Məhkəmə qərarları › İş №2(037)-931/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-931/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-931/2023 13.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat maddi zərər, 700 manat mənəvi zərərin və 34 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, evinə künc divanı, stol və stullar almaq istədiyi üçün xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “künc_divan_sifarişi” səhifəsində ucuz qiymətə divanların düzəldilməsi barədə elanı görüb, həmin elanda olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış, nömrəni istifadə edən Ayşə adlı qadına evi üçün bir ədəd künc divanı,1 ədəd stol,10 ədəd isə stul sifariş vermək istədiyini bildirmiş,o isə bütün bu mebellərin 1500 manata başa gəldiyini və işi görəcək ustanın onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə dəqiqə sonra adının Elvin olduğunu deyən şəxs ********** nömrəsi ilə ona zəng edərək ölçüləri götürmək üçün ünvanını soruşmuş,həmin gün təxminən saat 22:00 radələrində onun yaşadığı ünvanına gələrək ölçü işləri aparmış və 10 gün müddətinə mebelləri hazırlayaraq gətirəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ondan ilkin olaraq 700 manat beh verməsini istəmiş, o isə inanaraq yaşadığı evdə Elvinə 700 manat beh pul vermiş, qalan 800 manat pul isə mebellər hazır olduqdan sonra verəcəyini razılaşmışlar. Bir müddət keçdikdən sonra Elvin hər dəfə bir bahənə ilə mebelləri hazır etməmiş və ondan aldığı pulu geri qaytarmamışdır. Belə olan halda o xx.xx.2023-cü il tarixdə Elvinə zəng etdikdə onun telefonu bağlı olduğu üçün DİN-nin 102 xidmətinə zəng etmiş və bundan sonra Sumqayıt ŞPİ-də araşdırılma aparılmış və məlum olmuşdur ki hadisədə adı Elvin kimi keçən şəxs İsmayıllı rayonu, Ruşan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi Cəfər Cabbarlı küçəsi, ev 401-də yaşayan Cavabdehdur. Araşdırma zamanı izahatı alınarkən Cavabdeh ondan 700 manat pul aldığını etiraf etmişdir. Belə ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onun əsəbləri pozulmuş və həm maddi həm də mənəvi cəhətdən ona ziyan dəymişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqda rəsmi məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş,04 may 2023-cü il tarixli,HK-1/297 saylı,“cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı polis mayoru,Zaur Ağayev tərəfindən HK- 1/297 saylı material üzrə araşdırma aparılmış,araşdırma nəticəsində toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və mübahisəli vəziyyət mülki xarakterli olduğundan ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasında şərtləşdirilmiş muzd müqabilində şifahi podrat müqaviləsi bağlanmış, cavabdeh iddiaçının sifarişi əsasında ümumi dəyəri 1500 manat olmaqla, məişət mebelini hazırlayaraq verməyi öhdəsinə götürmüşdür.İddiaçı cavabdehə ilkin olaraq 700 manat vermiş, qalan 800 manatını isə mebellər hazır olduqdan sonra veriləcəyi barədə razılığa gəlinmişdir. Cavabdeh sifarişi icra etməmiş,sifarişçi artıq sifarişdən imtina etmək barədə podratçıya bildirmiş,bundan sonra podratçının aldığı 700 manat məbləği hazırkı vaxtadək qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması,əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir.Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə,adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər,lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən edilmiş halların əsasən hesab edir ki, cavabdeh görməli olduğu işlərin müqabilində iddiaçıdan muzd almış, lakin öhdəliyi lazımınca yerinə yetirəməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki,podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir.(MM-nin 1091.2-ci maddəsi).Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt-varlanan şəxslə,məhrum olan şəxs arasında yaranır.Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalarda da göründüyü kimi, iddiaçı cavabdehə məişət mebeli hazırlamaq üçün 700 manat pul vermiş,cavabdeh sifarişçinin sifarişini yerinə yetirməmiş, aldığı 700 manat isə əsassız olaraq geri qaytarmayaraq əsassız olaraq varlanmışdır. Göründüyü kimi ilk başda tərəflər arasında podrat müqaviləsi (hüquqi əsas) mövcud olmuş, sonradan isə həmin müqavilə ləğv edilərək, başqa sözlə, hüquqi əsas sonradan aradan qalxmış, nəticədə Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdeh əsassız olaraq varlandığı - 700 manat məbləğində vəsaiti iddiaçıya qaytarmalıdır. Bununla yanaşı, məhkəmə, iddianın, vurulmuş mənəvi ziyana görə 700 manat miqdarında pul tələb etməsi hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı məhkəmə iclasında ilk növbədə cavabdehin hərəkətlərinin hüquqa zidd olmasını,həmin hüquqa zidd hərəkətlər nəticəsində sarsıntı keçirməsini və həmin sarsıntının onun şüurunda mənfi psixi reaksiyanın yaranmasına səbəb olmasını,habelə həmin hüquqa zidd hərəkətlər nəticəsində sağlamlığının pozulmasına səbəb olan iztirab keçirməsini və fiziki əzab çəkməsini, eləcə də həmin halların baş verməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmasını inandırıcı dəlillərlə sübuta yetirə bilməmişdi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq tərəflərə aid edilməli,iddia qismən təmin edildiyindən hazırkı iddia üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 manat dövlət rüsumu məbləğinin 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 4 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 700 manat maddi zərər məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 4 (dörd) manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar