Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-18/2024 18.01.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı 300 manat və 105 manat maddi ziyan tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 300 manat və vurulmuş maddi ziyana görə 105 manat pulun alınıb ona verilməsini tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, Yardımlı rayon Arus kənd sakini Cavabdeh onunla qonşuluqda yaşayır. Qonşu olduğu müddət ərzində heç kəslə pis münasibətdə olmamışdır. Buna baxmayaraq Cavabdeh bilərəkdən və qəsdən şəxsi təsərrüfatına aid olan 3 ədəd hind quşunu öldürərək ona maddi ziyan vurmuşdur. Dağlıq rayon və kənd yeri olduğundan hər kəs kimi o da təsərüfatla məşğul olub ailəsini dolandırır. Qonşusu ilə onun həyəti arasında ara kəsməni imkan zəif olduğundan ucuz olsun deyə setka ilə bağlamışdır. Həyətdə ona məxsus olan hind quşunun üçü qonşusu olan Cavabdeh həyətinə keçmişdir. Cavabdeh bundan narahat olduğundan hind quşlarını öldürərək həyətə atmışdır. O, təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Quşları öldürməklə cavabdeh ona maddi ziyan vurmuşdur. Bundan əlavə 2020-ci ildə karantin dövründə soyuq aylar idi. Cavabdeh evində yandırmağa odunu olmadığı üçün ondan 300 manat dəyərində odunu satmasını xahiş etmişdir. Özünə lazım olduğu halda odunu ona vermişdir. Razılığa əsasən Mübariz pulu yaxın zamanda verməli idi. Lakin aradan uzun müddət keçməsinə baxmayarq Cavabdeh 300 manat pulu qaytarmamış və məcbur olub pulu qaytarmasını tələb etmişdir. O isə pulu qaytarmaqdan imtina etmişdir. Hazırda Cavabdeh ona 3 ədəd hind quşunu öldürdüyünə görə 105 manat və ona verdiyi oduna görə 300 manat borcu vardır. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 02 il 06 ay əvvəl cavabdehə 300 manata razılaşmaqla bir maşın odun satmışdır. Bugünədək odunun pulunu ona qaytarmayıb. Bundan əlavə ona məxsus üç ədəd hind quşunu öldürərək həyətdəki su hovuzuna atıb. Cavabdeh tərəfindən həyətində suvaq işləri görülüb, iki manatdan hesablanmaqla ona 14x3 ölçüdə 42 kv.m ərazi üçün 84 manat pul vermiş, 5-6 manat borclu qalmışdır. Onu da qaz balonunu doldurmaqla əvəzləşdirmişdir. Hind quşlarının cavabdeh tərəfindən öldürülməsinə dair əlində hər hansı bir sübut yoxdur. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı 240 manata razılaşaraq odun almış və ümumilikdə 150 manat ödəmiş, 90 manat borclu qalmışdır. Daha sonra İddiaçı evində 320 manat dəyərində suvaq işləri görmüş, əvəzində iddiaçı tərəfindən ona ayrı-ayrı vaxtlarda 30, 20, 10 manat olmaqla, cəmi 60 manat pul verilmişdir. Oduna görə verilməli olan pulu aralarında suvağa görə verilməli olan pulla əvəzləşdirmişlər. Hind quşlarının öldürülməsinə gəldikdə isə bu barədə məlumatı yoxdur. Quşları o öldürməmişdir. Həmçinin hind quşlarının onun tərəfindən öldürülməsinə dair hər hansı bir sübut da yoxdur. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin cavabdeh ərizə təqdim edərək iddia ilə bağlı bildirmişdir ki, 2017-ci ilin payız aylarında İddiaçı oğlu Aqşin Kazımov onu evlərinə suvaq vurmaq üçün çağırmışdır. Həmin vaxt o, Aqşinin göstərdiyi lazım olan yerə suvaq vurmuşdur. Bir neçə dəqiqə sonra İddiaçı evə gəlmiş və əlavə olaraq ona evin arxa tərəfinə də suvaq vurmasını xahiş etmişdir. Aralarındakı razılığa əsasən suvağın hər kvadrat metrini 4 manata vurmalı idi. Həmin ərazi 80 kvadrat metr olmuş və pulla məbləği 320 manat olmuşdur. Həmin gün Aqşin Kazımov ona 30 manat pul vermişdir. Ona odun lazım olduğu üçün bir neçə gündən sonra Aqşin ona 240 manat dəyərində odunu satmış və odunun pulundan ona 150 manat ödəmişdir. Daha sonra isə hissə-hissə Aqşin ona 20 manat, daha sonra 10 manat pul vermişdir. Beləliklə onun iddiaçıya deyil, iddiaçının ona 170 manat borcu qalmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq, iddiaçı pulu qaytarmamış və bu səbəbdən o, dəfələrlə işlədiyi işin dəyərinə görə qalmış 170 manat borcu Aqşindən və Həsəndən istəsə də, bugünədək pulu ona qaytarmamışlar. Bundan əlavə iddiaçının ondan 3 ədəd hind quşunun dəyərinin tələb etməsi əsassızdır. Belə ki, iddiaçının onunla aralarında olan çəpəri aşırması ilə əlaqədar onun DİN-nə etdiyi şikayətdən sonra ondan əvəz çıxmaq üçün atdığı addımdır. Həmin vaxt polis əməkdaşları araşdırma aparmış, izahatları alınmış və ona dəymiş ziyanla bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. İddiaçının ona qarşı iddia tələbləri əsassızdır və qərəzlidir. Göründüyü kimi, iddiaçının, iddia tələbi əsassız olmaqdan əlavə iddia müddəti də ötürülmüşdür. Çünki aralarında yaranmış mübahisə 2017-ci ildə olmuş, həmin müddətdən 6 ildən artıq müddət keçmişdir. Ona görə də İddiaçı ona qarşı pul tələbi haqqında iddiasının iddia müddəti keçdikdiyinə və əsassız oldununa görə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 16 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna, iddia ərizəsinə birlikdə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən Cavabdeh 1 maşın odun verilmiş, cavabdehin üzərində həmin oduna görə ödəniş etmək öhdəliyi yaranmışdır. Məhkəmə iclasında alınmış odunun dəyəri iddiaçı tərəfindən 300 manat məbləğində dəyərləndirilsə də, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında, həmçinin məhkəməyə təqdim etdiyi yazılı ərizəsində odunu 240 manata aldığını bildirmiş, iddia tələbini 240 manat dəyərində odunun ona satılması hissəsində etiraf etmişdir. Bundan əlavə işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı evində və həyətində suvaq işləri görmüşdür. Cavabdeh tərəfindən suvaq işlərinin dəyəri 320 manat dəyərləndirilsə də, məhkəmə iclasında İddiaçı 42 kv.m ərazi üçün 84 manat pul verdiyini bildirmişdir. Yəni ümumilikdə 84 manat ödəniş etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2-ci maddəsinə əsasən tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. 543-cü maddəsinə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Göstərilənlərə əsasən məhkəmə odun satışına görə 300 manat pul tələbinə münasibətdə qeyd edir ki, həmin tələb üzrə iddia 156 manat həddində əsaslıdır. Belə ki, iddiaçı odunu 300 manata satmasını tam sübut edə bilməmiş, cavabdehin etirafına əsasən odunu 240 manata satması təsdiq edilmişdir. Cavabdeh odunun pulunu tam ödədiyini bildirsə də, o, bu halı təsdiq edə bilməmiş, lakin iddiaçının suvaq işi bağlı izahatına əsasən müəyyən olunmuşdur ki, 42 kv.m divara suvaq vurmuş, həmin suvağın muzd pulu kvadratı 2 manatdan hesablanmaqla 84 manat təşkil edir. İddiaçı da həmin məbləği ödəməsini təsdiq edə bilmədiyinə görə, məhkəmə hesab etmişdir ki, cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1-ci maddəsinə əsasən tələbini əvəzləşdirmək hüququnun olması nəzərə alınaraq, iddia 156 manat (240-84) həddində təmin olunmalıdır. Məhəkmə 3 ədəd hind quşunun öldürülməsinə görə ona dəymiş 105 manat maddi ziyan tələbinə münasibətdə qeyd edir ki, iddiaçı həmin tələbi sübut edə bilməmişdir. Belə ki, ümumiyyətlə onun 3 ədəd hinduşkasının ölüb-ölməməsi məlum deyil. Bundan başqa cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd edilən qanunvericilik normalarını əsas götürərək məhkəmə iddia tələbini maddi zərərin ödənilməsi hissəsində əsassız hesab edərək qeyd edir ki, 3 ədəd hind quşunun öldürülməsi, əgər öldürülmüşdürsə bunun cavabdeh tərəfindən edilməsi halı iddiaçı tərəfindən sübuta yetirilməmiş, məhkəməyə buna dair hər hansı sübut, foto-şəkil və s təqdim edilməmişdir. Bu səbəbdən iddia edilən 105 manat zərərin iddiaçıya hansı şəkildə vurulması və həmin zərərin qiymətləndirilməsi meyarı qeyri-müəyyədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 105 manat maddi zərərin vurulması hissəsində təmin edilə bilməz. Məhkəmə cavabdehin iddia müddətinin keçməsinə görə iddianın rədd olunması barədə yazılı etirazına münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı ilə hüquq münasibətinin 2017-ci ildə yaranması barədə məhkəməyə sübut təqdim etməmiş, iddiaçı isə həmin münasibətin 02 il 06 ay əvvəl yaranmasını bildirmişdir. Göründüyü kimi, bununla bağlı qeyri-müəyyənlik vardır, ona görə də etiraz əsassız hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 156 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia 105 manat maddi ziyan tələbi hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: x1
Məhkəmə qərarları › İş №2(038)-18/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-18/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver