Məhkəmə qərarları › İş №2(038)-40/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-40/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-40/2025 15.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə üzrə banka 16.352,2 manat əsas, 1.004,91 manat faiz və 72,63 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17.429,74 manat və 142,29 manat ödənilməmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1, xx.xx.2023-cü il tarixli Bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17.5 faizlə 48 ay müddətinə 20.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqaviləəsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən X1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 16352.2 manat əsas borc, 1004.91 manat faiz borc, 290.5 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17647.61 manat borcu vardır. X1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 290.5 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 72.63 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2023-ci il tarixli 20-Z1-1-0-1086-23 saylı Kredit razılaşmasından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 17.5 faiz dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2023-ci il tarixli 20-Z1-1-0-1086-23 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasına məsuliyyəti öz üzərinə götürmüşdür. Kassa məxaric qəbzlərindən görünür ki, Cavabdeh1 5.000 və 15.000 manat olmaqla, cəmi 20.000 manat məbləğində pul vəsaitini İddiaçı ASC=dən qəbul etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 iddia verilən tarixə xx.xx.2023-ci il tarixli 20-Z1-1-0-1086-23 saylı kredit müqaviləsinə 16352.2 manat əsas; 1004.91 manat faiz; 72.63 manat cərimə borcu, borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 142.29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1, xx.xx.2023-cü il tarixli Bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17.5 faizlə 48 ay müddətinə 20.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqaviləəsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən X1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 16352.2 manat əsas borc, 1004.91 manat faiz borc, 290.5 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17647.61 manat borcu vardır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1, Cavabdeh2nın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi təmin edilməli və Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən 16.352,2 manat əsas, 1.004,91 manat faiz və 72,63 manat cərimə məbləğində borcu və dövlət rüsumuna görə 142,29 manat tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-ci il tarixli 20-Z1-1-0-1086-23 saylı kredit müqaviləsi üzrə 16.352,2 manat əsas, 1.004,91 manat faiz və 72,63 manat cərimə olmaqla, 17.429,74 manat və 142,29 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar