Məhkəmə qərarları › İş №2(038)-169/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-169/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-169/2023 04.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K1 oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 5000 manat pul və 70 manat dövlət rüsumu tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi veteranıdır və 2-ci qrup əllildir. O, Cavabdeh 2010-cu ildən hərbi qulluqçu kimi tanıyır. Ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenttliyinin təkrar müayinəsindən keçmək istəyirmiş. Tofiq ona demişdir ki, “Təkrar müayinədən adi qaydada keçə bilməyəcək, onun tanışı var, istəsə müayinədən keçmək üçün köməklik edə bilər, ancaq 5000-manat pul lazımdır.” O. Tofiqə inanmış və 2021-ci ilin aprel ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Tofiqin yaşadığı binanın qarşısında ona 5000 manat məbləğində pul vermişdir. Sonra Tofiqin ***-***-**-** nömrəli mobil telefonuna dəfələrlə zəng vurub pulunu qaytarmasını xahiş və tələb etsədə, Tofiq hər dəfə müxtəlif bəhanələr gətirməklə onun pulunu qaytarmaqdan yayılmışdır. Tofiqin hər dəfə müxtəlif bəhanələr gətirməklə ondan yayındığına və onu telefon zənglərinə cavab vermədiyinə görə, barəsində barəsində tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılmış, Cavabdeh izahatı alınarkən o borcunu etiraf etmiş və qısa müddətd ərzində qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. Odur ki, 5000 manat pulun və 70 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə iştrakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Sumqayıt Şəhər Polis İdarəsinin materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh polis idarəsinə dəvət olunaraq izahatı alınmış və o, İddiaçı 2 dərəcə əlil kimi təkrar müayinədən keçirmək üçün 5000 (beş min) manat pul aldığını qeyd etmişdir. 07 fevral fevral 2023-cü il tarixli, 9150 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-21.3.-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından və istinad olunmuş maddi normaların şərtlərindən göründüyü kimi, Cavabdeh İddiaçı maddi ziyan vurmuşdur. Bu hal Sumqayıt Şəhər Polis İdarəsinin materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə 19 yanvar 2023-cü il tarixli qərarı ilə tam təsdiq olunur. Belə ki, Cavabdeh polis idarəsinə dəvət olunaraq izahatı alınmış və o, İddiaçı 2 dərəcə əlil kimi təkrar müayinədən keçirmək üçün 5000 (beş min) manat pul aldığını qeyd etmişdir. Belə olan halda, o, dəymiş ziyanı tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 manat və 70 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar