Məhkəmə qərarları › İş №2(037)-934/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-934/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-934/2024 09.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə 09 sentyabr 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 17000 manat məbləğində pulun, habelə ödənilmiş 141,4 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İsmayıllı şəhər sakini kimi əvvəldən tanımış və normal münasibətləri olmuşdur.Hər dəfə ailəsində maddi vəziyyətləri çətin olarkən ona müraciət edərək pul yardımı etməsini istəmiş və ona yardım etmiş,özündə olmadıqda isə başqa şəxslərdən alaraq ona vermişdir.Beləliklə müxtəlif vaxtlarda o cavabdehə ümumilikdə 17000 manat pul vermişdir.Hər dəfə ondan pulu alarkən qısa müddətdə valideynlərinin köməkliyi ilə qaytaracağına söz versə də ötən dövr ərzində sadəcə 200 manat qaytarmışdır.Onunla Lamiyə arasında pulun alıb-verilməsi ilə bağlı yazışmalar mövcuddur.Dəfələrlə cavabdehə borcunu qaytarmasını bildirdikdə,o müxtəlif bəhanələr gətirərək pulu qaytara bilmədiyini,ona vaxt verilməsini və yaxın zamanda borcunu qaytaracağını bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, hazırda cavabehlərin ona ümumilikdə 17000 manat borcu vardır. Belə ki, o, Lamiyəyə pul verərkən valideynləri, hazırki tələb üzrə digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 da məlumatları olmuş,hətda onun Lamiyəyə verdiyi pul hesabına atası müxtəlif ödənişlər də etmişdir. Lamiyə ona olan 17000 manat borcundan 250 manat ödəmişdir.Ona görə də cavabdehlərdən müştərək qaydada 16750 manat tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, iddiaçı ona müxtəlif vaxtlarda ümumilikdə 17000 manat pul vermiş, lakin o həmin puldan 3250 manat, 3000 manat faizlərə görə, 250 manat isə iş məhkəmənin icraatında olduğu müddətdə ödəmişdir. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, Lamiyə onun qızıdır. Qızının iddiaçıdan pul alması barədə məlumatı olmamış, sadəcə bir neçə ay əvvəl ona bu barədə iddiaçı tərəfindən məlumat verilmişdir. İddiaçının dediklərinin heç bir əsası yoxdur, çünki onlar qızına verilmiş puldan məlumatsız olmuşlar. Belə ki, o bu vaxta qədər iddiaçını tanımır, ikinci dəfədir ki, onu görür. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh3 eyni məzmunlu ifadə verərək ədalətli qətnamə çxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş telefon yazışmalarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında borcun mövcudluğu ilə bağlı müxtəlif yazışmalar olmuşdur. İş materiallarına əlavə edilmiş audio diskdə iddiaçı ilə Cavabdeh1 arasında borcun ödənilməsi ilə bağlı müxtəlif məzmunda danışıqlar olmuşdur. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh1 müxtəlif vaxtlarda ümumilikdə 17000 manat pul vermiş və həmin puldan 250 manat Cavabdeh1 tərəfindən qaytarılmışdır. (bu hal işin mübahisəsiz halıdır.). Cavabdeh1 isə əlavə olaraq 3000 manat faiz borcunun ödədiyini iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Cavabdeh1 17000 manat verildiyi, həmin puldan 250 manat hissəsinin ödənildiyi, 16750 manat borcun isə ödənilmədiyi müəyyən edilir. Məhkəmə Cavabdeh1 tərəfindən 3000 manat ödəniş edilməsi barədə dediklərinə münasibət bildirərək qeyd edir ki, o, borcundan 3000 manat faiz olaraq ödədiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qeyd edir ki,iddiaçı pulu Cavabdeh1 verərkən valideynlərinin də məlumatı olduğunu,hətda valideynləri tərəfindən ona ödəniş ediləcəyi barədə vəd verdiklərini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddia tələbinə dair etiraz mülahizəsindəki göstərdiyi xüsusatları sübutetmə yükü özünün üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki,məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 141,4 manat dövlət rüsumu məbləğinin 140.25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 1.15 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 16750 manat məbləğində pul və ödənilmiş 140.25 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 16750 manat pul və 140.25 manat dövlət rüsumu olmaqla, cəmi 16.890.25 (on altı min səkkiz yüz doxsan manat iyirmi beş qəpik) manat məbləği alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar