Məhkəmə qərarları › İş №2(038)-406/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-406/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-406/2023 26.10.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, Məhkəmə iclasının katibi katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Yardımlı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 13000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Sumqayıt şəhər 3 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdeh ondan 13.000 manat pul almış və xx.xx.2023-cü il tarixdə aldığı pulu qaytarmağa öhdəlik götürmüşdür .Həmin müddətdən bir neçə ay da keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır.Ona dəfələrlə xəbərdarlıq edilsə də,evinə rəsmi bildiriş göndərilsə də, pulu qaytarmaqdan imtina etmişdir.Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim edərək, İddiaçı ona qarşı 13000 pul tələbi barədə qaldırdığı iddianı qəbul etdiyini, maddi imkanı olmadığından borcunu vaxtında ödəmədiyini, iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan aşağıda göstərilən sübutları tədqiq etmişdir: 29 yanvar 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “borc alan” Cavabdeh 13000 manat məbləğində pul borc vermişdir. “Borc alan” xx.xx.2023-cü il tarixədək borcunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 129 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki hallarına əsasən İddiaçı və Cavabdeh arasında arasında 29 yanvar 2023cü il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Cavabdeh 13000 manat məbləğində pul borc olaraq verilmişdir. Müqavilənin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixədək borcunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda borclu Cavabdeh öhdəliyini layiqincə yerinə yetirməyərək kredit müqaviləsi üzrə hər hansı ödəniş etməmiş, nəticədə iddiaçıya 13000 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmış, Cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. O, kredit müqaviləsi üzrə ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bunun da nəticəsində xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 13000 manat borcu qalmışdır. Həmçinin qeyd edilən borc məbləği cavabdehin özü tərəfindən məhkəmə iclasında etiraf edilmiş və cavabdeh buna dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar