Məhkəmə qərarları › İş №2(038)-177/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-177/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-177/2025 08.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 manat borc, 500 manat əldən çıxmış fayda və 38 manat dövlət rüsumu olmaqla cəmi 1838 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Yardımlı rayonu Şovut kəndində yaşamaqla, xüsusi təsərrüfatla məşğul olmaqla mal-qara saxlayır. Saxladığı malqaralardan sataraq, pulunu tələbatına xərcləyir. Şəxsi təsərrüfatında olan inəyini satmaq istədiyi üçün yaşadığı kənd sakinlərinə və kənarda yaşayan tanış şəxslərə bu barədə bildirmişdir. 2023-cü ilin sentyabr ayında Cavabdeh onun həyətinə gələrək, inək almaq niyyəti olduğuna görə, inəyə baxmaq istədiyini bildirdi. Zahidi qaynatası Şahid1 Niftalı oğlu tanıyırdı. Qaynatası ilə birlikdə Zahidlə söhbətləri olmuşdur. Cavabdeh inəyə baxmış və bəyəndiyi üçün inəyi almaq istədiyini bildirmişdir. Razılaşmaqlarına əsasən 1300 manata inəyin dəyərini qiymətləndirmişlər. Cavabdeh inəyin pulunu 2 həftəyə verəcəyini bildirmiş və inəyi özü ilə gətirdiyi Şahid3 idarə etdiyi avtomaşınla aparmışdır. Cavabdeh inəyin pulunu 2 həftəyə verəcəyinə söz versə də hal-hazıra kimi verməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq etdikdən sonra, DİN-nin 102 Xidməti Zəng Mərkəzi sisteminə müraciət etmişdir. Şikayəti ilə bağlı Yardımlı rayon Polis Şöbəsində ərizəsi alınmış və cavabdehində dəvət edilərək izahatının alınacağını bildirmişlər. Sonra Polis şöbəsindən ona məktub ünvanlanaraq məhkəməyə müraciət etmək hüququ izah edilmiş, həmçinin 20 yanvar 2025-ci il tarixdə cavabdehin Şöbəyə dəvət olunduğunu və bir neçə gün ərzində borcunu ödəyəcəyinə söz verdiyini şifahi olaraq bildirmişlər. Cavabdeh ilə razılaşmaqlarına əsasən o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək 1300 manat dəyərində inəyi cavabdehə vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməmiş, aldığı inəyin dəyəri kimi borclu qaldığı 1300 manat pulu ona ödəməmişdir. Cavabdehin inəyini apardığını, borclu qaldığını, borcunu hal-hazıra kimi ödəmədiyini Yardımlı rayonu Şovut kənd sakini Şahid4, Yardımlı rayonu Ərsilə kənd sakini Şahid3, Yardımlı rayonu Telavar kənd sakini Şahid2 və Yardımlı rayonu Şovut kənd sakini Şahid1 Niftalı oğlu adlı şahidlər təsdiq edə bilərlər. Cavabdeh borcunu vaxtında ödəsəydi o, həmin pula təsərrüfatını inkişaf etdirər və 2023-cü ilin sentyabr ayından hal hazıra kimi 500 manat qazanc-fayda əldə edə bilərdi. Cavabdehin hərəkətləri nəticəsində o, 500 manat dəyərində qazancdan olmuşdur. Odur ki, Cavabdeh 1300 manat borc, 500 manat əldən çıxmış fayda və 38 manat dövlət rüsumu olmaqla cəmi 1838 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, atası ona saxlamaq üçün inək vermiş, uşağı xəstə olduğu üçün həmin inəyi satmaqdan ötrü qaynatasına demiş, qaynatası inəyi 1300 manata Zahid adlı şəxsə satmış və Zahid inəyin pulunu bazar günü verəcəyini bildirsə də həmin pulu ödəməmişdir. Sonradan qaynatasına Zahidə inəyini pulu aybaay ödəməsini bildirsə də Zahid bununla razılaşmamışdır. Hazırda uşağı xəstə olduğu üçün xəstəxanada müalicə alır ona görədə 1300 manat pulun Zahiddən alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçını tanımır, qeyd edilən inəyi 1150 manat Mahmud adlı şəxsdən almış inəyini pulu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə razılaşmışlar. O, həmçinin Mahmuddan başqa mal-qara da almışdır. O, həmin inəyin pulundan 3 il əvvəl Mahmudun özünə 200 manat, ondan 1 ay sonra Mahmudun özünə 100 manat, ondan 2 ay sonra iddiaçının qonşusu Sahibə Mahmuda çatdırmaq üçün 150 manat, təqribən 1 il qabaq yenidən Porsova kəndində yas mərasimində Mahmudun özünə 50 manat olmaqla ümumilikdə 500 manat vermiş, hazırda 800 manat borclu qalmışdır. Hazırda özü və ailə üzvlərinin xəstə olmasının və heç bir yerdə işləməməsinin nəzərə alınmasını xahiş edir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, o İddiaçı tanıyır. Sona onun gəlinidir. Sonanın inəyini o, 1100 manata Zahidə satmışdır. Zahid həmin inəyin pulunu 1 həftə və ya 10 gün ərzində ödəyəcəyini bildirmişdir. Həmçinin o, Sonanın inəyini Zahidə satarkən Zahid ona əvvəlcədən borclu olduğu 200 manat pulu da inəyin pulu ilə birlikdə ümumilikdə 1300 manat pulu ona verəcəyini bildirmişdir. Zahidin ona etdiyi ödənişlərin onun özünə aid heyvanların pulu olduğunu, Sonanın inəyinin pulunun Zahid tərəfindən ödənilmədiyini bildirdi. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, o İddiaçı tanıyır. Sona onun uzaq qohumudur. Sonanın Zahidə 1300 manat inək satmasını və inəyin pulunun ödəməməsini Mahmud ona demişdir. İnək satılan zaman onların yanında olmamışdır. O, inəyin pulunun ödənilməsinə görə Zahidin atasının yanına getmiş və Sona sahibsiz qadın olduğu üçün 1300 manat pulun ödənilməsini istəmişdir. Zahidin atasıda ona pulun ödəniləcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, o İddiaçı tanıyır. Zahid onunla həmkəndlidir. Avtomobili olduğu üçün Zahid ona zəng etmiş və o da Şovut kəndinə gələrək Zahid aldığı heyvanı Sonanın həyətindən aparmışdır. Həmin vaxt Mahmudda orada olmuşdur. Sona ilə Zahid arasında olan alqı-satqıdan məlumat yoxdur. X1 borclu olmasınıda bilmir. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, o İddiaçı tanıyır. Sona onun qonşusudur. X2 1300 manat satdığını, Həmin inəyin pulunun ödənilib-ödənilməməsini bilmir. Zahid ona Mahmuda çatdırmaqdan ötrü 150 manat pul vermişdir. O, da həmin 150 manat pulu Mahmuda vermiş, lakin pulun hansı heyvanın pulunun olmasında məlumatı olmamışdır. Yardımlı rayon Polis şöbəsinin məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzi sisteminə etdiyi müraciəti əsasında Yardımlı RPŞ-də araşdırma aparılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, onun Yardımlı rayonu Şovut kənd sakini Cavabdeh 1300 manat qarşılığında satdığı heyvanın pulunu verməməsi ilə əlaqədar etdiyi müraciət mülki huquq normaları ilə tənzimləndiyi üçün dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti uzrə yerli məhkəmə orqanına müraciət etmək hüququ izah edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddianın verilməsinə görə 38 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Tərəflər arasında mübahisə alqı-satqı müqaviləsindən irəli gəldiyindən, mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları da Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı münasibətlərini tənzimləyən normalarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, alqı-satqı müqaviləsinin şərti ondan ibarətdir ki, satıcı satdığı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib, onun əvəzində əşyanın dəyəri olan razılaşdırılmış pul məbləğini alıcıya ödəməlidir. Nisyə alqı-satqı müqaviləsində isə alıcı qəbul etdiyi əşyanın dəyərini tərəflərcə müəyyənləşdirilmiş vaxtda və məbləğdə hissə-hissə ödəməlidir. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması və iddiaçının mülkiyyətində olan əşyanı cavabdehə təhvil verməsi işin mübahisələndirilməyən hallarıdır. Belə ki, hər iki tərəf 2023-cü ilin sentyabr ayında İddiaçı mülkiyyətində olan inəyin dəyərinin sonradan ödənilməklə Cavabdeh satılması ilə bağlı razılığa gəlindiyini, yəni şifahi nisyə alqı-satqı müaviləsinin bağlanıldığını və inəyin alıcı Cavabdeh təhvil verildiyini, yəni iddiaçının - satıcının üzərinə düşən öhdəliyini yerinə yetirdiyini özlərinin izahatları ilə təsdiqləyirlər. Tərəflər arasında mübahisə satılmış inəyin dəyəri və həmin dəyərin cavabdeh tərəfindən ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı satdığı inəyinin dəyərinin 1300 manata razılaşdırıldığını və cavabdeh tərəfindən alınmış inəyin dəyərinin ümumiyyətlə ödənilmədiyini bildirir, cavabdeh isə iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə inəyin dəyərinin 1150 manata razılaşdırıldığını və həmin məblədən 500 manatın ödənildiyini və iddiaçıya 800 manat məbləğində ödənilməmiş borcunun qaldığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin): 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını, satılmış əşyanın dəyərini və əşyanın alıcıya təhvil verilməsini sübut etmək iddiaçının (satıcının, həmin əşyanın dəyərinin ödənilməsini sübut etmək isə cavabdehin (alıcının) vəzifəsidir. Cavabdeh iddiaçının dəlilini hər hansı hissədə qəbul etdiyi andan iddiaçı iddia etdiyi dəlili sübut etmək yükündən azad edir. Cavabdeh tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını və əşyanın ona təhvil verilməsini qəbul etdiyindən iddiaçı bu halları sübutetmə yükündən azaddır və məhkəmə bu halları işin mübahisəsiz halı kimi qəbul edir. Məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyanın dəyəri ilə bağlı qeyd edir ki, satılmış əşyanın dəyərinin 1300 manat olduğu iddiaçı tərəfindən irəli sürülsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə yükü baxımından bu iddiaçının vəzifəsidir. İddiaçının bunu təsdiq edən sübut kimi Şahid1 ifadəsinə əsaslansa da, sonuncu ifadəsində satılmış inəyinin dəyərinin 1300 manat deyil, 1100 manat olduğunu bildirmişdir. Cavabdeh isə izahatında inəyinin dəyərinin, nə 1300 manat, nə dəki, 1100 manat olduğunu, satılmış əşyanın 1150 manat olduğunu bildirmişdir. Beləliklə, satılmış inəyinin dəyərinin 1300 manat olması ilə bağlı hər hansı mötəbər sübut təqdim etmədiyindən və cavabdeh isə 1150 manat hissəsində bununla razılaşdığından, məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin 1150 manat olması qənaətinə gəlir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satılmış inəyin qiymət 1150 manat olmuşdur. Məhkəmə satılmış inəyin dəyərindən 500 manat hissəsinin ödənilməsi ilə bağlı cavabdehin dəlillərinə qiymət verərək, hesab edir ki, cavabdehin bu dəlilləri heç bir mötəbər sübutlarla öz təsdiqini tapmadı. Belə ki, cavabdeh izahatında Şahid1 bir neçə dəfə mal-qara aldğını və hissə-hissə onun pulunu verdiyi bildirmiş, İddiaçı aldığı inəyin pulundan 3 il əvvəl Mahmudun özünə 200 manat, ondan 1 ay sonra Mahmudun özünə 100 manat, ondan 2 ay sonra iddiaçının qonşusu Sahibə Mahmuda çatdırmaq üçün 150 manat, təqribən 1 il qabaq yenidən Porsova kəndində yas mərasimində Mahmudun özünə 50 manat olmaqla ümumilikdə 500 manat vermişdir. Şahid1 isə cavabdehin izahatını İddiaçı alınmış inəyin pulu olaraq 350 manat almasını təsdiq etməmiş, əksinə həmin pulların İddiaçı tərəfindən satılmış inəyin deyil, özü tərəfindən cavabdehə satılmış inəyin pulları olduğunu bildirmişdir. Eyni zamanda da Şahid4 da ifadəsində bildirmişdir ki, Zahid ona Mahmuda çatdırmaqdan ötrü 150 manat pul vermiş, ama həmin pulun İddiaçı satdığı inəyin, yoxsa Şahid1 satdığı inəyin pulu olduğundan məlumatlı olmamışdır. Göründüyü kimi cavabdeh iddiaçıdan alınmış inəyin pulunun 500 manat hissəsini ödədiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu hər hansı «şübhədən kənar» sübutla, yəni cavabdehin Şahid1 ödədiyi 500 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən satılmış inəyə görə ödənilməsi öz təsdiqini tapmır. Məhkəmə eyni zamanda iddia tələbinin «əldən çıxmış faydaya görə 500 manat cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi» hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia bu hissədə əsassızdır. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2023-cü ilin sentyabr ayında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan bir baş inəyi 1150 manata qaynatası Mahmudun vastəsi ilə Cavabdeh satmışdır. Cavabdeh həmin inəyin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, razılaşdırılmış 1 baş inəyi cavabdehin mülkiyətinə vermiş, lakin cavabdeh isə həmin inəyin dəyərini ödəməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1150 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 38 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1150 (bir min bir yüz əlli) manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar