Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-938/2020 02.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya şöbəsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) elektron qolbağının dəyəri olan 1346,03 manat vəsaitin alınaraq İsmayıllı rayon İcra və Probasiya şöbəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi - böyük icra məmuru (probasiya üzrə) X2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-41/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 gün həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən cəzasından çıxılmaqla üzərinə qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəza çəkdiyi müddətdə cavabdeh yaşayış yerini və İsmayıllı rayon ərazi hüdudlarını 21:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx xxxxxxx 2018-ci il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru Rəşad Ağazadə müvafiq protokol tərtib etmiş və cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, ev siqnal ötürücüsü və bir ədəd adaptor cavabdehə quraşdılaraq təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun batareyasının şişməsi nəticəsində ekran aralandığı müəyyən edilmişdir. Cavabdeh elektron nəzarət qurğusunu yararsız vəziyyətə salmış və nəticədə maddi ziayn dəymişdir. Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 1346,03 manat təşkil etmişdir. İddiaçı cavabdehdən elektron qolbağının dəyəri olan 1346,03 manat vəsaitin alınaraq İsmayıllı rayon İcra və Probasiya şöbəsinə verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-41/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx xxxxxxx 2018-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən ona elektron nəzarət vasitəsi işlək vəziyyətdə quraşdırılaraq təhvil verilmişdir. O, elektron nəzarət vasitəsinin mobil qurğusunun batareyasının şişməsi nəticəsində ekran aralandığı görmüş və bu barədə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məlumat vermişdir. Üzərinə quraşdırılmış elektron nəzarət vasitəsinə onun özü və ya digər şəxslər tərəfindən heç bir müdaxilə edilməmişdir. Elektron nəzarət vasitəsinə heç bir müdaxilə edilmədiyinə və İsmayıllı rayon İcra və Probasiya şöbəsinə gələrək elektron nəzarət vasitəsinin işləməməsi barədə özü məlumat verdiyinə görə hazırki iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(037)-41/2018 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxx 2018-ci il tarixdə saat 13:05-dən xx xxxxx 2018-ci il tarixdə saat 12:00-dək həbsdə saxlanıldığı müddət 02 gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasından çıxılmaqla üzərinə qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx xxxxxxx 2018-ci il tarixli protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxxxx 2019-cu il tarixli protokolların təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun enerji yığmadığı və telefonun qoşulmadığı müəyyən olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun söndüyü və enerji yığmadığı müəyyən olunmuşdur. xx xxxx 2020-ci il tarixli protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu enerjini saxlamaması və sönməsi texniki səbəbdən olduğu məlum olmuşdur. xx xxxxxxx 2020-ci il tarixli protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu enerjini yığmadığı və sönməsi texniki səbəbdən olduğu məlum olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə 2001PC2 nömrəli komplekt ilə əvəz olunmuşdur. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx xxxxxxx 2020-ci il tarixli texniki rəydə qeyd edilmişdir ki, məhkum Cavabdeh üzərinə quraşdırılmış elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində müəyyən edilmişdir ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun batareyasının şişməsi nəticəsində ekranı aralanmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri və iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(037)-41/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd olunan hökm icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və.Cavabdeh İsmayıllı rayon İcra və Probasiya şöbəsində məhkum kimi qeydiyyata alınmış və xx xxxxxxx 2018-ci il tarixdə müvafiq protokol tərtib edilərək elektron nəzarət vasitəsi işlək vəziyyətdə quraşdırılmışdır. Məhkum Cavabdeh üzərində quraşdırılmış elektron nəzarət vasitəsinin mobil qurğusunun batareyasının şişməsi nəticəsində ekran aralandığı müəyyən edilmişdir. Həmin elektron nəzarət vasitəsi yararsız vəziyyətdə Cavabdehdən təhvil alınmışdır. Hazırda iddiaçı 1346,03 manat maddi ziyan məbləğinin cavabdehdən alınaraq İsmayıllı rayon İcra və Probasiya şöbəsinə verilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx xxxxxxx 2020-ci il tarixli texniki rəyə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və həmin tələbin rədd edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq elektron nəzarət vasitəsinə heç bir müdaxilə edilmədiyini və İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə gələrək elektron nəzarət vasitəsinin işləməməsi barədə özü məlumat verdiyini bildirir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, elektron nəzarət vasitəsinin və ya onun ayrı-ayrı hissələrinin dəyərinin nəzarət subyektindən tutulması üçün onun təqsirindən, yəni qəsdən və ya ehtiyatsızlıqdan elektron nəzarət vasitəsini və ya onun ayrı-ayrı hissələrini zədələmiş olması və ya digər üsullarla yararsız vəziyyətə salması vacib şərtdir. Nəzarət subyektinə tətbiq olunan elektron nəzarət vasitəsi onun iradəsindən asılı olmayan səbəblərdən yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilsə də, bu hal əvvəlki elektron nəzarət vasitəsinin və ya onun ayrı-ayrı hissələrinin dəyərinin nəzarət subyektindən tutulması üçün əsas deyildir. Bunun üçün nəzarət subyektinin elektron nəzarət vasitəsinin və ya onun ayrı-ayrı hissələrinin zədələnməsi hallarına qəsdən və ya ehtiyatsızlıqdan yol verdiyi sübut edilməlidir. İş materiallarına əlavə edilmiş protokollardan görünür ki, Cavabdeh elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu enerjini yığmadığı və sönməsi texniki səbəbdən olduğu müəyyən olunmuşdur.İş materiallarna əlavə edilmiş “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx xxxxxxx 2020-ci il tarixli texniki rəydə isə nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun batareyasının şişməsi nəticəsində ekranının aralandığı qeyd edilmiş, lakin mobil qurğunun yararsız hala düşməsində hazırki iş üzrə Cavabdeh təqsirinin olması həmin rəydən və məhkəməyə təqdim edilmiş digər sənədlərdən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, elektron nəzarət vasitəsinin Cavabdeh tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan zədələnmiş olması faktı təsdiq edilmədiyindən həmin elektron nəzarət vasitəsinə dəymiş 1346,03 manat miqdarında maddi ziyan məbləğinə görə cavabdeh hər hansı maddi məsuliyyət daşımadığına görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İsmayıllı rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı elektron qolbağının dəyəri olan 1346,03 manat vəsaitin Cavabdeh alınaraq iddiaçı İsmayıllı rayon İcra və Probasiya şöbəsinə verilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-938/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-938/2020
02.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver