Məhkəmə qərarları › İş №2(038)-384/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-384/2025

16.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-384/2025 16.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, ərizəçi İddiaçı «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum tarixində düzəlişin edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsini və ona ələvə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi Poladov X2 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum tarixində düzəlişin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işi öyrənib belə nəticəyə gəlirəm ki, ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. İddia ərizəsindən və Yardımlı Rayon Qeydiyyat Şöbəsinin 13 may 2025-ci il 3-16-5/8- 13-328/2025 nömrəli məktubdan görünür ki, Yardımlı Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1974-cü il tarixli 59 saylı doğum haqqında akt qeydində ərizəçinin doğum tarixini xx xxxxxxx 1956-cı il kimi qeyd edilmişdir. Ərizəçi müraciətində həmin aktda düzəliş edilərək doğum tarixinin 15 mart 1956-cı il kimi qeyd edilməsini xahiş etmişdir. «İnzibati İcraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsində qeyd olunur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının: 3-cü bəndində qeyd olunur ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, ərizə inzibati orqan olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Yardımlı Rayon Qeydiyyat Şöbəsinin hərəkətsizliyi ilə əlaqədardır. Qanunvericiliklə inzibati orqan hesab edilən Yardımlı rayon Qeydiyyat Şöbəsi inzibati orqandır və həmin orqanın fəaliyyətindən də irəli gələn məsələlərin həlli ilə bağlı qeyd olunan idarə tərəfindən edilən hərəkət inzibati hüquq sahəsinə aid olmaqla hakimiyyət tədbiridir. Belə olan halda isə məsələyə isə mülki məhkəmə icraatında deyil, inzbati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia tələbində qeyd olunanlar mülki ümumi məhkəmədə baxılmalı mübahisə olmadığından İddiaçı «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum tarixində düzəlişin edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinin icraata qəbulundan imtina edilməli, İddiaçı ərizəsində qeyd olunanlarla bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum tarixində düzəlişin edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı ərizəsində qeyd olunanlarla bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar