci maddəsinə əsasən, ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 71.1-ci madəsinə əsasən tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər ortaqlığın düşdüyü zərər nəticəsində onun xalis aktivlərinin dəyəri şərikli kapitalının miqdarından az olarsa, ortaqlığın götürdüyü mənfəət, xalis aktivlərin dəyəri artıb şərikli kapitalın miqdarını ötənədək onun iştirakçıları arasında bölüşdürülmür. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar. Tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğundan və həmin öhdəlik münasibətləri hal-hazırki vaxtadək davam etdiyindən, hazırki mübahisəyə Mülki Məcəllənin əsassız varlanmaya aid müddəalarının tətbiqi istisna olunur. Ona görə də məhkəmə hazırki tələbə mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi hissəsinin müvafiq maddələrinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, №QXM/M 482 nömrəli qiymətləndirmə hesabatında İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisə predmeti olan çörək və un məmulatları istehsalına dair qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə çəkilən xərcin hazırkı bazar qiymətləri ilə dəyərinin iş materiallarında olan foto şəkillər nəzərə alınmaqla çəkilmiş ümumi xərclərin 9665 manat məbləğində müəyyən edilməsinə münasibət bildirərək qeyd edir ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisə predmeti olan çörək və un məmulatları istehsalına dair qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə çəkilən xərcin bazar qiymətləri ilə real dəyəri də hesabatda qeyd edilən məbləğə uyğundur. Ona görə də məhkəmə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisə predmeti olan çörək və un məmulatları istehsalına dair qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə çəkilən xərcin hazırkı bazar qiymətləri ilə dəyərinin iş materiallarında olan foto şəkillər nəzərə alınmaqla çəkilmiş ümumi xərclərin 9665 manat təşkil etməsinin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, №QXM/M 482 nömrəli qiymətləndirmə hesabatında qeyd edilən məbləğə uyğun olmaqla 9665 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iddianın 1345 manat daşınan əmlaka vurulmuş maddi zərərin cavabdehdən tutulmasına dair hissəsinə münasibət bildirirərək qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı özü də izahatında 1345 manat dəyərində olan daşınar əmlakların bir hissəsini özü götürdüyünü, ancaq həmin əşyaları dəyərindən aşağı qiymətə satdığını, həmin əşyalara görə ona maddi zərər dəydiyini qeyd etmişdir. Eyni zamanda iddiaçının tələb etdiyi daşınar əmlaklar və çəkilən bir neçə xərclər qiymətləndirmə hesabatında qeyd edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 1345 manat dəyərində daşınar əmlak hazırda cavabdehdə olmadığından və həmin əmlak iddiaçının özü tərəfindən götürülərək satıldığından və eyni zamanda iddiaçının tələb etdiyi daşınar əmlaklar və çəkilən bir neçə xərclər qiymətləndirmə hesabatında qeyd edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, №QXM/M 482 nömrəli qiymətləndirmə hesabatında qeyd edilən 9665 manat maddi zərər məbləğinə dair hissədə qismən iddiaçının vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsinə əlavədə tələb etdiyi 9660 manat həddində təmin edilməli, tərəflər arasında “çörək və un məhsulları istehsal etməyə dair” müqavilə mövcud olduğundan iddia tələbinin qanunu əsası olan şərikli iş görülməsi hüquq münasibətlərinə əsasən cavabdehdən 9660 manat maddi zərər məbləği tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 150 manat dövlət rüsumu məbləğinin 118.35 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 31.65 manatı isə iddiaçının özünə aid edilməlidir. Qiymətləndirmə hesabatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul iddiaçı tərəfindən əvvəlcədən "xxxx" MMC-yə ödənildiyindən, həmin məbləğin yarısı 175 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9660 manat vurulmuş maddi zərər, 175 manat qiymətləndirmə xərci və 118.35 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9953.35 manat məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-93/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-93/2025
24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver