Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-36/2023 09.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə, Yardımlı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 20000 manat və dövlət rüsumuna görə 150 manat pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia tələbinin əsaslarına görə iddiaçı xx.xx.2014-cü il tarixdə cavabdeh olan qardaşı Cavabdeh fərdi ev tikmək məqsədi ilə beş sot sahəsini etibarnamə əsasında almışdır. Həmin vaxtı bu məqsədlə ayrı-ayrı vaxtlarda 1250 manat pul vermişdir. Həmin pulun 300 manatını poçt vasitəsi ilə ona göndərmişdir, 950 manatını nağd vermişdir. Torpağı aldıqdan sonra texnika vasitələri ilə ev yeri açdıraraq fərdi yaşayış evinin bünövrəsi qazılmış və iki otaq, bir mətbəx və dəhlizdən ibarət fərdi yaşayış evi inşa etdirmişdir. Ev 8x8 metr ölçüdə olmuşdur. Fərdi yaşayış sahəsi mişar daşından inşa edilmişdir. Evin üstünə şifer vurulmuş v tam təmir olunmuşdur. Bundan bir neçə il keçdikdən sonra cavabdeh ona məxsus olan fərdi yaşayış evinə onu və ailə üzvlərini daxil olmasına maneçilik törətməyə başlamışdır. Cavabdeh etibarnamənin vaxtı qutardığı üçün ona bildirmişdir ki, torpaq sahəsi onundur və yenidən etibarnamə verməmişdir. Bildirmişdir ki, yerini qaytarmasa evi sökəcəkdir. Həmçinin cavabdeh Əlyar Bəşirov 2022-ci ilin may ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə mülkiyyətinədə olan torpaq sahəsi üzərindəki daşınmaz əmlaklara mülkiyyət hüququ əldə etmək üçün elektron qaydada müraciət etmişdir. Belə olan halda da mülki qanunvericiliyin tələbinə görə torpaq sahəsinə mülkiyyət hüququ olduqda yaşayış sahəsinə mülkiyyət hüququ tanına bilər. Bununlada cavabdeh mülkiyyətində olan torpaq sahəsini ona faktiki olaraq satsada, torpağın mülkiyyətçi olmasından istifadə edərək fərdi yaşayış evini açıq şəkildə ələ keçirməyə çalışmışdır. Dəfələrlə fərdi yaşayış sahəsinə zərər yetirmişdir. Ona görədə aralarında mübahisələr olmuş və bu barədə müxtəlif orqanlara şikayət etmişdir. Məcburiyyət qarşısında qalaraq, cavabdehin onun yaşayış evini əlindən almağa çalışdığı üçün 2022-ci ilin yayında evi sökdürmüşdür. Ümumilikdə torpağın alınması və orada tikinti işlərin aparılması, evin təmiri və sökülməsi nəticəsində ona 20000 manatdan yuxarı maddi zərər dəymişdir. O məsələ ilə bağlı müxtəlif orqanlara və eyni zamanda Yardımlı rayon Polis Şöbəsinə və İcra Hakimiyyəti orqanına çoxsaylı şikayətləri olsada məsələnin mülki xarakterli olduğunu və məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Odur ki, maddi ziyana görə 20000 manat və dövlət rüsumuna görə ödənilmiş 150 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, 1983-cü ildən Bakı şəhərində yaşayır, özünün Bakı şəhərində yaşayış evi vardır. Lakin əslən Yardımlı rayonundan olduğuna görə, rayonda da ev tikmək qərarına gəlmişdir. Bu məqsədlə 2014-cü ildə qardaşı Əliyardan 1250 manata onun həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsini almış və rəsmi alğı-satqı müqaviləsi aparılmamış, hesab etmişdir ki, torpaq qardaşının mülkiyyətində deyil, ona görə də yalnız 5 il müddətinə etibarnamə almışdır. Bundan sonra 2015-ci ildə qardaşının qonşuluğunda bir mərtəbəli, 8x8 metr ölşüdə ev tikmişdir. Evə təqribən 15000 manata qədər xərc çəkmiş və yaşayış üçün tam yararlı olmuşdur. Sonradan qardaşı Əliyar öz həyətində artırmalar etmiş, ara məsafələri 0,80 metr qalmış, həmçinin Bakı şəhərində yaşadığına görə, hər dəfə gələndə aldığı torpaq sahəsinin, evinin cavabdeh və ailə üzvləri tərəfindən çirkləndirildiyini, evə zədələr yetirilməsini görmüşdür. Sonradan etibarnamənin vaxtı bitmiş və cavabdeh yeni etibarnamə verməmişdir. Bu kimi səbəblərə görə aralarında narazılıqlar yaranmışdır. Cavabdeh ona evi sökməsini, əks halda özünün sökəcəyini bildrimişdir. Odur ki, 2021-ci ildə məcburiyyət qarşısında qalaraq evi sökmüş, hətta başqa ərazidə yenidən bələdiyyədən 0,08 ha torpaq sahəsi almış və yeni ev inşa etdirmiş, təmir etdirmiş, bir qisim söküntü materiallarından istifadə etsə də, əksər söküntü materialları yararsız hala düşmüş, qalanları da yerindədir, onları sata da bilmir. Evə 15000 manat xərc çəksə də, materiallar bahalaşdığına görə ona dəymiş ziyana görə 20000 manat pul tələb edir. Cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək göstərdi ki, qeyd edilən torpaq sahəsi Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il qərarı ilə ona verilməklə 0,10 ha sahədən ibarətdir. İddiaçı ona 1250 manat pul verməmiş, Qabilin istəyinə görə qardaş kimi ona 0,05 ha torpaq sahəsi hədiyyə etmiş, lakin rəsmi sənədləşməyə ehtiyac qalmadığına görə qardaşına etibarnamə vermişdir. 2015-ci ildə Qabil ev tikmiş və təmir etdirmişdir. Lakin ona məlum olmayan səbəblərə görə sonradan Qabil həmin evdə yaşamaq istəməmiş, hər dəfə gələndə əsassız narazılıqlar etmiş, bələdiyyədən 0,08 ha torpaq sahəsi almış, orada yeni ev tikmiş və onun torpağında inşa etdiyi etdiyi evi özü sökərək, materiallarından yeni evin tikintisində istifadə etmişdir. O, evi sökməmiş və ya Qabili məcburiyyət qarşında buraxan hərəkətə yol verməmişdir. Yeni ev tikdiyinə görə materiallarında istifadə etmək üçün Qabil evi özü könüllü sökmüşdür. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. 11 avqust 2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh, mülkiyyətində olan 0,10 ha həyətyanl torpaq sahəsinin 0.05 ha hissəsini üzərində sərəncam verməsi və bununla bağlı ərizə vermək, digər hərəkətlər etmək səlahiyyətini 5 il müddətinə İddiaçı oğuna vermişdir. 11 avqust 2019-cu ildə etbarnamənin müddəti bitmişdir. İddiaçı tərəfindən təqdim edilmiş səs yazısı dialoqundan görünür ki, Cavabdeh İddiaçı evi sökəcəyini bildirir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mübahisənin hüquqi mahiyyətindən göründüyü kimi, iddiaçı cavabdehin ona evin söküntüsü nəticəsində maddi ziyan vurulmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq etmək üçün Mülki Prosessual Məcəllənin tələbinə əsasən iddiaçı daha öncə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona dəymiş ziyanın əmələ gəlmə məsələsi müəyyən olunmalıdır. İşin mübahihəsiz hallarından göründüyü kimi, cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən 0.05 ha torpaq sahəsini etibarnamə ilə iddiaçıya vermiş, iddiaçı həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmişdir. Sonradan tərəflər arasında hər hansı səbəbdən narazılıq yaranmış və iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsində özünə 0.08 ha torpaq sahəsi almış və qardaşına məxsus torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evini özü sökərək, bələdiyyədən aldığı torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etdirmişdir. Göründüyü kimi, iddiaçı məhz cavabdehin qanuna zidd hərəkətləri, yəni hədə-qorxu, yaxud cavabdehin evi sökməyə cəhd göstərən real hərəkətlərinin olmasını təsdiq edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddiaçı yeni ev tikdiyi dövrdə əvvəlki evin sökülməsi kifayət qədər əsas verir ki, evi o, yeni evin inşa edilməsindən ötrü materiallarından istifadə etmək üçün sökmüşdür. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səs yazısını cavabdehin şəxsi toxunulmazlıq hüququnu pozmadığı qənaətinə gələrək tədqiq etmiş, lakin cavabdehin evin sökülməsinə real zəmin yaradan danışıqlarının olmadığı müəyyən edilmişdir. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutları ümumi olaraq dəyərləndirərək belə hüquqi nəticəyə gəlir ki, iddia sübuta yetmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdehin ona vurduğu maddi ziyana görə 20000 manat və dövlət rüsumuna görə ödənilmiş 150 manat pul tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X1
Məhkəmə qərarları › İş №2(038)-36/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-36/2023
09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver