Məhkəmə qərarları › İş №2(037)-97/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-97/2023

10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-97/2023 10.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi, İddiaçı Səfərəlı̇ yeva Jalə Nəbi qızının iştirakı ilə İddiaçı Səfərəlı̇ yeva Jalə Nəbi qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 10 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Səfərəlı̇ yeva Jalə Nəbi qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 fevral 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Səfərəlı̇ yeva Jalə Nəbi qızı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(037)-48/2019 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan 25 fevral 2015-ci il tarixdə doğulmuş X8 adlı uşaq anasının yanında saxlanılmış və uşağın maddi təminatı üçün 130 manat aliment təyin edilmişdir. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq edir və uşağın normal təminatını belə ödəmir. Uşağın yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Belə ki, övladı Yusif məktəblidir və təyin olunmuş aliment uşağın bir sıra xərclərini, təhsil, geyim, sağlamlığı və s qarşılamır. Özü heç yerdə işləmir. Cavabdehin normal aylıq gəliri olsa da təyin olunmuş alimentdən başqa uşağın maddi təminatının ödənilməsinə köməklik etməmişdir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq maddi imkanı ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh həmçinin ərizəsində göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə ondan 130 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. O, 2020-ci ildə yeni ailə qurmuşdur və nikahından xx.xx.2020ci ildə bir övladı doğulmuşdur. Özü lift bələdçisi işləməklə ayda 265 manat əməkhaqqı alır. Bundan başqa himayəsində ahıl yaşlı valideynləri vardır. Aldığı əməkhaqqı ilə həm aliment borcunu ödəyir, həm də ailəsini dolandırır. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının izahatını, cavabdehin iddia tələbinə münasibətini, həmçinin iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ 513956 nömrəli 15 mart 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 25 fevral 2015-ci il tarixdə X8 adlı bir övladı doğulmuşdur. İş materiallarında olan İsmayıllı rayon Məhkəməsinin 2(037)48/2019 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 25 fevral 2015-ci il tarixdə doğulmuş X8 iddiaçı X12 qızının yanında saxlanmış, bir uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq X12 qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ İ № 360563 nömrəli 04 avqust 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflər arasında nikah 24 iyul 2019-cu il tarixdə pozulmuş və akt qeydlər kitabında 54 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İ.Həsənov adına İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş 116 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri 1 nömrəli tam orta məktəbin İİ (ikinci) sinfində təhsil alır. İş materiallarında olan X4 iştirak edilməməsi barədə 11 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh X4 iştirak etmişlər, tərəflər X4n sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan AZ-İİ 407486 saylı 30 qavqust 2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət X3 bağlanmış nikah akt qeydləri kitabına 1341 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 530503 nömrəli 18 noyabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X2 xx.xx.2020-ci il tarixdə X9 adlı bir övladı doğulmuşdur. İş materiallarında olan Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 45 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bəhram oğlu 87 saylı Mənzil Kommunal İstismar Sahəsində lift bələdçisi işləyir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(037)-48/2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, 25 fevral 2015-ci il tarixdə doğulmuş X8 ananın yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq X12 qızına ödənilməsi qət edilmişdir. İddiaçı hazırda təyin olunmuş alimentin uşağın normal xərclərini ödəmədiyini, uşağın məktəbli olduğunu, özünün heç yerdə işləmədiyini, cavabdehin normal aylıq gəliri olsa da təyin olunmuş alimenti ödəməməklə yanaşı uşağı ilə maraqlanmadığını və maddi təminatının ödənilməsinə köməklik etmədiyini qeyd edərək uşağın saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 190 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə qətnaməsi ilə 130 manat aliment təyin olunduqdan sonra yenidən ailə qurduğunu, bu nikahından xx.xx.2020-ci ildə bir övladının doğulduğunu, özünün lift bələdçisi işləməklə ayda 265 manat əməkhaqqı aldığını, bundan başqa himayəsində ahıl valideynlərinin olduğunu, aldığı əməkhaqqı ilə həm aliment borcunu ödədiyini, həmçinin də ailəsini dolandırdığını, bundan artıq aliment ödəməyə maddi imkanı olmadığı üçün alimentin artırılmamasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 25 fevral 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat alimentin tutularaq Səfərəlı̇ yeva Jalə Nəbi qızına ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-48/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 25 fevral 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutularaq Səfərəlı̇ yeva Jalə Nəbi qızına ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar