Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-31/2025 15.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.200 manat məbləğində pulun və 175,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhərində yaşayan Cavabdeh ilə 2022-ci ildə qohumlarının vasitəsi ilə tanış olmuş və aralarında yaxşı münasibət yaranmışdır. Onun qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşqul olduğunu cavabdeh bildikdən sonra, cavabdeh ilə aralarında razılaşma olmuşdur ki, ona lazım olan qızıl-zinət əşyalarını satım və cavabdeh də həmin əşyaları satdıqca pulunu ona qaytarsın. Beləliklə aralarında olan razılaşmaya əsasən 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək olan dövrdə müxtəlif dəyərdə və adda cəmi 39000 (otuz doqquz min) manat dəyərində qızıl-zinət əşyalarını cavabdeh ondan almışdır. Cavabdeh həmin əşyaları satıb qısa müddət ərzində ona olan borcunu qaytarmağı üzərinə öhdəlik götürsə də, 39000 (otuz doqquz min) manat borcundan cəmi 8000 (səkkiz min) manat ödəmişdir. Lakin cavabdeh öhdəlik götürdüyü vaxtdan uzun müddət keçməsinə baxmayaraq, ona olan 31000 (otuz bir min) manat borcunu qaytarmamışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq etmiş, o, isə “səndən aldığım qızıl-zinət əşyalarını satmışam, lakin pullarını ala bilmirəm” deyib, bəhanə gətirərək borcunu ödəməmişdir. Cavabdeh hərəkətləri barədə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, Polis İdarəsində araşdırma aparıldıqdan sonra 23 may 2024-cü il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Polis Şöbəsində cavabdeh dindirilərkən borclu olduğunu etiraf etmiş və bu barədə izahat vermişdir. Həmçinin cavabdeh onunla “WhatsApp” vasitəsi ilə yazışmasında və səs qeydlərində borclu olduğunu etiraf etmişdir. Cavabdehin əri X2 22 may 2024-cü il tarixdə yazdığı qəbzdə ona 30000 mant borclu olduğunu qeyd etsədə, arvadı Cavabdeh nəzərdə tutmuşdur. Qəbzdə borcu 4 il müddətə ödəyəcəyini qeyd etsədə, bu barədə aralarında əvvəlcədən hər hansı bir razılıq olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparıldıqdan sonra cavabdeh borcundan müəyyən ödənişlər etmiş və 28200 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, Cavabdeh əsas borca görə 28200 (iyirmi səkkiz min iki yüz) manat və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 175,5 (bir yüz yetmiş beş manat, əlli qəpik) dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, xəstə olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 23 may 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən tolanmış materialda hər hansı cinayət əməlinin tərkib əlamətləri müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, qərarın təsviri hissəsindəkilərə əsasən İddiaçı vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında, mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin qərarda Cavabdeh İddiaçı 30000 manat borcunun olduğunu etiraf etmişdir. «WhatsApp» vasitəsi ilə yazışmalardan və səs qeydlərindən görünür ki, Cavabdeh İddiaçı borclu olduğunu etiraf edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddianın verilməsinə görə 175.5 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasıda 2022-ci ildə şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan qızıl-zinət əşyalarını Cavabdeh satmağı, cavabdeh isə həmin qızıl-zinət əşyalarının dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, razılaşdırılmış əşyaları cavabdehin mülkiyətinə vermiş, lakin cavabdeh isə həmin əşyaların dəyərini ödəməmişdir. Belə ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 39000 manat dəyərində qızıl-zinyət əşyalarını cavabdehə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməmiş, 39000 manat dəyərində aldığı qızıl-zinyət əşyalarına görə müxtəlif vaxtlarda ödənişlər etsə də hazırda iddiaçıya 28200 manat borcu qalmışdır. Cavabdeh 28200 manat borcu iddiaçıya qaytarmamaqla öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbzi, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı, həmçinin «WhatsApp» vasitəsi ilə yazışmaları və səs qeydləri iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin mövcudluğu həmin əsaslarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 175,5 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 28.200 (iyirmi səkkiz min iki yüz) manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 175,5 (bir yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 28.200 (iyirmi səkkiz min iki yüz) manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 175,5 (bir yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(038)-31/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-31/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver