Məhkəmə qərarları › İş №2(037)-932/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-932/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-932/2023 22.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 22 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 5000 manat məbləğində əsas borc və ödənilmiş 70.40 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yaşayır. 2020-ci ilin oktyabr ayının 25-də cavabdeh ondan 5000 manat borc pul almışdır. Cavabdeh ondan 5000 manat borc pul alması ilə bağlı heç bir təzyiq olmadan, öz istəyi ilə qəbz yazmış, qəbzdə aldığı pulu 6 ay müddətinədək qaytaracağını qeyd etmişdir. Cavabdehlə aralarında bağladıqları şifahi borc müqaviləsinin şərtlərinə əməl etməklə ona 5000 manat pul vermişdir. Lakin cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Cavabdeh yazdığı qəbzdə ondan aldığı 5000 manat pulu 6 ay müddətinədək qaytaracağını qeyd etsə də, həmin pulu ona qaytarmaqdan imtina edir. O, cavabdehdən 5000 manat pulu qaytarmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə aldığı pulu ona qaytarmamışdır. Cavabdeh aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmişdir. O, cavabdehdən 5000 manat məbləğində pulun və 70.40 manat dövlət rüsumu məbləğinin tutularaq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş,teleqram göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Tircan kəndində yaşayır. İddiaçı ilə aralarında tanışlıq münasibətləri olmuşdur. İddiaçının ondan 5000 manat pul tələb etməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı onu haqsız yerə məhkəməyə veribdir. Belə ki, Bakı şəhərində işləyərkən bir nəfərlə dalaşmışdır. Onun işi əvvəlcə Səbail RPİ-nin 39-cu polis bölməsində olmuş, sonradan isə onun işi 39-cu polis bölməsindən alınıb Səbail rayon Polis İdarəsinə verilibdir. Onun işinə Səbail Rayon Məhkəməsində baxılaraq cəza verilmişdir. O, cəzasını çəkib qurtarmışdır. İddiaçıdan 5000 manat borc pul alması və həmin pulu 6 ay müddətinədək ona qaytaracağı barədə qəbz yazmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı və qohunları ona hədə-qorxu gələrək qəbz yazdırıblar. O, qəbz yazarkən iddiaçıya bildirdi ki, qəbzi o şərtlə yazar ki, təyin olunmuş cəzadan onu azad etsin. İddiaçı və qohumları tərəfindən ona edilmiş hədə-qorxu və təzyiqlərin nəticəsində məcbur qalaraq iddiaçıdan 5000 manat borc pul alması və aldığı pulu 6 ay müddətinə qaytaracağı barədə qəbz yazaraq imza etmişdir. İddiaçı verdiyi vədə əməl etməmiş və nəticədə ona təyin olunmuş cəzanı çəkib qurtarmışdır. Onun iddiaçıya borcu yoxdur. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını və iddia ərizəsinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, 25 oktyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, 2020-ci ilin oktyabr ayının 25-də Cavabdeh İddiaçı 5000 manat məbləğində borc pul almış və aldığı borcu 6 ay müddətinədək İddiaçı qaytaracağını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 31 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmək üçün ********** nömrəli mədaxil qəbzi ilə 14221103 nömrəli büdcə təsnifat koduna 70.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh 2020-ci ilin oktyabr ayının 25-də iddiaçıdan 5000 manat borc pul almış və aldığı borcu 6 ay müddətinədək iddiaçıya qaytaracağı barədə sadə yazılı formada imza edilməklə qəbz vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı 5000 manat pulu qaytarmamışdır. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı 2020-ci ilin oktyabr ayının 25-də 5000 manat pulu sadə yazılı qəbz vasitəsilə Cavabdeh nağd şəkildə 6 ay müddətinədək qaytarmaq şərti ilə vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı 5000 manat pulu sonuncuya qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin 2020-ci ilin oktyabr ayının 25-də iddiaçıdan 5000 manat məbləğində borc pul alması və aldığı borcu 6 ay müddətinədək iddiaçıya qaytaracağı barədə qəbz verməsi təsdiq edildiyindən iddia tələbinin cavabdehdən 5000 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə cavabdehin iddiaçıdan 5000 manat borc alınmasının qeyd edildiyi qəbzin iddiaçı və qohumları tərəfindən ona edilmiş təzyiqlərin nəticəsində yazdığını bildirməsinə dair verdiyi etiraz mülahizəsinə hüquqi qiymət verərək qeyd edir ki, o, iddiaçıdan 5000 manat borc alınmasının qeyd edildiyi qəbzin iddiaçı və qohumları tərəfindən ona edilmiş təzyiqlərin nəticəsində yazdığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70.40 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat pul və 70.40 manat dövlət rüsumu olmaqla, cəmi 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat pul tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar