Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-147/2023 30.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı 2300 manat pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 2300 manat pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsi üzrə tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 08 noyabr 2021-ci il tarixdə ondan üç baş 3 erkək dana və 2 baş dişi dana olan, cəmi 5 baş iribuynuzlu heyvanı 1 ay müddətində pulunu qaytaracağına söz verərək 2300 (iki min üç yüz) manata onunla razılaşaraq nisyə alıb aparmışdır. Lakin cavabdeh ona olan 2300 manat borcunu hələdə qaytarmamışdır. Odur ki, məhkəməyə müraciət edərək cavabdehdən borcunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 2300 manat borcun və 45 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq ərizə təqdim edərək, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş və məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını məqsəduyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran rayon Tuədo kənd sakini X1 ifadəsində bildirdi ki, iddiaçı və cavabdehi tanıyır. O, Cavabdeh mal alverçisi kimi tanımışdır. Vasif kəndləri gəzib heyvan satın almaqla məşğul idi. Ondan kənddə mal-qara satan olduğu halda ona deməsini və əvəzində pul verəcəyini bildirmişdir. O, da həmkəndlisi Mayis Verdiyevin iribuynuzlu heyvanların olduğunu və onları satmaq istədiyini bildirmiş, Vasif də gəlib Mayisin heyvanlarını almışdır. Sonradan ona məlum olmuşdur ki, Vasif aldığı heyvanların pulunu tam şəkildə ödəməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı cavab məktubundan görünür ki, iddiaçının Cavabdeh 2300 manat pul tələbi mülki xarakterli olduğu, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 30 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 45 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə qiyabi icraat qaydasında tədqiq olunmuş sübutlarla kifayətlənərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı almış olduğu mal-qaraya görə ona 2300 manat pul borclu qalmışdır. Cavabdeh həmin pulun qaytarılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 385.2-ci maddələrində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 567-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənlşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə görürür. Azərbaycan Respublikası MM-nin 600.1.-600.4.-cü maddələrinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1. və 601.2.-ci maddələrinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Göstərilən maddi hüquq normalarına əsasən, məhkəmə yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək qeyd edir ki, tərəflər arasında şifahi formada nisyə alğı-satqı müqaviləsi olmuşdur. Həmin şifahi razılaşmanın bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh razılaşmanın şərtlərini pozaraq, iddiaçıya olan borcunu ona ödəməmişdir. Ona görə də iddiaçı 2300 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1.-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qiyabi icraat qaydasında müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla kifayətlənərək belə hüquqi nəticəyə gəlir ki, 2300 manat pul və 45 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 244, 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2300 manat və dövlət rüsumuna görə ödənilmiş 45 manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnaməni rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflər, cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə və ya bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayət verə bilərlər. Sədrlik edən: X3
Məhkəmə qərarları › İş №2(038)-147/2023
Yardımlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(038)-147/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver