Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-10/2023 26.01.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə, Cavabdeh X2 iştirakı ilə. İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı 2996.95 manat pul və 50 manat dövlət rüsumu tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatı ilə xx.xx.2014-cü ildə **********7064 nömrəli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 31% olmaqla 18 ay müddətinə 4000 manat məbləğində kredit götürülmüşdür. Həmin kredit məbləği hazırki iş üzrə Cavabdeh verilmişdir. Yəni, o, həmin kredit məbləğindən ümumiyyətlə istifadə etməmişdir. Daha sonra "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatı məhkəməyə müraciət edərək məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-1484/2016 saylı əmrinə əsasən 2448 manat əsas borc, 362 manat faiz borcu və 216.43 manat cərimə borcu olmaqla cəmi 3026.45 manat pulun və 20 manat dövlət rüsumunun ondan və X1 müştərək qaydada tutularaq "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatına ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Həmin məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. O, "Qarasu Əməliyyat Şirkətində" - "X6" operator işlədiyi üçün əmək haqqından tutulmalar aparılmış və borc tam şəkildə "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatına ödənilmişdir. Məsələ ilə bağlı şifahi qaydada dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh borcunu etiraf etməsinə və 40 manat ödəniş etməsinə (20 manat özunə və 20 manat da ona çatdırılması üçün maşın ustası Cavidə vermişdir) baxmayaraq, qalan borcunu ödəməmişdir. Odur ki, məhkəməyə müraciət edərək 2996.95 manat pulun və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, iddia tələbini müdafiə etdiyini və işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 məhkəmə baxışı iclasında iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 2014-cü ildə "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatından illik faiz dərəcəsi 31% olmaqla 18 ay müddətinə 4000 manat məbləğində kredit götürmüş və həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə bank arasında “Zaminlik” müqaviləsi bağlanılmışdır. Lazım ilə aralarında olan şifahi razılaşmaya əsasən əmisinin iştirakı ilə onlar həmin kredit məbləğini öz aralarında bölmüş və yarıbayarı ödəməyə razılaşmışlar. O, ödənişlərini vaxtında etdiyini, iddiaçıya 282 manat borcunun qaldığını nəzərə alaraq, həmin həddə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-1484/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular İddiaçı və X1 2448 manat əsas borc, 362 manat faiz borcu və 216.43 manat cərimə borcu olmaqla cəmi 3026.45 manat pulun və 20 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatına ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. “X6” şirkəti tərəfindən Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş 29 mart 2022-ci il tarixli, 178 nömrəli məktubdan görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-1484/2016 saylı məhkəmə əmrinə əsasən İddiaçı cəmi 2996.95 manat pul tutularaq "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatının bank rekvizitlərinə köçürülmüşdür. "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatının 13 yanvar 2023-cü il tarixli, 2023/999/546 nömrəli arayışından görünür ki, X2 və zamini İddiaçı "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatının qarşısında 13 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yoxdur. 01 iyul 2022-ci il tarixli, 3835 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən mötəbər və təkzibolunmaz sübutlarla, həmçinin işin halları ilə müəyyən olunur ki, cavabdeh X4 FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatından kredit götürmüş, İddiaçı ona zamin durmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-1484/2016 saylı məhkəmə əmrinin icrası ilə əlaqədar “X6” şirkəti tərəfindən İddiaçı əmək haqqından cəmi 2996.95 manat pul tutularaq "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatının bank rekvizitlərinə köçürülmüşdür. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1.-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə istinad olunmuş maddi normalara əsasən qeyd edir ki, zamin olaraq İddiaçı cavabdehin kredit borcunu ödəmiş, ona görə də ödəmiş olduğu pula görə "FİNCA Azərbaijan" MMQ Kredit Təşkilatının tələb hüquqları iddiaçıya keçmişdir. Məhkəmə ödənilməli olan məbləği müzakirə edərək qeyd edir ki, iddia 2996.95 manat həcmində sübuta yetir. Ona görə də iddia əsaslı hesab olunmalıdır. Məhkəmə cavabdehin borclu olmaması barədə etirazına münasibətdə qeyd edir ki, onun etirazının əsasları barədə məhkəməyə sübut təqdim edilməmiş, işin faktiki halları ilə həmin etiraz təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 2996.95 manat və 50 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(038)-10/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-10/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver