Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-362/2023 14.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X17 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X18 oğlunun katibliyi İddiaçı Masallı Regional X6 nümayəndəsi X2 iştirakı ilə. İddiaçı Masallı Regional X6 Cavabdeh qarşı 980,15 manat maddi ziyan tələbinə dair mülki işə, məhkəmənin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Masallı Regional X11 Cavabdeh 980,15 manat maddi ziyan tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı Regional X6 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının gözətçisi X7 verdiyi yazılı məlumat əsasında Mərkəzin əməkdaşları tərəfindən 08 mart 2023-cü il tarixdə Mərkəzin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında araşdırma aparılan zaman Yardımlı rayonu Şıxhüseynli kənd sakini X9 qanunsuz ağac kəsərək X16 aparılması faktı müəyyən edilmişdir. Əlisa Alışanov barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X21 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 980 (doqquz yüz səksən) manat 15 (on beş) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. 29 mart 2023-cü il tarixdə vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh bundan imtina etmişdir. Odur ki, həmin zərərin əvəzi olan 980,15 manatın cavabdehdən tutulması tələb olunur. İddiaçı Masallı Regional X6 nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, o, X15 X1 meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi vəzifəsində işləyir. O, 08 mart 2023-cü il tarixdə 4 saylı meşəbəyliyin 14 saylı dolayının meşə gözətçisi X7 xx.xx.2023-cü il tarixdə Yardımlı rayonu Şıxhüseynli kəndi ərazisində ağacların həmin kənd sakini olan X9 tərəfindən kəsilməsi barədə verdiyi məlumat əsasında 4 saylı meşəbəyliyin meşəbəyisi vəzifəsini icra edən X10 ilə birlikdə həmin əraziyə getmiş, kəsilmiş ağacları müəyyən edərək aktlaşdırmışdır. Məlum olmuşdur ki, həmin ağaclar X9 tərəfindən kəsilmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirdi ki, Masallı Regional X6 4 saylı meşəbəyliyinin meşəbəyəsi vəzifəsini müvəqqəti olaraq icra edir. O, 08 mart 2023-cü il tarixdə 4 saylı meşəbəyliyin 14 saylı dolayının meşə gözətçisi X7 xx.xx.2023-cü il tarixdə Yardımlı rayonu Şıxhüseynli kəndi ərazisində ağacların həmin kənd sakini olan X9 tərəfindən kəsilməsi barədə verdiyi məlumat əsasında X15 X1 meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi X5 ilə birlikdə həmin əraziyə getmiş, kəsilmiş ağacları müəyyən edərək aktlaşdırmışdır. Məlum olmuşdur ki, həmin ağaclar X9 tərəfindən kəsilmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirdi ki, Masallı Regional X6 4 saylı meşəbəyliyinin 14 saylı dolayının meşə gözətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Yardımlı rayonu Şıxhüseynli kənd sakini Cavabdeh onun gözətçi olduğu dolayda bir sıra yaş və inkişafda olan ağacları kəsmişdir. Sonradan o bu barədə X15 Təsərrefatı Mərkəzinə məlumat vermişdir. Əlavə olaraq X23 Alişanovun idarə etdiyi avtomobilin meşəlik ərazidə fotoşəkillərini çəkdiyini bildirirək, həmin şəkilləri də məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 08 mart 2023-cü il tarixli ziyanın hesablanması barədə aktdan və həcm-qiymət cədvəlindən görünür ki, cavabdehə 2 ədəd 5,99 m³ oduna görə 980,15 manat maddi ziyan hesablanmışdır. 08 mart 2023-cü il tarixli aktdan məlum olur ki, 4 saylı meşəbəyliyin 14 saylı meşə dolayının gözətçisi X8 Yardımlı rayonu Şıxhüseynli kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X16 aparması barədə məlumatı əsasında, həmin meşə dolayında araşdırma aparılmış, reyd keçirilən zaman meşə ərazisində 2 ədəd fıstıq cinsli yaş kökü üstə ağacın kəsildiyi aşkar olunmuşdur. Masallı X3 29 mart 2023-cü il tarixli məktubundan məlum olur ki, 980,15 manat maddi ziyanın ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. 13 mart 2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 4 saylı meşəbəyliyin 14 saylı meşə dolayının 23-cü kvartalında 2 ədəd fıstıq cinsli müxtəlif diametrli kök üstə yaş ağacları kəsdiyinə görə Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, cavabdehin hüquqa zidd əməli, həmin əməllə dəymiş ziyan arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən 01 mart 2023-cü ildə Yardımlı rayonu Şıxhüseynli kənd sakini Cavabdeh 4 saylı meşəbəyliyin 14 saylı meşə dolayının 23-cü kvartalında 2 ədəd fıstıq cinsli müxtəlif diametrli kök üstə yaş ağacları kəsmişdir. 08 mart 2023-cü il tarixdə həmin məlumat yerində araşdırılmış, həmin dolayda 2 ədəd 5,99 m³ odun aşkar olunmuşdur. Həmin ziyan 980,15 manat təşkil edir. Ona görə də iddiaçı həmin ziyan tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 980,15 manat maddi ziyan alınaraq Masallı Regional X6 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər 01 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə göndərilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X17
Məhkəmə qərarları › İş №2(038)-362/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-362/2023
14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver