Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-290/2025 13.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 48 (qırx səkkiz) manat dövlət rüsumunun, cəmi 2848 (iki min səkkiz yüz qırx səkkiz) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayonun Arus kəndində yaşayır və şəxsi təsərrüfatında mal-heyvan saxlamaqla ailəsini dolandırır. Pula ehtiyacı olduğu üçün 2023-cü il iyul ayında həmkəndlisi Cavabdeh şəxsi təsərrüfatında saxladığı 7 baş qoyunu 3.000 manata nisyə satmışdır. Aralarında olan razılğa əsasən cavabdeh həmin heyvanların pulunu, yəni 3000 manatı 10 gün müddətində ona qaytamağı öz öhdəsinə götürdü. Həmin puldan cavabdeh bir müddətdən sonra 200 manat qaytarsada, aradan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə deyərək ona olan 2800 manatı borcunu qaytarmamışdır. Təcili pula ehtiyacı olduğu üçün Elvindən borcu qaytaracağı təqdirdə 500 manat çıxacağını, amma qalan pulu verməsini bildirsə də, yenə də onu eşitməmiş və borcunu qaytarmamışdır. Hazırda cavabdehin ona olan borcu 2800 manat təşkil edir. Cavabdeh dəfələrlə məni aldatdığı üçün artıq ona inanmır və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiasının sübutu kimi CD disk məhkəməyə təqdim edir, həmin diskdə onun və cavabdehin danışılıqları ilə bağlı səs yazısı mövcuddur. Həmin səs yazısında cavabdeh ona 3000 manat məbləğində borcunun olduğunu bildirmişdir. İddia ərizəsini məhkəməyə verdikdən sonra cavabdeh əlavə olaraq ona 100 manat olmaqla, ümumi borcdan 300 manat vermiş, hazırda 2700 manat borc qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edətək, bildirmişdir ki, onunla iddiaçı arasında həqiqətən də quzuların nisyə alqı-satqısı ilə şifahi müqavilə bağlanmışdır. Onlar quzuların qiymətini ümumilikdə 1600 manata razılaşmışlar. O da 1600 manatdan 300 manatını ödəmiş, iddiaçıya 1300 manat borcu qalmışdır. Buna görə də iddianı 1300 manat hissəsində təmin edilməsinə etirazı yoxdur. İddianın qalan hissədə rədd edilməsini xahiş edir. İddiaçının təqdim etdiyi CD diskdəki səs yazısında olan bir-birilə danışan şəxslərdən birinin səsi ona məxsusdur. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İddiaçı təqdim etdiyi CD diskdəki səs yazısından görünür ki, Cavabdeh iddiaçıya aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə 1500 manat iddiaçıya göndərəcəyini, 1100 manat qaldığını bildirmiş, iddiaçı isə cavabında 2000 manat düzəldib verməsini, 600 manatını isə sonradan ödəyəcəyinə razı olduğunu bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Tərəflər arasında mübahisə alqı-satqı müqaviləsindən irəli gəldiyindən, mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları da Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı münasibətlərini tənzimləyən normalarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, alqı-satqı müqaviləsinin şərti ondan ibarətdir ki, satıcı satdığı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib, onun əvəzində əşyanın dəyəri olan razılaşdırılmış pul məbləğini alıcıya ödəməlidir. Nisyə alqı-satqı müqaviləsində isə alıcı qəbul etdiyi əşyanın dəyərini tərəflərcə müəyyənləşdirilmiş vaxtda və məbləğdə hissə-hissə ödəməlidir. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması və iddiaçının mülkiyyətində olan əşyanı cavabdehə təhvil verməsi işin mübahisələndirilməyən hallarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin): 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını, satılmış əşyanın dəyərini və əşyanın alıcıya təhvil verilməsini sübut etmək iddiaçının (satıcının, həmin əşyanın dəyərinin ödənilməsini sübut etmək isə cavabdehin (alıcının) vəzifəsidir. Cavabdeh iddiaçının dəlilini hər hansı hissədə qəbul etdiyi andan iddiaçı iddia etdiyi dəlili sübut etmək yükündən azad edir. Cavabdeh tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını və əşyanın ona təhvil verilməsini qəbul etdiyindən iddiaçı bu halları sübutetmə yükündən azaddır və məhkəmə bu halları işin mübahisəsiz halı kimi qəbul edir. Məhkəmə araşdırması zamanı işin mübahisəli halı satılmış mallar üzrə cavabdehin ödəməli olduğu məbləğlə əlaqədardır. Belə ki, iddiaçı malların qiymətinin 3000 manat olduğunu, cavabdeh isə əksinə 1600 manat olduğunu bildirmiş və hər iki tərəf də malların dəyərindən cavabdeh tərəfindən 300 manat ödənildiyi bildirirlər. Məhkəmə ilk növbədə iddiaçının satılmış malların dəyəri olan 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı fikirlərinə qiymət verərək, hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, iddia tələbini təsdiq edən sübut kimi iddiaçının təqdim etdiyi CD diskdə olan səs yazısında iddiaçı özü cavabdeh tərəfindən ödənişlər olunduqdan sonra 2600 manatın ödənilmədiyini bildirir. Cavabdeh də bununla razılaşaraq həmin məbləğdən 1500 manatını ödəyəcəyini, daha sonra 1100 manatını ödəyəcəyini bildirmişdir. Buna görə də məhkəmə iddianı satılmış malların dəyəri olan və cavabdeh tərəfindən ödənilməmiş qalan 2600 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməli olmasına dair qənaətə gəlir və iddianın həmin hissədə təmin olunmasını əsaslı hesab edir. Məhkəmə cavabdehin iddiaçıya satılmış malların dəyərinin 1600 manat olmasını və 300 manat ödədikdə sonra iddiaçı 1300 manat borcunun olması və iddianın da məhz bu hissədə təmin edilməli olmasına dair izahatına qiymət verərək, hesab edir ki, həmin izahat iddianın məhz qeyd olunan hissədə təmin edilməli üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh alınmış malların dəyərinin 1600 manat olmasını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından etirazının əsaslarını təsdiq edən sübutları təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh də bununla bağlı nəinki mötəbər olan, ümumiyyətlə heç bir sübut təqdim etməmiş, əksinə iddiaçının təqdim etdiyi CD diskdəki səs yazıları da cavabdehin izahatında bildirdiklərini təkzib edir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı ödənilməmiş 2600 manat borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2600 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 48 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2600 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 48 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(038)-290/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-290/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver